adalet.az header logo
  • Bakı -°C
07 May 2026 09:48
295
ƏDƏBİYYAT
A- A+

Yol gedən, yola gedən adam... - Pərvanə Bayramqızı yazır

Ondan yazmaya bilmədim.

İnsanlığı məcbur etdi. Laqeyd qalmaq mümkün deyil. İnsan son dərəcə mədəni, mehriban, həssas olsun, sən də bunu onun borcu imiş kimi qəbul edib dəyərləndirməyəsən – bu, insafsızlıq olar. Laqeydlik insanlığa yaraşmaz. Yaxşılardan, mənən zəngin olanlardan yazmaq lazımdır, gözəl keyfiyyətlərin qəhət olduğu bir vaxtda belə qənimət şəxslərin təbliği vacibdir. 

Bir insan nə qədər diqqətli, ədəbli ola ki, vaxtı olmadığı halda, ən vacib işin içində sonuncu cümləsini bitirməmiş ona gələn zəngi açıb danışa bilməyəcəyi üçün üzr istəyə. Süfrə başında olsa belə sonuncu loxmanı udub kənara çəkilə zəngə cavab verə:  "düşündüm ki, bəlkə, vacib lazımam" deyə. Telefona baxmaya bilər, onsuz da zəng edən şəxs həmin an onu görmür, zəngi eşidib açmadığını bilmir, amma o özü bilir bunu, ona görə də ürəyi, ədəbi, diqqəti saymazlıq etməyə yol vermir. Əgər yazdığın vaxt qəfil çıxmalı olubsa, imkan tapan kimi mütləq utancaq hisslərlə bağışlanılmasını istəyəcək. Heç kəsə qarşı yekəxanalıq etmir, gözəl xüsusiyyətləri ilə ətrafındakıların hörmətini, sevgisini qazanır. Həssaslığı, diqqətliliyi, ədəb-ərkanı, dosta qayğısı, düşüncə tərzi, həyata baxışı heyranlıq doğuracaq dərəcədədir. Əgər sənin dilindən çıxsa ki, "elə bildim burdasınız", birnəfəsə olduğunu zənn etdiyin yerə gələcək. Belə adamı necə çox istəməyəsən? Saatlarla söhbət edərsən, bir dəfə də olsun eqo duymazsan, bir dəfə də olsun "sən cəhənnəmə, hər şey mənim üçün yaxşı olsun" iddiası seziləcək rəftara yol verməz. Əksinə dostdan, müsahibdən özü nə qədər enerji alsa, beş qat ondan artığını ötürməyə çalışır. Elə adamlar var, səndən xoş söz, tərif gözləməsə də özün istəyirsən onu ağızdolusu tərifləyəsən. Haqqında danışdığım insan da belələrindəndir.
Yaxşılıq etməyi də, yaxşılıq edəni də sevir.

Hamı elə bilir, təkcə o ağrıyır, təkcə onun xəstəliyi təhlükəlidi və təkcə onun problemi var. O isə elə bilmir. Heç kəsin problemindən qaçmır. Dərd bölünəsi adamdır. Özü səni qaramatla yükləyib sakitləşib aradan çıxmır. Zəng edib söhbətə ah-ufla başlamır, çalışır eynini açsın. Azar-bezardan danışmır, əgər sən danışsan da sözünü ağzında qoymaz, kədərinə şərik olar, kömək etməyə çalışar. Nədən danışsan, dinləyir, ürəyindən olmasa da xətrinə dəyib sözünü kəsməz, çünki həm ədəblidir, həm də xeyirxah. Üstəlik eqoist də deyil. Nə qədər kədərli olsan, ovundurmağa bir mövzu tapıb təsəlli verir. Bir də görürsən, özünə gəlmisən. Adamı yazmağa həvəsləndirməyi də var; bax bu gözəl fikirdi, mütləq yaz, qalsın. 

Zərrədək xeyirxahlıq etsən, onu böyüdüb kainat boyda görəcək, pislik etsən, dava-savaşsız, sakitcə uzaqlaşacaq.
Layiq olduğu xoş sözü yazmaq üçün ad gününü gözləyəsi deyiləm ki. Elə olsa, söhbətim bir payız gününə qalar. (Mən də ki ölürəm, yaxşı adamlardan bəhs etmək üçün. Payızadək bağrım partlayar.) Yaxşı insanların hər gün ad günü olur, yəni onların varlığına hər gün sevinirsən. Cəmiyyətimizin əsl insanlara ehtiyacı var. O, savadlı, istedadlı, təcrübəli, bir sözlə yaxşı nümunədir. Yaradıcılığından, fəaliyyətindən ədəbiyyatşünaslar, bir də öz sahələrinin peşəkarları yazsınlar, mən onun insani keyfiyyətlərindən yazdım. Əslində, bu cür adamların haqqında söylənilənlər tərif sayılmamalı, reallığın ifadəsi kimi qəbul edilməlidir. Adam gördüyü, duyduğu, şahid olduğu gözəllikləri, yaxşı halları mütləq dilə gətirməlidir. Mən belə etdim. Onun şəxsiyyətindən, insanlığından yazdım.

İkimizdə də yaltaqlıq yoxdur, biz işimiz düşən adamları yox, insanlara qarşı mərhəmətli olanları çox istəyirik. Biz bizi sevənlərin sevgisindən sui-istifadə edib özümüzdən çıxmırıq, əksinə daha da sadələşirik. Biz dostuq, bir-birimizin yanında eqolarımızı qovuruq, bir-birimizin qayğımızdan bezmirik. Biz bizim özümüzə pislik edənlərdən yox, cəmiyyətə zərər vuranlardan inciyik.
Hərdən insanların mimikalarını müzakirə etməyimiz də var. Baxışlardan duyulanlarla xarakterdəki oxşarlığı tapmağa çalışırıq. Hissiyyatımızın bizi aldadıb-aldatması maraqlı görünür. Bir-birimizi sözümüzü kəsmədən, səbirlə, mədəni şəkildə dinləyirik. Fikrimizi sona çatdırmağa imkan veririk. Birdən hiss edirəm ki, bildiyim, lakin indiyədək heç kəsə demədiyim şeyləri bu şəxsə deyirəm. Görəndə ki, azca normanı keçib çox danışdım, tez üzr istəyirəm. Adam söhbətimə davam etməyim üçün şirnikləşdirici tərzdə: 

— Çox şirin danışırsan. — deyir. 

Di gəl bu sözdən sonra bildiklərini üyüdüb tökmə.

Mimikaların müzakirəsində çox vaxt eyni cür düşünürük. Müşahidələrimiz də, demək olar ki, eynidir, amma məndən fərqli olaraq onun təcrübəsi, şahidi olduğu hadisələr çoxdur. Birinin xüsusiyyətini üzündən bitdə-bitdə yığıb fikrini qətiyyətlə söylədi:

—Hiss edirəm ki, adama itin sözünü demək istəyir, özünü birtəhər yığır ki, əsl üzü bilinməsin. Yalandan formalaşdırdığı imici korlanar axı.

Heyrət etdim. O adama dərindən bələdmiş. (Burda “o” əvəzliyini vergüllə də oxuyun. “O”nun yerinə “həmin” sözünü yazmadım ki, durğu işarəsinin əhəmiyyətli olduğunu vurğulayım.

Bilmədiniz kimdən bəhs edirəm? Azər Qismətdən — Əməkdar jurnalist fəxri adını çoxdan almalı olan peşəkardan danışıram da.
Titullarını çırpıb tökəndə imzasında yalnız adı qalanlar da, titul yapışdırdıqca qopub düşən, təkcə imzasının şöhrəti bəs edənlər də var. Əziz dostum imzası ilə tanınanlardandır, şöhrətə ehtiyacı yoxdur. 

Azər Qismət daim məşğuldu. Nə vaxt zəng etsən səsdən bilirsən, ya qatardadır, ya da çəkilişdə. İşdə də mətnlərin içində itib-batır. Üstəlik kitabxanaya da gəlir. O, beynində xeyli ssenari, bir-birindən gözəl ədəbi nümunələr gəzdirir. Mənə elə gəlir, bütün bunlar ona ağırlıq edir, əgər yazı masasına keçib onlardan xilas olsa canı rahatlaşar. Vaxt ucbatından istedadından ədəbiyyat üçün istifadə edə bilmir. Hərdən düşünürəm ki, bəs bu nə vaxt bədii yaradıcılığa vaxt ayıracaq? Özündən soruşmuram, çünki işdən imkan tapa bilmədiyini bilirəm. Canım yanır ee dostuma, nə qədər işləmək olar? Adam istedadını ortalıqda qoyub iş dalınca qaçır. Yaradıcı adam üçün əlverişli mühit olmalıdır ki, o da qayğılardan azad olub özünü yaradıcılığa həsr etsin. O boyda istedadın istifadəsiz qalması təəssüf doğurur. Bizimkilər ona görə dünyaya səs salan əsərlər yaza bilmirlər ki, onların məişət qayğıları, iş problemləri var. Bunlardan (maddi çətinliklərdən) onları (qələm adamlarını) xilas edən olmur. İstedadla ömür vuruşa-vuruşa qalır, itirənsə ədəbiyyat olur. 

Yaşayın, yazın, yaradın, əziz dost, ədəbiyyat eşqinə yaşayın. Bir gün əsl yazıçı ömrü sürməyə başlayacaqsınız. Əsl yazıçı ömrünün necə olduğunu bilirsiniz...