“Qarabağ”ın yeri Bakı Olimpiya Stadionu deyil! - Aydın Bağırov yazır

AYDIN BAĞIROV
3479 | 2022-08-02 11:03

“Qarabağ”ın avqustun 3-də keçiriləcək “Ferentsvaroş”la avrokubok oyununa böyük maraq var. Bu yazını qələmə almağa hazırlaşanda Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə mənə dedi ki, artıq oyuna 28 min bilet satılıb. Təsəvvür edin, cəmi 2 günə. Bu, yəqin ki, bizim futbol üçün rekorddur.

Oyuna bilet ala bilməyən, buna görə klubdan inciklik, narazılıq edən azarkeşlərimizi də gərək anlayışla qarşılayaq. Əsas odur, ildə bir dəfə də olsa, tək futbol yox, bütün cəmiyyətimizdə belə futbol sevgisi yaranır.

Biz istəyirik ki, bu istək sönməsin, azalmasın. Biz istəyirik ki, uğur qazanan tək “Qarabağ” olmasın. “Neftçi”də olsun. “Qəbələ” də olsun”. “Zirə”də olsun...Bizim istəyimiz nədir? “Qarabağ”ın oyunları vaxtı “Tofiq Bəhramov”un, “Neftçi”nin oyunları vaxtı “Bakcell Arena”nın, millinin oyunları vaxtı 70 minlik Bakı Olimpiya Stadionun dolması... Amma dolmur, doldura bilmirlər. Hələlik bir tək “Qarabağ”ı çıxmaqla...

Onun oyununa kütləvi axın var. İki gündür Feysbukda belə fikirlərə də rast gəlirəm ki, azarkeş deyir, kaş “Qarabağ”ın bundan sonrakı matçları Bakı Olimpiya Stadionunda (BOS) keçirilsin. Başa düşmək olur. BOS-un “Tofiq Bəhramov” kimi 30 min deyil, 70 min tamaşaçı tutumu var. Bu gün isə nəinki onminlərlə, yüz minlərlə insanımız stadionda “Qarabağ”a canlı dəstək olmaq istəyir.

Bunun adı artıq futbol, komanda yox, xalq sevgisidir!

Amma...

BOS “Qarabağ” üçün uyğunsuz məkandır. Həm uyğunsuz, həm uğursuz. “Qarabağ” orda üst-üstə 6 qrup oyunu keçirmiş (2017 və 2018-ci illərdə) və cəmi 1 xal qazanmışdı. 2018-ci ildə isə komandanın istəyinin ziddinə olaraq AFFA təkidlə “Qarabağ”dan ev oyunlarını BOS-da keçirməsini istəmişdi. İşin ən heyrət doğuran tərəfi bu idi ki, o zaman klubu buna görə yüksək icarə haqqı ilə də yükləmişdilər. Həm xahiş et, komandanı zorla öz stadionuna apar, həm də utanıb-qızarmadan ondan pul istə...

O vaxt bu barədə bir yazım da olmuşdu Qol.az-da. SOCAR-dakılar yığışıb toplantı da keçirmişdilər. İndiyə qədər də mənimlə o və digər tənqidi yazılarıma görə kin saxlayırlar.

Qayıdım yenə BOS-a. İndi söhbət heç məsələnin maddi tərəfində də deyil. “Qarabağ”da istəyən olsa, oyunlarını yenə BOS-a təyin edər və biletdən yaxşı pul yığarlar. Amma məsələ də budur: istəmirlər! Birinci növbədə də Qurban Qurbanov istəmir. BOS əla arenadır, amma “Qarabağ” üçün deyil. Ona görə də illərdir klub Respublika stadionunu icarəyə götürüb və avrokubok matçlarını orada keçirir.

Komanda ruhən də, qəlbən də elə “Tofiq Bəhramov”a – Azərbaycan futbolunun bu məbədinə bağlıdır. O yaşıl meydanına, dillərdən düşməyən Qarabağ, Azərbaycan sədasının əskik olmadığı tribunalarına bağlıdır. Və belə də qalmalı, belə də olmalıdır. Ta “Qarabağ” doğulduğu Ağdama – ata-ana evi “İmarət”ə qayıdan günə qədər.

 

TƏQVİM / ARXİV