Mən "unut” sözünün alt qatını da gördüm
Yəqin ki, oxumuş, eşitmiş olarsınız, belə bir deyim var: Ağıllı adamlar söyləyib ki, oxumadığın qəzet, kitab, ümumiyyətlə istənilən yazı oxuduğun an təzədi, yenidi. Deməli, mən də hər dəfə kitab rəfimlə üz-üzə durub o kitabların səliqəsinə, düzümünə, hətta rəfdə tutduqları yerə diqqət yetirəndə, gözüm «yeni» kitaba sataşır. Əslində bu kitab yeni deyil, hətta bəzilərinin yaşı mənim yaşımdan da böyükdü, çoxdu. Lakin olub ki, bu və ya digər səbəbdən hansısa bir kitabı bütünlüklə oxumamışam. Bu mənada həmin kitabı götürəndə oxumadığım hissəni oxuyanda özümü yeni kitab oxumuş kimi hiss edirəm. Deməli, mövzuya girişi bu cür filosofsayağı başlamağım heç də səbəbsiz deyil. Ona görə ki, indi sizə təqdim edəcəyim şeirin yaşı 1981-ci ili göstərir. Kitabın yaşı isə 1993-cü ili.
Bu kitab söz məkanında, ədəbi camiyədə, mənə soz dərəcə doğma olan, ərklə Bacı dediyim Flora Xəlilzadənin ilk poetik toplusu, şeir çələngidir. Özü də bu kitab Floranın ruh ehtiyacından doğulub. Həmin ehtiyacın gücü, təsiri o qədər böyük olub ki, Flora kitabına da «Ruhumun ehtiyacı» adını veribdi. Maraqlı bir də burasıdır ki, kitab indi həsrətinə son qoyulan, amma bir vaxtlar qaçqınlıq yaşayan, didərginlik ağrısını bizlərə çökdürən, Şuşanın adını daşıyan «Şuşa» nəşriyyatında işıq üzü görüb...
Kitab rəfinin səliqəsinə diqqət yetirərkən birdən gözüm sataşdı «Ruhumun ehtiyacı»na. Öz-özümə düşündüm ki, bu kitabı mən niyə oxumamışam, niyə xəbərim olmayıbdır «Ruhumun ehtiyacı»ndan. Həmin suallarla da elə kitab rəfinin önündə cə başladım Floranın söz dünyasında gəzişməyə. Və ...
Şeirləri oxuduqca mənə tanış, doğma duyğuların, hislərin içərisində bu şeirlərin bir çoxunu zaman-zaman müxtəlif dərgilərdə, mətbu orqanlarda oxuduğumu xatırladım, amma bir şeirdə dayandım... Onu ilk dəfə oxuyurdum, bu mənim həmin şeir ilə ilk qarşılaşmam idi. Ona görə də təkrar döndüm həmin şeirə. O şeirin ovqatı da, pıçıltısı da, hətta aurası da mənim ruhumla səsləşdi və bir də gördüm ki, «Unut, unut» deyirəm öz-özümə. Öz səsimdən havalanmış kimi bir də oxuyuram. Flora yazıb ki:
Bu məhəbbət bar vermədi,
Unut məni, unut, unut.
Ömür-günə yar vermədi,
Unut məni, unut, unut.
Qəribədi, mən də nə vaxtsa unut demişdim özüm-özümə, amma kimi? Bax, onu yəqinləşdirə, dəqiqləşdirə bilmirdim, heç indi də bilmirəm kimə demişəm, niyə demişəm. Ona görə ki, bu dünyada unudacağım yalnız özüməm, onu da unutmuşam. Unutduğum günü də bilirəm, o gün SƏNİ gördüyüm, sevdiyim gündü. Məhz həmin gündən başladım özümü unutmağa. Və indi də elə həmin o dəlisov məntiqlə, o cilovsuz xəyalla öz-özümə deyirəm ki:
Canda canı tapan can
Candı cana hopan, can!
Solur candan qopan can –
Gəl, qoparma canımı!..
Deməli, candan can qoparmaq mümkün olmadığı kimi, o günü də, o anı da, o sevgini də unutmaq mümkün deyil. Doğrudu, Flora bir az hissə qapılır, bir az xanım yanaşması ilə öz istəyini ünvanına unutmaq adı altında, unutmaq pərdəsi ilə çatdırır. Bu, təbiidir. Xanımlar qəlbə dəyməyi, könül qırmağı ya etmirlər, ya da onu elə ustalıqla, məharətlə, hətta nəvazişlə dilə gətirirlər ki, ağrı min il gedir və bu min il yaşayan ağrı sonda Floranın misralarına çevrilir:
Gözlərində yaşa dönnəm,
Yollarında daşa dönnəm.
Baharında qışa dönnəm,
Unut məni, unut, unut.
Gördünüzmü, mən haqlıyam! Flora «unut» dediyi halda, qarşı tərəfə onun üçün nələrə hazır olduğunu da söyləyir. Bir növü yaraya məlhəm vurur, ağrının qan verməsinə sədd çəkməyə çalışır. Bu onun qələminin, həm də ürəyinin gücüdür. Və mən də bu qələmin, bu ürəyin gücünə bələd olduğum üçün bir az ona uyğun bir şəkildə öz məntiqimdə, öz istəyimdə qalıram:
Göz oxşadır tül ağa
Ağa quldu, qul ağa!
Sən qurumuş bulağa –
Gəl, aparma canımı...
Yəqin ki, mənim də nə demək istədiyim artıq sizə bəlli oldu. Elə həmin istəklə də ruhuna qoşulduğum Flora Xəlilzadənin cığırı ilə gedirəm. Gedirəm görüm o «unut» dediyini hara qədər aparacaq, hara qədər qovacaq və yaxud da harda «unutma!» deyəcək. Amma görürəm ki, Flora öz israrındadı və:
Gəl inanma çox vədlərə,
Çırpılarsan buz sədlərə,
Dözənməzsən hədələrə,
Unut məni, unut, unut.
Hiss etdinizmi, mən yanılmamışdım. Yəni o nöqtədə yanılmamışdım ki, Floranın «unut» deyən dili həm də ürəyinin pıçıltısını da çatdırmağa, ifadə etdirməyə gecikməyib. Fürsət düşən ki, xatırladıb ki, mən «unut» desəm də, məqsədim unutmaq deyil. Sadəcə sənin qarşılaşacağın məqamlara dözə bilməyəcəyini və sənə o anları yaşatmamağı bildiyimdən əminliklə «unut» deyirəm. Ağrısız, qayğısız yaşamağın üçün «unut» deyirəm. Təbii ki, bu, məntiq məni də düşündürür, məni də Floranın dediklərinə inandırır. O inamla da qayıdıram öz sərhəddimə, öz mövqeyimdən baxıram yenə və içimdən gəlib keçir ki, soruşum:
De ruhmusan, halmısan
Hansı anda qalmısan?
Özün pərən salmısan –
Gəl, torapla canımı!
Mənim verdiyim sual, söylədiyim təklif özü-özlüyündə Floranın göstərdiyi nəvazişə, diqqətə, həssaslığa, bir növü tabe olmaq, razılaşmaqdı, bir az da açıq desəm, mən də sənin ruhun, halın olmağını dəqiqləşdirməklə canımın canı olduğunu təsdiqləmiş oluram. O təsdiqin də bir nəzər nöqtəsi, bir ovunan yeri məhz Floranın söylədiyidi:
Dağ-dağ oldum bu yaşımda,
Nə sevdaydı bu başımda,
Qarğışlandın alqışımda,
Unut məni, unut, unut.
Bax, gəlib çatdıq, necə deyərlər son nöqtəyə. O nöqtəyə ki, Flora yaşadığını, ona yaşadılanı və özünün yaşamaq istəmədiyini «unut» deməklə yekunlaşdırır. Hər üç məqamda isə o unuda bilməyəcəyini də sözünün alt qatında gizlədir. Elə mən də. O üslubda, o baxış bucağında yazıram:
Hər yaşanan il sənə
Qurban deyib dil, sənə!
Göndərəcəm bil, sənə –
Mən çaparla canımı!
Budur, bu gün oxuduğum, özü də ilk dəfə oxuduğum şeirin məndə yaratdığı əks-səda, assosiasiya və bir də budur, Flora Xəlilzadənin şeir dünyasındakı özünəməxsusluğun ab-havası, nəfəsi və bir də onun ruhunun bir parçası olan söz çiçəklərinin ətri! Bu ətirdən mən xoş oldum. Yəqin ki, sizə də xoş olacaq!