Zakir Həsənov generalları topladı - Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi
Avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələri, həmçinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılması ilə bağlı tələb və tapşırıqlarını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müşavirədə Azərbaycan Ordusunun bölmələri tərəfindən keçirilən “Qisas” cavab əməliyyatı təhlil edilib. General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki mövcud əməliyyat şəraiti ilə bağlı göstərişlər verib.
Nazir Laçın dəhlizindən istifadə üçün yeni çəkilən yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Müdafiə naziri bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanılması məqsədilə qoşunların gündəlik xidməti-döyüş fəaliyyətinin, eləcə də keçirilən təlimlərin keyfiyyətinin və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsini tapşırıb.
Qoşunlarda aparılan qışa hazırlıq işləri ilə əlaqədar məsul şəxslərin məruzələrini dinləyən general-polkovnik Z.Həsənov dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə xüsusi diqqət yetirilməsini, o cümlədən döyüş texnikasının və silahların mövsümə uyğun istismara hazırlanmasının yüksək səviyyədə təşkil olunması barədə müvafiq göstərişlər verib.
Şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib. Nazir nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.
Müşavirənin sonunda gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını vurğulayan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sağlamlığının qorunması, qoşun xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsinin vacibliyini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb və qarşıda duran bütün tapşırıqların operativ həll edilməsini əmr edib.
Digər Xəbərlər
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41
"Bir-birimizin yanında olmağa davam edəcəyik" - İlham Əliyev
03 Aprel 2026 17:19


Bakı -°C

