adalet.az header logo
  • Bakı -°C

 Bizdə həmişə sürücünü  günahkar sayırlar... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
74 | 2026-11-17 11:32
A- A+

Avtomobil idarə eləmək çox məsuliyyətli bir işdir. Çünki sürücü bütün hallarda diqqətli olmalı, baş verə biləcək qəza şəraitini öncədən hiss eləməli və bu vəziyyətdən çıxmağı bacarmalıdır! Təbii ki, bunlara əməl edən sürücü mənzil başına sağ-salamat çatır və sonda rahat nəfəs alır! Bunlar hamısı aydındır.

Amma aydın olmayan odur ki, bizdə   piyada vurularkən ( sürücünün günah oldu, olmadı) bütün hallarda məsuliyyət sürücünün üzərinə düşür! Bəs , belə ölüm hadisəsi baş verəndə  günahı olmayan sürücüyə qarşı niyə belə bir ədalətsizlik olmalıdır???

Axı bəzi hallarda belə qəza şəraitini piyadalar yaradır! Bu prosesdə təhqiqatçılar və müstəntiqlər də sürücünün yaxasından yapışır! Və yazıq sürücü də çıxış yolu tapa bilmir! Az da olsa, haqsızlıqla üzləşmiş sürücülər var! Və onların hüquqları çox vaxt qorunmur. Hansı ki, yeraltı və yerüstü piyada keçidi olan yerdə ,  təyin olunmayan yerdən keçən nə  qədər piyadalar var!

Düzdür, onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq  maddəsinə əsasən 20 manat civarında cərimə edilirlər! Çox gözəl! Amma pis odur ki, yeraltı və yerüstü  yerin bir addımlığında piyadanı maşın vurursa, yenə məsuliyyətə sürücü cəlb edilir! Belə hallarda sürücü niyə məsuliyyətə cəlb edilməlidir? Bax burda təhqiqatçılar və müstəntiqlər hadisəni araşdırarkən daha diqqətli olmalıdırlar! Hər küçə və prospektlərdə kameralar  mövcuddur! Kamera görüntülərinə baxmaqla  və digər istintaq hərəkətləri ilə hər şeyə aydınlıq gətirmək olar! Sadəcə olaraq burda bir qədər vicdan məsələsi var!

Yəni piyada həmin qəza şəraitini yaradıbsa və nəticədə avtomobil onu vuraraq ölübsə, buna görə sürücü niyə cinayət məsuliyyətinə cəlb edilməməlidir! Əksinə, o piyada cinayət məsuliyyətinə  alınmalıdır! Bir dəfə mənim qohumumu Bakinın Ziya Bünyadov prospektində maşın vurmuşdu. O , iki addımlıqdakı yolüstü keçidin deyil, axşam saatlarında nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi yerdən keçib və maşın da onu vurub.

Heç şübhəsiz ki, günah mənim qohumumda olmuşdu. Hadisəni törədən adamın qohum-əqrəbası  kəndə yaş yerinə gəlmişdi,  sürücünün bağışlanmasını istəyirdi. Rəhmət gedən qohumumun atası dedi ki, sizin uşaqda  heç bir günah yox idi, bütün günah mənim oğlumdadır, mən sizin oğlunuzu bağışlayıram! Bax belə! Günahı olmayan adamın üzərinə günah yıxmaq özü də böyük günahdır!  O böyük günahlardan Allah bizi qorusun! Və hər günahı da sürücülərin üzərinə atmayaq!!!

TƏQVİM / ARXİV