06 May 2025 12:21
261
MÜSAHİBƏ

"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Çoxunuz xatırlayırsınız: 2020-ci ildə torpaqlarımız işğaldan azad olduqdan sonra qarabağlıların bir çoxu fərdi şəkildə el-obasını, kəndini, evlərinin xarabalıqlarını ziyarətə getdilər. Vətənlə 28 illik ayrılıqdan sonra görüşün ağır məqamları sosial şəbəkələrdə paylaşdıqca kədərimizin böyüklüyünü də yenidən dərk etdik.

Və günlərin bir günü bizi necə deyərlər, diri-diri öldürən bir video sosial şəbəkələrdə yayıldı. Evinə dönən köçkünün harayı bir anda gördüyümüz bütün ağır yüklü “görüş”lərin mahiyyətini bir daha qatılaşdırdı: O səs haray salır, üsyan edirdi: “ “Ay İsmayıl! İsmayıl, mən gəlmişəm, ay İsmayıl! İsmayıl, bir çölə çıx, ay İsmayıl!
Ay Firəngiz xala! Firəngiz xala, İsmayıl evdədi?Niyə cavab vermirsiz?Ay Ziyəddin! Ziyəddin, gəlmişik, ay Ziyəddin! Kim var evdə?!Ay Ziyəddin, niyə cavab vermirsiz adama?”

O səs bizi dondurdu yerimizdə! O köçkün özü də bilmədən 3 dəqiqəlik videoya 30 ildir rejissorlarımızın çəkə bilmədiyi bacarmadığı bir kadrı yaratmışdı Bu gün 30 illik həsrətimizi 3 dəqiqəlik videoya mükəmməl şəkildə sığdırmağı bacaran, açımızı naləsi ilə car edən o səsin, səsin yox, o nalənin sahibi ilə söhbətləşirəm. Kəlbəcər rayonunun Dalqılınclı kəndindən olan Vasif Qurbanov .
O nalənin üsyanın səbəbini soruşmağa ürək elədim: Nədir bizi varımızdan yox edən o hayqırtının səbəbi....?


- İtirdiklərim...


- Hamı itirib... Bütün Qarabağ, bütün Azərbaycan...

- Yox... 13 yaşlı uşağın əlindən alınan həyatının hayqırtısıydı o. Cənnət qoyub çıxdığım evimizin , kəndimizin xarabalıqlarının hayqırtısıydı, o. Boyuna baxıb sevindiyim, arxamda, yanımda görüb fərəhləndiyim qardaşım şəhid Zimistanın, şəhid əmioğlumun, şəhid bibioğlunun yoxluğuna olan hayqırtıydı,o. Yurd həsrətinə dözməyib bizi tərk edən atama, anama, nənəmə, bacıma ağıydı o hayqırtı. Rahat yaşamadığım uşaqlığım, fərqinə varmadığım gəncliyimin itkisiydi o hayqırtı...

- Şəhidimiz Zimistan haqqında Google axtarış sistemində məlumatlar yox dərəcəsindədir.Bəlkə bu gün onun haqqında ictimayyətə geniş məlumatlar verək. Ən azından qarabağlı olmayanlar da sənin hisslərini dərindən anlayar, Şəhidimizi tanıyar.

- Ömrü də, adı da Zimistan olan qardaşım anadan olanda möhkəm qar yağıbmış, ona görə adını Zimistan qoyurlar. Elə şəhid olanda da möhkəm qar yağırmış Murovdağda...


- Qar yağan gecə neçənci il imiş?


- Qurbanov Zimistan Səfəralı oğlu 1971-ci il oktyabrın 29-da  Kəlbəcər rayonunda anadan olub. Kəlbəcər rayonunun 2 saylı məktəbini bitirib.Hərbi xidmətini Ukraynada,  Nikoloyev şəhərində və Rusyanın Moskva şəhərində zirehli texnika taborunda cəkib. 1991-ci ildə Zimistan xidməti başa vurmağa 6 ay qalmış məzuniyyətə gəlir. Onda artıq ermənilər münaqişəni qızgın müstəvidə başlatmışdı. Zimistan ermənilərin bu həyasızlığından çox təsirlənmişdi deyə, geriyə - hərbi xidmətə qayıtmır.

- O vaxtlar, dünən kimi yadımdadır... Hər kəndin, hər şəhərin müdafiə dəstələri yaradılmış , gənclər, kişilər o dəstələrin tərkibində xalqı namərdəlrdən qoruyurdular.


- Bəli, Kəlbəcər özünü müdafiə batalyonu artıq var idi. Zimistan hələ əsgərliyə getməmişdən öncə AXC Qılınclı dayaq dəstəsinin üzvü kimi yeniyetmə yaşında ordu  yaranmamışdan öncə könüllü dəstələrlə sərhəd məntəqələrində keşikdə durardı. 1991-ci ildə qardaşım Cavanşir kimi Zimistanda könüllü olaraq həmin batalyona yazıldı. Bu arada qeyd edim ki,  1993-cü ildə düşmən yurdumuzu işğal edəndən sonra ailəmiz də  Ağsuya köçdü.


- Qardaşların döyüşü dayandırdı...?

- Yox , heç biri döyüşünü dayandırmadı. Əksinə , daha qanlı müharibəyə , savaşın ən qorxunc nöqtələrinə gedirlər. Yəqin ki, hərb tariximizə qanlı hərflərlə yazılmış Kəlbəcər əməliyyatını xatırlayırsınız... Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən birinə şahidlik edən Ömər aşırımı. Bilirsiniz 1993-cü ilin dekabrından başlanan əməliyyat acı sonluqla 12 fevralda bitdi. Döyüşdəki  xırda uğurlar onu və digər Azərbaycan əsgərlərini ruhlandırır. 

- Sonra...

-701 saylı hərbi hissənin 3 cü taborun kamandiri palkovnik Balay Nəsibov olmaqla tabor bir çox döyüş xidmətləri həyata keçirtmişdi. Qardaşım komandir (Spartak) Kamilin bölüyündə Ağdərə ərazisindəki kəndlərin postlarında düşmənə qarşı savaşlarda olmuşdur.Növbəti döyüş xidməti yeri kapitan Mürşüd Məmmədovun bölüyündə Söyüdlü postunda olub.

Həmin postda döyüş xidməti aparan zaman düşmənin hücum vertalyotu gözlənilmədən postun üzərinə iri çaplı silahdan atəş açaraq hücuma keçəndə iki nəfər döyüşçü yoldaşları hava hücumindan şəhid olmuş bu da Zimistanı çox sarsıtmışdı. Rayonun işğalından öncə komandir Nizami Bayramovun bölüyündə, Yellicə kəndinin Çalmalıdağ postunda xidmət edib. Döyüş yoldaşı Abdullanın, Ələsgər müəllimin dediyinə görə, həmin posta hücum edən düşmən ilə savaşda ani olaraq mühasirəyə düşmək vəziyyətinə çatanda sol cinahdan Zimistan özünü yetirir və sərrast atəş nəticəsində bir neçə düşməni məhv edərək yaranmış təhlükəni aradan qaldırdı.

.

Lakin həmin qeyri-bərabər döyüşdə əmioğlu Şahin itkin düşür və bir döyüşçümüz də Məzahir ağır yara alaraq döyüş meydanından çıxarılması mümkün olmadığına görə ölümcül halda düşmən əlinə keçir. Zimistangil bir neçə nəfər qalmış döyüşçülərlə məcbur qalaraq mövqelərdən geri çəkilirlər. Həmin zaman artıq Kəlbəcər ümumilikdə işğal olunurdu.

Zimistan Şahinin, Məzahirin,eləcə Xocavəndin Qaradağlı kəndində gedən döyüşlərdə şəhid olmuş bibisi oğlu Məzahiri və toyundan cəmi altı ay keçmiş müharibənin yaratdığı səbəblərdən faciəli surətdə öz əlindəki silahından açılan güllədən həlak olan polis nəfəri - xalası oğlu Natiqin ölümü ilə , üstəgəl yurd itkisi ilə də barışa bilmirdi.

1992-ci ildən döyüşlərdə olan qardaşı Cavanşiri də götürüb yenidən cəbhəyə yollanırlar.Hacıkənddə yenidən formalşmış əsasən Kəlbəcərlilərdən ibarət palkovnik Balay Nəsibovun kamandiri olduğu 3 cü taborda Murovdağ silsiləsindəki postlarda döyüş xidmətlərini davam etməyə başlayır. Məlum Murovdağ əməliyatında palkovnik Balay Nəsibovun komandiri olduğu 3- cü tabor Kəlbəcərin bir neçə yaşayış məntəqələrini və strateji əhəmiyətli olan yüksəklikləri düşməndən azad edirlər. Növbəti əməliyyata hazırlaşan zaman iki nəfər düşmən kəşfiyyatının döyüşçülərin aralarına sızıb və geri qayıtdığını görən Zimistan bunları görüb atəş açaraq onlardan birini yaralasa da, düşmən ərazidən qaçmağa nail olur.

Kapitan şəhid Mürşüd Məmmədovun qurupunda Zimistangil Qanlıkənd ərazisində hücumu davam etdirməklə 3 cü taborun kamandir əvəzi itkin şəhid kapitan Fehruz Allşovun ümumi tabeçiliyi altında Kəlbəcər Zod yolunda Çəpli kəndin ərazisində düşmənin kalon şəklində hərəkət edən şəxsi heyyətlərini o cümlədən 240 nəfərdən çoxunu məhv edilməsində və beş erməni zabitlərinin də əsir götürülməsinin iştirakçısı olmuşdur.Qardaşı Cavanşirin söylədiyinə görə Murovdağın qarlı,şaxtalı günündə görür ki,Zimistanın əynində buşlatı,başında papağı yoxdur.Soruşanda deyir gördüm bir əsgər donmaq təhlükəsindədir ona verdim ki,donub ölməsin. Başqa bir vaxt döyüşün ağır vəziyyətində əsgər düşüb dərin bir qar yığnağı olan çuxura və oradan çıxa bilmir.Zimistan bunu görüb silahın kəmərini açıb ona uzadaraq onu düşmən əlinə keçməsindən xilas edir.

- Zimistan özü nə vaxt şəhid olur?.

- Bu döyüşdən sağ çıxmır qardaşım...Fevralın əvvəlində  Cavanşir bizə xəbər etdi, Zimistanın şəhid olduğunu. Yanvar ayında şəhid olmuşdu. Amma  bizi ən çox bizi yandıran o olur ki, onun cəsədini həmin vaxt  döyüş meydanından çıxarmaq mümkün olmur. Ailəlikcə hamımız 1 aydan çox  Zimistanı soraqladıq, ata -anamın o anlar nə iztirablar çəkdiyini danışa bilmirəm... Söz tapa bilmirəm... Anam ölümü ona qəti yaraşdırmırdı...ağlaya -ağalaya yalvarırdı , az qala Zimistanı qınayırdı ki, hardasan, niyə harayımı eşitmirsən, niyə ananı unutmusan. Gəllll... Heç kəsin cürəti çatıb deyə bilmirdi ki, Zimistan əbədi yolçuluğundadır , geri dönməyəcək. Çöldə bir takkıldı, bir səs olanda ailəlikcə yerimizdən dik atılırdıq ki, birdən Zimistan gələr xəbərimiz olmaz... Elə günlərdə atamı-anamı heç bir təsəlli ovutmurdu, sakitləşdirmirdi. Nəhayət ölümündən 1 ay sonra Gəncə hospitalından martın 2-də tapdıq.  Cəsədə baxış zamanı məlum olur ki, qollarından, sinəsindən və başından 18 güllə, bədəninin müxtəlif yerlərindən isə 30 qəlpə yarası alıb. Gətirdik Zimistanı... Nəşi də uğrunda can verdiyi Kəlbəcər torpağına qismət olmadı... Ağsu şəhərində dəfn olundu.

Yadıma düşmüşkən deyim, bir dəfə Səngər TV- nin aparıcısı Aqil Alışovun təşkil etdiyi verlişdə və başda həmin dövrdə 701 saylı H/hissənin 3 cü taborun kamandiri olmuş Polkovnik Balay Nəsibovun verlişdəki çıxışların sayəsində 31 ildən sonra öyrəndim ki,məlum Murovdağ əməliyatında qəhrəmancasına döyüşüb şəhid olan qardaşım Zimistanın və onunla birgə qəhrəmancasına şəhid olan 12 nəfər zabit və əsgərimizin nəşini düşmənin bir neçə metrliyindən təxliyə edib çıxaran Mayor Adil Nağızadə, kapitan Akif Kamal,Leytenant Çıraq Bayramov və olarla iştirak edən adlarını bilmədiyim döyüşçülər olmuşdur. Onlara bir ömür minnətdarlığımızı bildiririk.


- Səhv etmirəmsə, Ağsu şəhərinin mərkəzi küçələrindən biri Zimistan Qurbanovun adını daşıyır. Sağ olsun ağsuluları, şəhidimizin adını əbədiləşdiriblər.. Subay idi...?


- Hə… Zimistanın o vaxt 22- 23 yaşı vardı. Xalqın o günündə evlənməyi heç ağlının ucundan da keçirmirdi. Amma istədiyi qız vardı...


- Zimistanin ən son döyüşündə şəhid olur, amma qardaşım Cavanşir onunla bir yerdə döyüşsə də, sağ qalıb. Hazırda qazidir. Cavanşirə qardaşının ölümü şox pis təsir etmişdi.Qardaşından əlavə Zimistan onun silahdaşı, səngər yoldaşı idi...


- Elə kəndimizin şəhidləri Muxtarov Mayıl Uğurlu oğlu , Allahverdiyev Famil Heydər oğlu,  Mehdiyev Mirzəli Yahya oğlu,   Bayramov Rasim Ələmdar oğlu, Məmmədov Məzahir Teymur oğlu, Qurbanov Şahin İmran oğlu, Həşimov Kərəm Əşrəf oğlu, Bəylərov Mahir Əmraslan oğlunun və nəhayət qardaşım Zimistanın simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm...


- Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin..

- İndi Əntiqə xanım, elə hesab edirəm bizim bu söhbətimiz 13 yaşımdan üzü bəri yaşadığım böyük dərd , kədər və sarsıntılarımın sizə və oxucularınıza göstərə biləcəyim kiçik bir hissəsi idi.. Çox kiçik bir hissəsi... Mənim o videodakı görüntülərdəki halımı yüz il danışsam bitməz... Bəli, səbəb danışa bilmədiklərimin də acısı-ağrısıdır....


- Sizin dərdiniz . bizim dərdimizdir... hər birimizin dərdidir. Təşəkkür üdirəm ki, həmsöhbət olduq...


 Söhbətləşdi: Əntiqə Rəşid