"Turan Tovuz" dalbadal üç oyundur qələbə qazanır. Özü də qapısından bir qol buraxmadan. Ən son komanda gəlib Bakıda "Sabah"ı məğlub elədi.
"Sabah" bu mövsüm ikinci yox, hətta birinci yerə - çempionluğa oynayan klubdur. Özləri ictimai formada etiraf etməsə belə. Niyə də oynamasın?
Əsas rəqibi "Qarabağ"la başabaş mübarizə aparır.
Büdcəsi bəlkə də 10 milyon manatı keçib.
Yaxşı baza, infrastruktur qurub.
Heyətində elə futbolçular var ki, onu bu gün Qurban Qurbanov da komandasında əsas heyətdə oynatmaq istəyər.
Usta bir baş məşqçisi var - Murad Musayev...
Amma komanda öz meydanında "Turan"a uduzur.
Əlbəttə, uduzmaq faciə deyil. "Turan"a uduzmaq da faciə deyil. Ona görə faciə deyil ki, idmanda udmaqla uduzmaq xeyirlə şərin daim bərabər addımlamağı kimi bir şeydir. Amma məsələ "Sabah"ın necə məğlub olması yox, "Turan"ın necə, hansı əziyyət bahasına qələbə qazanmasıdır.
Qələbə...
O heç vaxt göydən yerə zənbillə düşmür. Amma bizim futbolda indi də elə düşünənlər var ki, qələbə yerə məhz zənbillə düşür. Əlbəttə elə deyil. Əksinə göyə, yəni o uğura addım-addım, uzun pilləkənləri qalxan kimi qalxmaqla gedib özün çatmalısan: əziyyətlə, fədakarlıqla, səbrlə... və həm də vicdanla.
Vicdan...
Azərbaycan futbolu bu sarıdan illərdir əziyyət çəkir. Yoxsa vəzifəbazlıq, qohumbazlıq pərdəsi altında gizlənib "Turan" kimi komandanı uydurma bəhanələrlə düz 9 il Premyer Liqaya buraxmamağın adı vicdansızlıq deyildi, bəs nə idi? Amma haqq, gec də olsa öz yerini tapır, əlbəttə. Ona görə ki, vicdanını qoruyan adamlar da var. Və onlar var olduqca, bu ölkənin talantları da yox olmayacaq. Onda "Turan"ın yerli oyunçuları böyüyərək futbolumuzun siması olacaq. Ayxan Abbasov da işsiz qalmayacaq.
Ayxan Abbasov...
"Turan"ın indiki baş məşqçisi. Bundan əvvəlki klubunu tarixində ilk dəfə Avropaya çıxarsa da, elə tezliklə də həmin klubu tərəfindən hörmətsizcəsinə göndərilən bacarıqlı futbol adamı. Bu ölkəyə gətirilən xaricilərin milyonlarla manatın müqabilində edə bilmədiyini məhdud büdcəylə həyata keçirən adam.
Arxadan vurulmuş adam.
O zərbədən əyilməyib dik qalan adam.
Dik qalaraq KOMANDA yaradan adam.
Bizim adam.
Azərbaycana qalacaq adam...