Eks futbolçuların “bizim vaxtımızda” nağılı - Aydın BAĞIROV yazır

AYDIN BAĞIROV
3701 | 2022-06-09 11:10

Əfran İsmayılov Qol.az-a dünənki açıqlamasında şəstlə deyir: “Bizim vaxtımızda Qazaxıstan və Belarusu rahatlıqla uda bilərdik”. Vaqif Cavadov da deyir ki, “bizim vaxtımızda onları uda bilərdik”. O vaxt oynayan başqalarının da, onlardan əvvəl oynayanların ağzında bir söz var: "Bizim vaxtımızda..."

Əslində isə Əfranlar da, eləcə də bu gün oynayan nəsil də fikircə və bacarıqca Fransaya 0:10 uduzan futbolçuların davamçılarıdırlar.

***

Statistikaya baxırsan ki, İsmayılov 2010-2018-ci il aralığında millimizdə 40-a yaxın oyun keçirib, 4 seçmə mərhələnin də iştirakçısı olub. Və bu 4 mərhələnin sonunda millinin guya ən yaxşı göstəricisi bir dəfə sürünə-sürünə 4-cü yeri tutmaq olub. Başqa vaxtlar da 5, ya 6-cı yer... Və bu “uğuru” indiyə kimi futbolçusu da, məşqçisi də, AFFA-sı da minnətlə camaatın başına vurur. Xəbəri olmayan da elə bilər ki, bu futbolçular gürcülər, ermənilər kimi qrupda ikinciliyə, üçüncülüyə kimi yüksəliblər. Amma Əfran və başqaları deyir ki, “bizim vaxtımızda Qazaxıstan və Belarusu rahatlıqla uda bilərdik”.

Sizin – yəni Əfrangilin vaxtında həmin bu Qazaxıstan və Belarusdan da qat-qat zəif olan Lüksemburq vardı, indi də var. Onda FİFA-nın reytinqində bizdən bəlkə 50 pillə geridə idi. Amma Əfrangilin Azərbaycan millisi o vaxt həmin bu Lüksemburqu bir dəfə də olsun uda bilməmişdi. İndi bu bapbalaca Lüksemburq FİFA-nın reytinqində gəlib, bizi 36 pillə geridə qoyub. 

Özüm Lüksemburqun futbol infrastrukturunun canlı şahidiyəm. Bizim hətta “Səbail”in stadionuna həsəd apara bilərlər. “Düdelanj”ın baş məşqçisi mətbuat konfransını stadionun nimdaş stol və stulları olan... bufetində keçirirdi. Hələ futbolçularının gəlirlərinin bizimkilərdən 4-5 dəfə aşağı olmasını demirəm. Amma Qurban Qurbanovun sözü olmasın, Avropa beş irəli gedir, biz bir geri.

Çünki orda sistem var, bizdə sistemsizlik.

Buna baxmayaraq, nağıl uydurmaqda pərgarıq. Ümumiyyətlə, kim necə, hara qədər bacarırsa, insanları dolamaqla məşğuldur. Futbolçusu deyir, “bizim vaxtımızda Qazaxıstan və Belarusu rahatlıqla uda bilərdik”. Məşqçi Canni de Byazi qırmızıca bildirir ki, millidə inkişaf var. O inkişaf deyir, AFFA-nı idarə edənlərin də beyninə girir bu fikir. 

Ona görə də Rövnəq Abdullayevgilin dəstəsi elə onun təbirincə desək, bu fikirdədir ki, De Byazini qavalasağ,  yerinə kimi gətirəcəyik...

Aydın BAĞIROV
Email: [email protected]

TƏQVİM / ARXİV