ƏSRİN BƏLASI - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
50825 | 2021-08-12 09:58

Bu gün həyatımızı internet şəbəkələrsiz - facebook, "WhatsApp", telefonsuz... təsəvvür etmək çox çətindir.

Kompüter rəsmi təşkilatlar və iş yerlərinə 80-ci illərdə girdi, 90-cı illərdən isə evlərə ayaq açmağa başladı. İlk vaxtlar nəzəri olaraq kompüterin faydalı olduğu birmənalı şəkildə təsdiq edilib. İstənilən məlumatı, ünvanı, xəbəri asanlıqla tapmaqda bizə yardımçı olan internetin faydalarını danmaq mümkün deyil.

Amma bu faydalarla yarı-yarıya, bəlkə də daha çox, zərərləri olduğunu mütəxəssislər artıq SOS məlumatları həddinə gətiriblər.

Bəziləri internetdən yalnız lazım olan bilgiləri, informasiya və xəbərləri almaq üçün istifadə edir, kimisi isə bütün gününü çat, tanışlıq, erotika tipli saytlarda keçirir. Real həyatda özünü ifadə edə bilməyən, başqalarıyla münasibət qura bilməyən kopleksli bəziləri özünü bütünlüklə burda tapmış olur. və sabah oyanandan gecə yatanadək bu cazibədən uzaqlaşa bilmir. Bu gün Facebookda istənilən qədər tərbiyəsizliyi təbliğ edən açıq-saçıq saytlar, səviyyəsiz söhbətlər görə bilərik. Hər addımbaşı adları divarlara, avtobus oturacaqlarına, zibil qutularının üstünə həkk olunan bu saytlar əxlaqsızlığın əsas daşıyıcısıdı. Bilərəkdən yeniyetmə və gəncləri çox yanlış bir istiqamətə yönəldən həmin saytlar, Facebook səhifələri yeniyetmə və gənclərdə bu cür məsələlərə maraq yaradır. Mütəxəssislər internet forumların, sosial şəbəkədəki danışıqların gənclər üzərində böyük təsirə malik olduğunu deyir.

Araşdırmalara görə, yüzlərlə azyaşlı internetdə şantajın qurbanına çevrilir ki, bunun nəticəsində çıxılmaz vəziyyətə düşən yeniyetmə və gənclər intihara əl atır. Sosial şəbəkələr bu gün ailələrdə kütləvi surətdə nikahların pozulmasına da səbəb olmaqdadır. Nikahı pozmaq qərarına gələn cütlüklər, əsasən, ailədaxili maddi sıxıntılarını və xəyanəti səbəb kimi göstərirlər. Boşananların əksəriyyəti isə gənclərdir. İnternet yeniyetmə, gənclərdə dezadaptasiya problemini yaradır. Onlar daha çox özlərinə qapanırlar. Onların həyatdan gözləntiləri fərqli olur. Bu gün internet gənclərə, yeniyetmələrə seçim imkanı verir. Amma bəzən gənclər, yeniyetmələr bundan yanlış şəkildə istifadə edirlər. Bunun təsiri nəticəsində bir qism gənclər ailə həyatı qura bilmir, bir qismi də ailə həyatı quraraq onu qoruyub saxlaya bilmirlər. İnternetin canlı ünsiyyəti azaltdığını söyləyən psixoloqlar gənclər üçün virtual həyatın formalaşdığını deyir. Bu yolla insanların daha çox robot kimi davrandığı qənaətinə gəlirlər. Fikir versəniz görərsiniz ki, kriminal xəbərlər daha çox izlənilir. Gənc və yeniyetmələr hər hansı bir hadisəni analiz etməkdən daha çox onu izləməyə üstünlük verirlər. İnternet real əlaqələrin qırılmasına səbəb olur. Təəssüf ki, artıq gənclər üçn həyat virtuallaşıb. İnternet artıq onlar üçün bir dünya olub, nəinki gənclər, yaş həddindən asılı olmayaraq çoxları internetlə yaşayırlar. Virtual aləmdə onun sevgilisi, psixoloqu, həkimi, dostu, həmfikirləri, şairəsi, qohum-əqrəbası, hətta düşmənləri də var.

2000-ci illərdən sonra kompüterdə çat söhbətləri başlandı və bununla da kompüter-internet evlərə yol açdı və artıq bunun geri dönüşü yoxdu. Hər yeniliklə olduğu kimi, kompüter də xüsusilə ailə mühitinə fayda və zərərləri ilə birlikdə girməkdədir.

Kompüterin bu günə qədər reallaşan fayda və zərərlərinə baxaq.

Ailə mühitində kompüter savadlılığı zamanımızda əhəmiyyətli bir bacarıqdır. Bir neçə il sonra kompüter savadlılığı olmayan fərdlərin cahil insanlardan heç bir fərqinin qalmayacağı ortadadı. Yaxın zamanda xəbərləşmə, ticarət, ictimai xidmətlər kimi bir çox təməl funksiyalar internet mühitində həll ediləcək. Kompüter savadlılığı olmayan fərdlər bu sahəyə axan xidmət və funksiyalardan xəbərsiz olacaqlar və bu xidmətlərdən faydalana bilməyəcəklər. Ailə mühitinə alınan kompüter əvvəlcə ailə üzvlərinə bu söylədiklərim savadlılığı qazandıracaq.

İnternet bu gün bir məlumat mühitidir. Axtarıb tapmasını bilənlər üçün internetdə tapılmayacaq məlumat yox dərəcəsindədi. Burda bütün sahələr üzrə hər cür məlumata çatmaq mümkündü.

Kompüter televiziya, musiqi seti, müxtəlif filmləri vizual olaraq seyr edilə bilən, kompüter mühiti üçün hazırlanan yüzlərlə oyunun oynana biləcəyi, hətta heç tanımadığınız insanlarla qəhvə mühiti meydana gətirərək online oyunları oynaya biləcəyiniz müdhiş bir əyləncə vasitəsidir.

İnternet mühitində müxtəlif adam və qruplar tərəfindən yaradılan sərbəst forma mühitlərinə öz fikirlərinizi yaza bilmə, bu forumlarda qarşıya qoyulan fikirləri paylaşma, müxalif çıxma, mübahisə və müzakirə ifadə etmə imkanı var. Hətta özünə xüsusi veb səhifəsi meydana gətirərək görüş və düşüncələrini nümayiş etmə imkanı vardır.

İndi isə kompüterin zərərləri haqda bir neçə kəlmə. Mütəxəssislərin söylədiyinə görə, bir şəxsin bir, yaxud bir neçə telefon işlətməsi, sürəkli danışması bir çox fəsadlara - xüsusən də beyin xərçənginin yaranmasına səbəb olur. Kompüter asılılıq yaradır. 2000-ci illərdə yazı mühitində inkişaf edən qarşılıqlı söhbət daha sonrakı illərdə səsli və görünüşlü hala gəldi. Bu söhbətlər bir-birlərini heç tanımayan və ehtimalla heç tanımayacaq insanlar arasında inkişaf etdi. Söhbətlərin növünə baxıldığında xüsusilə cinsi məzmunlu və heç bir məhdudlaşdırmağa tabe olmadan inkişaf etməkdədir. Gerçək həyatda bir-birlərinin heç əlaqəsi olmayan insanlar bu mühitdə bir-birlərinin aşiqi halına gəlməkdədilər. Bu boş yerə zaman xərcləmələrinə səbəb olmaqdadır. Xüsusilə şagirdlərin və tələbələrin vaxt itkilərinə səbəb olmaqdadır. İnternet mühitində inkişaf edən bu söhbətlər zaman zaman axşamdan başlayaraq səhərdək davam edir.

Bir kişi bir qadınla bu mühitdə etdiyi söhbətlər  aylarla, illərlə   gecə səhərə qədər   davam edə bilir. Eyni kişilə qadını eyni yataq  da,  eyni  mənzildə  olsa bir-birləri ilə bu qədər maraqlanması mümkün deyil. Hətta  səhərə qədər sürən bu söhbətlər hər iki tərəfin gözlərinin zəifləməsinə, bellərində yırtıq əmələ gəlməsinə səbəb olur, amma onlar bu zərərlərdən təsirlənmirlər.

Zərərli və xüsusilə erotik məzmun üçün internet mühitində müxtəlif qanuni və texniki maneə törətmələr edilsə də, bu işlər nəticəsiz qalır. Bu mühit hər cür əxlaqsızlıq üçün sərhədsiz bir hala gəlib. Xüsusilə azyaşlı uşaqların bütün həyatlarında izsiz qalmayacaq zərərlər buraxır.

Son illərdə bu söhbətlər səbəbindən pis yollara düşən və ya yuvası yıxılan minlərlə ailə var və bu vəziyyət get-gedə artmaqdadır. Gənc qız və oğlanlar heç tanımadıqları adamlar tərəfindən beyni yuyularaq cinsi, siyasi, dini mövzularla aldanmaqdadırlar.

Bəzi məkanlara qumar qadağanı və ya idarəsi qoyulur. Amma internet mühitində qumara qadağan qoymaq və ya nəzarət etmək mümkün deyil. Bu mühitdə qumar təhlükəli ölçülərdə olmasa da gələcəkdə fiziki məkanlardan daha təhlükəli bir hala gələcəyi fərz edilir.

Facebookla bərabər "WhatsApp" da bu gün ən çox insanları məşğul edən internet şəbəkəsi sırasında xüsusi yer tutur. Bir çox mütəxəssislər son zamanlar yol-nəqliyyat qəzalarının səbəbkarı kimi məhz "ağıllı telefonları" və "WhatsApp"-ı göstərirlər. Statistikaya görə, yolda "WhatsApp"dan istifadə qəzanın baş vermə təhlükəsini 20 faiz artırmış olur. Yol nəqliyyat hadisələrində - qəzalarda "WhatsApp"-ın daha çox günahı var. Hər 10 qəzadan birinin sırf mesajlaşmalara görə baş verdiyini təxmin edilir.

Bəli, elmin, texnikanın inkişafı xeyiriylə bərabər zərərləri ilə də bizimlədir. Bəs bu zərərlərdən necə yaxa qurtarmalı? Aydındır ki, 18, yaxud 25 yaşlı övladınıza müsajlaşma, gecəni facebookda çox qalma - deyə bilməzsiniz. Artıq sizin övladlarınız üzərində belə hökmranlığınızın vaxtı keçib. Ancaq məsləhətimizi verə bilərik, amma belə yaşda bu asılılıqların təsirindən kimisə çıxara biləcəyimizə inanmıram. Ancaq azyaşlıları bu bəladan - beyin xəstəliklərindən, görmə problemlərindən, hərəkətsizlik üzündən yaranan digər xəstəliklərdən və psixi, əxlaqi pozğunluqlardan qorumaq üçün əlacımız yalnız ona qalır ki, evinizə aldığınız kompüteri uşaq və ya yataq otağına qurmayın, bütün ailənin birlikdə vaxt keçirdiyi, televiziya seyr etdiyi böyük oturma salonuna qurun, bununla övladınıza nəzarət etmə imkanı ola bilər. Uşaq otağına qurulan kompüterdə uşağınızın nə etdiyini bilə və idarə edə bilməzsiniz, amma siz tv seyr edərkən yanınızda kompüter qarşısında oturan uşağınız zərərli bir mühitə girməyəcək. Bu çox əhəmiyyətlidir. Çünki yuxarıda bəhs etdiyim kimi uşaq otağında uşağınızın hansı əxlaqsızlarla söhbət etdiyini, hansı saytlarda hansı mühitlərə girdiyini bilməniz və nəzarət etməniz mümkün olmayacaq. Unutmayın ki sizin uşağınızda maraqlı, cahil və hər cür pisliyə açıq bir fərddir.

Orda uşaq sizin qadağan etdiyiniz bir çox şeyi sərbəstcə edə biləcəyi mühiti tapacaq. Razı salma yolunu seçin, razısalma yolunun yanında kompüterdə müxtəlif cədvəllər, yazılar veb dizaynı kimi işlər verin və həll etməsini söyləyin, bunları etdiyində onları gözəl sözlərlə, lazım olsa maddi olaraq mükafatlandırın. Beləcə gözəl şeylər etməyə başlayacaq və hər gözəl şeyin arxasından xoşbəxt olacaq və yeni gözəl məşğul yollara sərf edəcək.

Ən önəmlisi isə məktəblərdə tədris olunan informatika dərslərində və başqa internet şəbəkələri haqqında məlumatlandırılarkən şagirdlərə kompüterdən istifadənin şərtləri, xeyri və zərəri, hətta təhlükəsi haqda bilgilər verilməli, gələcəkdə ondan düzgün istifadə etməyin yolları elə məktəb illərindən formalaşdırılmalıdır.

Məşhurlardan birinin dediyinə görə elm inkişaf etdikcə insanı vəhşiliyə doğru aparır. Buna bircə nümunə atomun kəşfini göstərsək, hər şey aydın olar. Bu gün insanı məhvə aparan sosial şəbəkələr dədaha bir nümunədir.

 

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV