Bir şeirin əhatə dairəsində - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
110 | 2025-02-06 12:35

Ölkənin ədəbi camiəsində hər sözün, hər misranın öz yeri olub və bundan sonra da olacaqdır. Yəni söz bolluğuna, kitab çapının və keyfiyyətinin hansı səviyyədə olmasına baxmayaraq, yerində, dəyərində olan söz elə yerində də, dəyərində də qalır. Onu laxlatmaq, tərpətmək, ona kölgə salmaq qeyri-mümkündür. Bunu adi məntiqlə, bir az da atalar sözü biçimində ifadə etsəm «Yel qayadan heç nə aparmır». Bax, bu mənada mənim üçün həmişə işıqlı, tər, ruhu, könlü oxşayan söz təkcə əlçatan deyil, həm də əlçatmazdı. Bu, bir kökü olan fikri iki yerə ona görə ayırıram ki…

Bəli, əlçatandı ona görə ki, gözümün önündədi, oxuyuram, görürəm, ləzzət alıram, hətta onun ləzzətini yaşayıram da.

Həm də əlçatmazdı ona görə ki, o, hər an ələ düşmür, hər an yaranmır, doğulmur, yazılmır. Bunu həm də hər adam yaza bilmir!..

Bax, bu iki məqamın baxış bucağı altında, əhatə dairəsində fikrə dalanda və yaxud kitablar arasında ruhən gəzişəndə özümdən asılı olmadan mütləq hansısa bir kitaba əl uzadıram, hansısa bir dərgini götürüb gözdən keçirirəm...

Elə bu anın içərisində əlimdə tutduğum bu kitab «Nar çiçəkləri» adlanır. Mən bu kitab barəsində mətbuatda müəyyən fikirlərimi diqqətə təqdim etmişəm. Amma bu gün bir sözə, yazıya dəxli olmayan hadisənin təsirindən içimə bir az rahatlıq qaytarmaq üçün əlimi uzadıb, necə  deyərlər gözüyumulu, baxmadan  götürdüyüm kitab «Nar çiçəkləri» oldu. Bilmirəm, bu, təsadüfdü, yoxsa, yaşadığımın təskinlik tələbi … Amma hər nə idisə, kitabı da açan kimi ilk diqqətimi çəkən «Sən də mənə Allahdan danışarsan…» şeiri çıxdı.

Şeiri oxudum və oxuya-oxuya da düşündüm ki, biz reallığı, gerçəkliyi, lap elə gözümüzün önündə olanı görə-görə nədən kənarda nəyisə axtarırıq, nəyisə, kimisə günahkar sayırıq və yaxud tərifləyib göyə qaldırırıq. Axı etdiyimiz bu hərəkətin, atdığımız bu addımın faydası, səvabı kimədi, nəyədi? Elə bu sualların içində bir fikir şimşək kimi özünü büruzə verdi. Məni özünə tərəf yönəltdi. Bax, onda bu şeiri təkrar bir də oxudum:

 

Bu göylər də nə zamandı susublar,

Qəmli sükut kainatı basıbdı.

Elə bil ki, göydən yerə baxan var,

Baxışı da, elə bil ki, azıbdı.

 

Elə bil ki, göydən yerə baxan var

Bir kədərli, bir qüssəli baxışla.

Görməsə də, baxdığını baxırlar,

Görünmədik sənə, bizi bağışla.

 

Sən də mənə Allahdan danışırsan,

Şeytan gəzir aramızda deyirsən.

Sən Allahın işinə qarışırsan,

Bu Allahdan axı nə istəyirsən?!

 

Şeytan gəzir aramızdaa deyirsən…

Nə olsun ki, guya nə dəyişəcək?!

Şeytan özü mələk idi deyəsən,

Şeytan özü doğma idi mələk tək.

 

Bu həyatın hər bir üzü belədir –

Ağ hardadır, qara harda – bilinməz.

Amma bir şey yada düşmür hələ də,

Amma çox şey yaddaşlardan silinməz.

 

Sən də mənə danışırsan Allahdan,

Göylər susub, yerlər susub zar-zar.

Heç bunlar görünərmi dərgahdan,

Amma yenə, elə bil ki, baxırlar.

 

Yəqin ki, siz də oxudunuz şeiri. Sizin nə düşündüyünüzü öz ixtiyarınıza buraxıb mənim düşündüyümü sizə çatdırmaq istəyirəm. Mən şeiri oxuya-oxuya klassiklərimizdən tutmuş bugünümüzə qədər ədəbiyyat məkanında önə çıxanlarımızı xatırladım. Onlara olan münasibətimizi yaddaşımda təzələdim və nədən qarayaxmalar, hətta təhqirlər yolunu tutduğumuzu azacıq da olsa hiss etdim. Gördüm ki, daha doğrusu, anladım ki, nə vaxtsa mələk olan şeytan cildini dəyişib adam olub. Bu şeytan adam mələklikdən qovulduğu üçün Allahın iradəsinə qarşı gedərək seçilənləri, sayqı dəyərləri önə çıxanları ləkələyir. İstəyir ki, hamını özünün təsiri altında saxlasın. Hamıya özü «ağsaqqallıq, ağbirçək»lik etsin və bir də istəyir ki, hamı onu tanısın. Onun itaətində olsun. Ona görə də öncülləri, daha yaxşıları ictimai müzakirəyə çıxarıb qınaq ünvanı etmək istəyir. Buna müəyyən zamanda da nail olur. Axı, o şeytandı. Onun kəsilməli barmağı öz işini görür!..

Şeiri oxuduqca mən poetik bir üslubda oxucuya çatdırılan Allahın varlığını və o varlıqla bəndə arasındakı körpünü də gördüm. Və daxilən öz-özümdə dəqiqləşdirdim ki, bizim əl açıb üz tutduğumuz bizə əl açmadan, bizə bəlkə də üz tutmadan, amma bizə qayğı, diqqət nəzərini əsirgəmir. Yaratdığını darda buraxmır. Və bir də yerli-yersiz rahatsız etdiyimiz,bəzən  (HƏTTA!!!)  küfr etdiyimiz Allahın harda olmasından asılı olmayaraq, həm də ağlımızda, ürəyimizdə olmasını tərəddüdsüz inamım möhkəmləndi. Axı, bu şeirdə də deyildiyi kimi, mən hər an hiss edirəm ki, kimsə göydən baxır. Deməli, kimsə göydən baxırsa, o, həm də hər şeyi görür və bilir.

Qaldı onunla təmas qurmaq istəyənə,məhz  bu  məqamda   onun dərgahına üz tutan unutmasın ki, mən göydən kiminsə baxdığını dəqiq bilirəm. Qoy bu bilgimə şübhəsi olan özü məni araşdırsın və mənim barəmdə bildiklərini Allaha danışsın.

Zənnimcə, altı bəndlik bu şeirdəki şəkil, görüntü və həm də həyat, yaşam məhz bu şəkildədir. Görmək istəyənlər mütləq görəcəklər.

R,S, Hə,düşünməyin ki. Unutdum, Xeyir  bu  an  məni  daxilən  Allahımla  məni  həmsöhbət  edən   şeirin  müəllifi   çox  hörmətli  Kamal Abdulladır.

TƏQVİM / ARXİV