24 Iyun 2023 09:15
48327
MƏDƏNİYYƏT

40 nəfərin xilas etdiyi, minarəsi Allaha çatan şəhər — Türkiyədən REPORTAJ

Dünyanı gəzmək istəyirsənsə, bircə Türkiyəni gəzsən kifayətdir.

Evliya Çələbi “Səyahətnamə”

Haradansa oxumuşam, ya da, bəlkə, özüm demişəm, bilmirəm: “Bütün səyahətlər insanın öz içinə olan səyahətidir”. Əslində, biz fiziki olaraq dağlara çıxanda, dəniz kənarına gedəndə, sıx meşələrdə, ağacların qardaş olduğu yerlərdə gəzəndə həm də öz içimizdəki dünyanı səyahət etmiş oluruq. Ona görə də gedilən hər yer, əslində, elə sənin özündən başlayır.

Türkiyəyə gedəndə də bu hissləri yaşayırdım. İlk dəfə tarix kitablarından, seriallardan gördüyüm ölkəni yaxından tanıyacaqdım. Məhz bu səbəbdən həyəcanlı, bir o qədər də sevincli idim.

 

Yol özü də bir vətəndir...

 

Türkiyə dünya mədəniyyətinin beşiyidir. Türkiyə bizim ikinci vətənimizdir. Azərbaycandan Türkiyəyə gedən yol da vətəndir. O yol da bizim öz evimizdir. Bəlkə də, bu səbəbdən Türkiyəyə gedəndə, özlüyümdə düşünürdüm ki, bura bizim hansısa doğma rayonumuzdur.

İyunun 19-u bir qrup jurnalist İstanbula səfərə çıxdıq. Fatih Sultan Mehmetin fəth etdiyi, könüllərin sultanı İstanbul. Kız kuləsi, Ayasofiyası ilə məşhur olan, iki qitəni birləşdirən şəhər. İstanbul, əslində, bir şeirin bir misrasıdır. Bəlkə də, özlüyündə bir şeirdir. Səması da, dənizi də, qağayıları da bu şeirin sözləridir.

Hər jurnalist fərqli-fərqli ölkələrdən idi – Kosova, Serbiya, Azərbaycan, Özbəkistan və Bolqarıstan. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi səfərin məqsədi Memar Sinan abidələri ilə tanışlıq idi. Türkiyənin mədəni, dini abidələrini görə-görə Türkiyəni qarış-qarış kəşf etdik.

Türkiyəyə, İstanbul hava limanına çatanda bizi əslən moldovalı olan tur rəhbərimiz Paulina qarşıladı. O, bizi müşayiət edərək avtobuslara apardı və oradan otelimizə yola düşdük. İstanbulun mərkəzində yerləşən bu gözəl oteldə istirahət edib, çaydan içə-içə, çörəkdən yeyə-yeyə oradan-buradan söhbət etdik və sonra tur rəhbərimiz bizi gedəcəyimiz ilk yerə apardı...

 

Rüstəm Paşa külliyəsi

 

Söhbət İstanbulun XVI əsrdə tikilmiş məscidindən gedir. Rüstəm Paşa camisi Türkiyənin İstanbul şəhərinin Fatih ilçəsinin Tahtakale ərazisinin Hasırcılar çarşısının önündə yerləşən Osmanlı camisidir. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid və onun altında yerləşən 2 karvansaray, çeşmə və dükanlardan ibarətdir.

Rüstəm Paşa Qanuni Sultan Süleymanın kürəkəni idi. İgid və döyüşkən bir sərkərdə kimi bir çox döyüşlərdə iştirak edən Rüstəm Paşa həm də Sultan Suleymanın ən sevimli kürəkənlərindən biri idi. Rüstəm Paşa Sultan Suleymanın Hürrəm Sultandan (Rokselena) olan qızı Mihrimah Sultan ilə ailə qurmuşdu.

Rüstəm Paşa 1561-ci ilin iyul ayında 61 yaşında qəflətən dünyasını dəyişir. Rüstəm Paşanın vaxtsız vəfatı çoxlarını üzmüşdü. Osmanlı sarayında bu ədalət şəxs üçün təziyyə məclisləri təşkil edilirdi. Memar Sinan sevdiyi bu sərkərdə üçün möhtəçəm bir cami inşa etmək qərarına gəlir. Cami 1561-ci ildən 1563-ci ilə tikilib başa çatdırılır. Məscid kompleksində hal-hazırda bir mədrəsə yerləşir.

Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə Hacı Xəlil ağa məscidi yerləşmiş, yeni külliyə bu məscid və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. 1555–1561 tarixlərində inşa olunan külliyənin yerləşdiyi bu səmt ticarət baxımından o illərdə olduqca qaynar nöqtə olmuşdu.

Məscidi gəzdikcə tur rəhbəri bizə onun tarixindən danışırdı. Onun danışdıqlarını elə bil məscid öz görünüşü ilə təsdiq edirdi: “Məscid düzbucaq planlı və tək gümbəzlidir. Yerləşdiyi səmt və 2 mərtəbəli strukturu ilə xüsusi önəm daşıyan bu külliyə eyni zamanda çinili bəzəmələri ilə də məşhurdur. Məscidin şimal cəbhəsində yerləşən nisbətən yüksək həyətə ikisi məscidin yanlarından, digər ikisi isə şərq və qərb künclərindən olmaqla 4 qapı açılır. Həyətin böyük bir qismi taxta tavanla örtülüdür. Tək şərəfəli minarəsi isə məscidin şimal qərb küncündə yerləşir”.

Məscidin çöldən görünüşü də ecazkardır. Xüsusən, gecələr İstanbulun səmasına işıqlı bir rəng qatır. Mənə elə gəlirdi ki, məscidin minarəsi İstanbulun əsrarəngiz səmasına doğru uzanıb və orada qələmlə yazıb: “Mən buradayam, İlahi!”

Məscidin şimal cəbhəsindəki həyətin altında 2 anbar və 8 dükan yerləşir. Məscid həyəti 15 daş sütun üzərində dayanır. Bu meydançanın altında və iki sıra ilə düzülən dükanların ortasında olduqca sadə görünüşlü çeşmə yerləşir. Bundan başqa məscidin İstanbul boğazına baxan cəbhəsindəki iki karvansaray və onların ətrafında yerləşən çoxlu sayda dükan da bu külliyəyə daxildir.

Dükanları gəzdikcə qulağımıza satıcıların xoş səsləri dolur. Onlar çığıra-bağıra eyni ahənglə bir-birinin sözünü kəsmədən şey-şüylərini satmağa çalışırdılar. Bu yer – İstanbulun bu qədim məkanı bizi əsrin əvvəllərinə, o dövrlərin qaynar vaxtlarına aparırdı. Bəlkə də, təkcə mən yox, hamımız XXI əsrdə olduğumuzu unutmuş və sanki Osmanlının ilk çağlarında özümüzü hiss etmişdik.

 

Kapalıçarşı

 

Tur rəhbərimiz deyə-gülə bizi daha bir sirli-sehri, qədim-qaim yerə apardı. Bura Kapalıçarşı idi. Adını tez-tez eşitsəm də, heç vaxt oranı görə bilməmişdim. Təkcə məkanın özü deyil, adı belə məndə qəribə hisslər oyadırdı.

Kapalıçarşı bir sözlə möhtəşəm sənət əsərini xatırladırdı. Tur rəhbərimizin dediyinə görə, bura türk mədəniyyətinin, folklorunun izlərini özündə daşıyır. Dünyanın ən qədim, ən bağlı sahəsi. Eyni zamanda ən böyük çarşı-bazarlardan biri olan Kapalıçarşı İstanbulun Eminönü səmtində yerləşir.

Fatih Sultan Mehmet tərəfindən inşa edilən Kapalıçarşı, damları və günbəzləri ilə örtülmüş dükanlarla əhatə olunmuş tarixi bir alış-veriş meydanıdır. Tarixdə “Çarsu-yı Kəbir” adlanan geniş ərazinin özəyini təşkil edir. 1461-cı ildə tikilən ilk üstü örtülü bazara Cevahir adı verilib və bu örtülü bazarın gəliri Ayasofyaya verilmək üçün Fatih Mehmetə hədiyyə edilmişdi. Sultan daha sonra burada müxtəlif dükanlar və ticarət köşkləri inşa etdirərək, bu bazarı dünya ticarətinin mərkəzinə çevirir.

Tur rəhbərimiz bazarı göstərə-göstərə əlavə edir: “Əsası 1461-ci ildə qoyulan Kapalıçarşı estetik dizaynı sayəsində nəhəng ölçülü labirintləri xatırladır. 60-a yaxın küçə və 3600-dən çox mağazası olan tarixi ticarət zonası ümumi sahəsi 30,700 kvadratmetrdir. İstanbulun həm turizm, həm də ticari mənada cazibə nöqtəsi kimi ifadə edilə bilər”.

Memarlıq abidəsinə bənzəyən qapalı bazar 15 ayrı hissəyə bölünüb. Hər bölmənin günbəzlə örtülmüş görünüşü var. Kiçik hücrələr divarlarının daxili hissəsində nəzərə çarpır. Bazar 50 günbəzlə əhatə olunmuş dizayndadır. Bu dekorativ örtülü çarşı günbəz dizaynı kimi türk memarlığının qabaqcıl nümunələrindən biridir. Bu iki mühüm örtülü bazar, bazarın daxili qalaları kimi təsvir edilir. Maraqlısı odur ki, bu bazar həm də saxlanc və yaxud bank rolunu oynayıb. Tarixçilər qeyd edir ki, bu bazar ilk illər inşa edilən zaman bazar daxilindəki daxıllardan, dəmir seyflərdən ticarətçilər öz pullarını, qiymətli əşyalarını, həmçinin sənədlərini qorumaq üçün istifadə edirdilər.

Günün hər saatında böyük bir izdihamla – elə indi də izdiham idi – diqqət çəkən Kapalıçarşıda qiymətli zinət əşyaları, silahlar, əntiq əşyalar, yemək və içki kimi bir çox fərqli sahədə mağazalar var. Bazardakı adlar həmin yerin əvvəllər nə üçün istifadə edildiyini ifadə etmək üçün kifayətdir.

Tur rəhbərimiz bu yerdə söhbətinə ara verib bizə baxır və sonra sanki bu məqamı xüsusi vurğulayaraq deyir: “Maraqlı məqam odur ki, bu bazarda bütün qapıların özünəməxsus adı var: Zərgərlər, Nuruosmaniye, Sepetçihan, Takkeciler, Tavukpazarı, Zenneciler, Beyazıt, Çarşıkapı, Çuhacıhan və Mahmutpaşa. Həmçinin bazarda olan küçələrin də öz iş prinsipinə görə adları var: Ağa, Altuncular, Acıçeşme, Aynacılar, Basmacılar, Çuhacıhanı, fesçiler, Hacıhəsan, Hacıhüsnü, İplikçiler, Kalpakcılar, Karakol, Kavaflar, Kazaz, Kolancılar, Kürkçülər, Lütfullahəfendi, Mercançıkmazı, Parcacılaral, Taççıqmazı, Parcacılaral, Taççularka, , Yüncühasan, Zenneciler. Bazar ərazisində çoxsaylı meyxanələr mövcud olub. Bu gün o meyxanələrin bəzisi öz fəaliyyətini davam etdirir: Ağa, Astarcı, Bodrum, Cebeci, Çuhacı, İçcebeci, Kapılar, Kaşıkçı, Kebapçı, Kızlarağası, Sarnıç, Sorguçlu, Yolgeçen, Zincirli və Övliya. Bazarda sağlamlıq mərkəzi, polis bölməsi, bütün bankların filialları və poçt şöbələri də fəaliyyət göstərir”.

Tur rəhbərimiz yorulmaq bilmədən bizə buranın tarını danışır. Biz o danışdıqca bazara ayrı gözlə baxırıq. Dediyinə görə, Kapalıçarşı kompleksi, əslində, böyük bir ticarət və iş mərkəzidir. Bazarın girişindəki Ağa Sokağı ilə Aynacılar küçəsi arasındakı ərazidə səyyar satıcılar fəaliyyət göstərir. Zərgərlər küçəsi ilə irəlilədiyiniz zaman zərgərlik emalatxanası kimi tanınan Zincirli Xan sizi qarşılayır. İkimərtəbəli bina olaraq inşa edilən Zincirli Xanda tarixin izlərinə şahidlik edən bir çox element var. Ölçüsü ilə heyrətləndirən Cevahir Bedesten kiçik sənətkarlarla məşğul olan kiçik dükanlara və bədii bəzək işləri ilə məşğul olan insanlara malikdir. Xüsusilə, Zenneciler küçəsinin çıxışından davam etdikdə xəttatlıq sənətkarlarının və antikvar dükanlarının möhtəşəm mənzərəsi göz oxşayır.

Tur rəhbərimiz gülümsəyərək deyir: “Daha bir maraqlı məqam isə, bazarın, əslində, bir şəhər olmasıdır. Burada çalışan və gələn qonaqlar üçün bütün infrastruktur var. Bazarda 5 məscid, 1 məktəb, 7 su çeşməsi, 10 quyu var. Bazara giriş üçün fərqli yerlərdə 21 qapı yerləşir. Eyni zamanda, bazarın içində 17 xan var. Bir məsələni xatırladım ki, Osmanlı dönəmində Kapalıçarşının içində yaşayanlar burdan kənara çıxa bilməzlərmiş. O zaman burda xarici ölkələrdən gələn dəyərli əşyalar satılırmış. Eyni zamanda, savaşlarda əldə edilən qənimətlər də burada alış-verişə çıxarılarmış. Kapalıçarşı həm də İstanbul zənginlərinin alış-veriş etdikləri ən məşhur məkan olub”.

Tur rəhbərimiz onu da deyir ki, hazırda bura, demək olar, qızıl məkanıdır. Türkiyənin qızıl bazarında Kapalıçarşı əhəmiyyətli yer tutur. Kapalıçarşı həm də mədəniyyətlərin birləşdiyi bir ərazidir. Burada ticarətlə məşğul olan onlarla xalqın nümayəndəsi ilə rastlaşmaq olar.

Elə bu bazara səfərimiz çərçivəsində 1920-ci ildən Azərbaycandan köç etmiş bir ailənin övladı ilə tanış olduq. Serdar bəy məşhur türk şirniyyatı ustası kimi tanınır. Serdar bəy bu bazarı daha çox bir mədəniyyət mərkəzi olduğunu qeyd edir. Bazarı gəzdikcə Serdar bəyin sözlərinin çox böyük həqiqət olduğunu görürük.

Fikir verdim ki, buradakı bir sıra köhnə evlərin qapısı bağlıdır. Onlar tarixi abidə sayılır və giriş ödənişlidir. Burda qeyri-adi və köhnə üslublu qiymətli əl işi olan xalıların satıldığını da görmək olar.

Tur rəhbərimiz qeyd edir: “Kapalıçarşı həm də tarixi filmlərin çəkildiyi məkandır. 24 saat fəaliyyətdə olan çarşıda nə istərsən, tapmaq olur. Kapalıçarşıya hər il 150 milyondan çox ziyarətçinin gəldiyini desək, bu məkanın nəhəngliyini dəqiq anlatmış olarıq”.

 

Şahzadə Mehmet məscidi

 

Əvvəlcə onu deyim bu məscidin çox möhtəşəm görünüşü var. Xüsusilə, yuxarıdan – quş baxışından baxanda məscidin möhtəşəmliyini daha da dəqiq görə bilirsən. Deməli, söhbət İstanbulda XVI əsrə aid məsciddən gedir. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir.

Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır.

 

Boza

Məscid səfərlərimizə ara verdik. Tur rəhbərimiz dedi ki, gəlin turumuza rəng qataq. Və bizə heç nə demədən əlini yelləyib işarə elədi ki, arxamca gəlin.

O bizi qədim, tarixi bir restorana gətirib çıxartdı – “Vəfa Bozacı”. Hələ də bəzilərimiz söhbətin nədən getdiyini bilmirdi. Ancaq mən başa düşmüşdüm. Tur rəhbərimiz bizi boza içməyə dəvət edirdi. Bəli, boza. Boza içki növüdür, buğdadan, su və şəkərdən hazırlanan xüsusi içkidir. Qəribədir ki, mən bu içki haqqında ilk dəfə Orxan Pamukun “Kafamda bir tuhaflık var” romanında rast gəlmişdim. Nobel mükafatlı türk yazıçı Orxan Pamukun bu romanından sonra ölkədə boza satışının artdığını demişdi. Romanın baş qəhrəmanı Mövlud gecəsini gündüzünə qata-qata boza satır, eyni zamanda Türkiyənin çalxantılı dövrünə şahidlik edir. O gündən bu yana boza içkisinin nə olduğu haqda çox baş sındırmışdım. İnanırdım ki, bir gün o bozadan içəcək və onda Türkiyəni daha yaxşı başa düşəcəm. Məncə, boza Türkiyəni öyrədən qədim içkidir.

Bozalarımızı içə-içə Türkiyənin, Osmanlının qədim tarixindən söhbət açdıq. Çöldəki qədimlik, içimizdəki yeni dövr bir-birinə qarışıb bizə qeyri-adi duyğular yaşadırdı.

 

Süleymaniye məscidi

 

Bəlkə də, gördüyüm ən böyük mədrəsə idi. Ucu-bucağı görünmürdü. Mənə elə gəldi ki, bu mədrəsə uzanıb-uzanıb, buludlardan da ötəyə – Allaha yetişə bilər.

Dənizin kənarında yerləşən məscid öz qədimliyini möhcəmcə qoruyurdu. Çox yüksək səviyyədə tikilmiş bir məscid idi. Ümumiyyətlə, ziyarət etdiyimiz məscidlərin hamısında havalandırma sistemi çox mükəmməl qurulmuşdu. Bayır nə qədər isti olsa da, məscidin içərisində istilikdən əsər-əlamət yoxdu, o istinin heç hiss etmirsən. Sanki bayır yay, içəri payızdır.

Tur rəhbərimiz məscid haqqında danışır, biz isə bu tarixi tikiliyə baxa-baxa məst oluruq.

Sultan Süleyman Qanuninin şərəfinə 1550-1558-ci illərdə İstanbulda Memar Sinanın layihəsi əsasında inşa edilən camidi.

Memar Sinanın şagirdlik dövrü əsəri olaraq qiymətləndirilən Süleymaniyyə camisi mədrəsə, kitabxana, şəfa evi, hamam, imarət, hazirə və dükanlardan ibarət Süleymaniyyə Külliyəsinin bir hissəsi olaraq inşa edilmişdir.

Tur rəhbərimiz qarşımızda tarixi vərəqləyirdi: “Süleymaniyyə camisi klassik Osmanlı memarlığının ən önəmli örnəklərindən biridir. İnşasından günümüzədək İstanbulda 100-dən çox zəlzələ olmasına baxmayaraq, caminin divarlarında ən kiçik çat belə yoxdur. 4 fil ayağı üzərində oturan caminin qübbəsi 53 metr hündürlüyündə və 27,5 metr səviyyəsindədir. Bu əsas qübbə Ayasofyada da olduğu kimi iki yarımqübbə ilə dəstəklənmişdir. Qübbə kasnağında 32 pəncərə var. Cami avlusunun dört küncünün hərəsində bir minarə yer alıb. Bu minarələrin camiyə bitişik olan ikisi üç şərəfəli və 76 metr yüksəkliyində, cami avlusunun şimal küncündə son camaat yeri giriş hissəsində divarın küncündə olan digər iki minarə isə iki şərəfəli və 56 metr hündürlüyündədir. Caminin içərisi qəndil tüstüsünü təmizləyəcək hava axımına uyğun inşaa edilmişdir. Yəni caminin içərisində yağ lampalarından çıxan hislərin tək bir otaqda toplanmasını təmin edən hava axımı əmələ gələcək şəkildə inşa edilib. Qəndilin hisi əsas giriş qapısının üzərindəki otaqda toplanaraq mürəkkəb hazırlanmasında istifadə olunub”.

Caminin qiblə tərəfində içərisində Qanuni Sultan Süleymanın və xanımı Hürrəm Sultanın olduğu hazirə mövcuddur. Qanuni Sultan Süleymanın türbəsinin qübbəsi ulduzlu səma görünüşü almağı üçün içəridəki metal lövhələrin araları almazlarla bəzədilib.

Caminin bəzədilməsi baxımından sadə quruluşa sahibdir. Mehrab divarındakı pəncərələr vitrajlarla bəzədilib. Mehrabın hər iki tərəfindəki pəncərələrin üzərində yer alan çini medalyonlarda Fəth surəsi caminin əsas qübbəsinin mərkəzində isə Nur surəsi yazılıb. Caminin xəttatı Həsən Çələbidir.

Süleymaniyyə camisinin 4 minarəsi var. Bunun səbəbi Qanuninin İstanbulun fəthindən sonrakı dördüncü padşah; bu dörd minarədəki on şərəfənin də Osmanlının 10-cu padşahı olduğunun işarəsidir.

Ən maraqlı məqam isə odur ki, tikintidə dəvəquşu yumurtasından istifadə olunub. Bu da içəridəki zərərli böcəklərin, həşəratların qarşısını almaq üçün düşünülüb. Xüsusilə, tur rəhbərimizin dediyi bu məqam mənim üçün çox maraqlı oldu. O dövrdə bu cür ağıllı bir ideya təkcə həmin dövrü deyil, bütün əsrləri əhatə edəcəkdi.

 

Kılıç Ali Paşa Kompleksi

 

Mədrəsələr elm və ixtiraları tarixin dərinliklərindən gələcək səhifələrə köçürən İslam sivilizasiyası üçün çox mühüm mərkəzlərdir. Bu səbəbdən Osmanlılar az qala hər məscidin yanında mədrəsə tikdirdilər. Bu şüurla İstanbulu yüzlərlə bənzərsiz əsərlə yenidən quran Memar Sinan, Tophanedəki Kılıç Əli Paşa Külliyesində mədrəsə də layihələndirib.

Kılıç Ali Paşa Kompleksi İstanbulun Tophane səmtinin mərkəzini təşkil edən bir yerdə yerləşir. Tophane mahalı İstanbulda xüsusi bir mövqeyə malikdir: Qalata ilə Beyoğlunu ayıran bir bölgədir. Kılıç Əli Paşa Kompleksinə məscid, hamam, türbə və mədrəsə daxildir. Kılıç Əli Paşa Kompleksinin yerləşdiyi bölgədə bir çox monumental əsərlər sakinlərə bölgənin köklü tarixini hiss etdirir.

Bunu göstərən başqa bir xüsusiyyət də şəhər divarının kompleksin düz qarşısında yerləşən və günümüzə qədər gəlib çatmış hissəsidir. Kompleksin cənubunda liman və onun ətrafı, limanı qidalandıran bölmələrin yerləşdiyi yer və küçələr yerləşir.

Tur rəhbərinin dediyinə görə, kompleksin ən əhəmiyyətli quruluşu olan Kılıç Əli Paşa Məscidi Memar Sinanın mühüm əsərlərindən biridir və plan tərtibatı baxımından tez-tez Ayasofya ilə müqayisə edilir.

Məscidin həyəti insanların boş vaxtlarında söhbətləşdiyi, namazdan sonra hüzur və xoş sözlər danışdığı yerdir.

Kvadrat planlı mədrəsə on səkkiz günbəzlə örtülmüş on yeddi hücrədən ibarətdir, onlardan biri girişdə, monastırlı həyətin ətrafındadır. Ortada böyük günbəzli sinif otağı var.

Hamam və mədrəsə ucuz olması üçün kərpic tir və daş hörgü ilə qarışıq texnikada tikilmişdir.

 

“Qalata Port”

 

Gəzdik, gəzdik, tur rəhbərimizin tarixi söhbətlərinə qulaq verdik və nə oldu? Təbii ki, acdıq. Hətta tur rəhbərimiz zarafatla dedi: “Ac ayı oynamaz”. Yəni ac vaxtı insana heç nə maraqlı gəlmir. Təsadüfi deyil ki, sənət də, tarix də aclıq vaxtı yox, asudə vaxtı, yəni doyandan sonra yaradılıb. Bu baxımından İstanbulu doya-doya gəzmək üçün, o tarixi tamamilə həzm etmək üçün əvvəlcə mədəmizin yanğısını söndürməliydik.

Tur rəhbərimiz bizi “Qalata Port”a gətirdi. Bu bölgə 1900-cü illərdən etibarən İstanbulun ən əhəmiyyətli sənaye nəqliyyatıdır. Burada Sedat Hakkı Eldem tərəfindən dizayn edilmiş anbarlar 1958-ci ildə inşa edilmişdir. 1982-ci ildə rayon turizm mərkəzi elan edilib. 1987-ci ildə yük gəmilərinin, 1988-ci ildə isə yük avtomobillərinin girişlərinin bağlanması səbəbindən anbarlar və gömrük limanları öz funksiyalarını itirməyə başlayıb.

Yəni bir sözlə, bura gəmilərin liman sahəsi olub. Bütün yük gəmiləri öz yolunu burada sona çatdırır və asudə nəfəs dərirmiş. Bura tarixi məkanların olduğu küçədə yerləşir. Bir çox layihəçini bu yer maraqlandırmış və nəticədə indi bura əvvəlkindən daha gözəl məkana çevrilib. İndi burada fərqli-fərqli dükanlar, otellər, restoranlar fəaliyyət göstərir. Tur rəhbərimiz dedi ki, İstanbulun, bəlkə də, ürəyi buradır. Buranı görmədən, buradakı ləziz təamları yemədən Azərbaycana qayıtmaq yoxdur. Hamımızın üstündə xoş bir yorğunluq və bir azca da aclıq vardı. Bir azdan bu yorğunluq da, bu aclıq da İstanbulun yeməkləri, məkanları ilə aradan qalxacaqdı...

 

Ədirnə. Kırklareli

 

Səfərimizin üçüncü gün yenə bizə yol göründü – bu dəfə isə İstanbulu tərk edir, yerinə isə daha gözəl bir yerə gedirdik. Ədirnəyə! Tarixi Ədirnə!

İlk dayanacağımız isə Kırklareli!

Qədim, antik dövrün qalıntılarını özündə saxlayan bir əyalətdir Kırklareli! Əfsanəyə görə, bura Buz dövründə sular altında qalıb. Neolit dövründə ilk insan izlərinin burada üzə çıxdığı məlum olub. Keçid bölgəsi olması səbəbilə Roma və Bizans dövrlərində çoxlu istilalara məruz qalan Kırklareli ilk dəfə 1363-cü ildə I Muratın dövründə Osmanlılar tərəfindən ələ keçirilib. Bu tarixdən bəri uzun bir sülh prosesi yaşayan Kırklareli, Balkan müharibəsi və Birinci Dünya Müharibəsi zamanı bolqarların, yunanların işğalına məruz qalıb. Böyük zülm çəkən Kırklareli, nəhayət, 10 noyabr 1922-ci ildə azadlığını qovuşub.

Biz həmin tarixi keçid yerini gözlərimizlə gördük. Yerli əhalinin “Daş körpü” dediyi yer. Çox möhtəşəm körpüdür bu. O körpü Kırklarelinin başına bəlalar gətirib. Saysız-hesabsız döyüşlər, yaralılar, ölülər, işğal və sonra azadlıq! Sokullu Mehmet Paşa Körpüsünü deyirəm. İstanbul-Ədirnə asfalt yolu üzərində Lüleburgaz çayının üzərində, Lüleburgazın Ədirnə çıxışının kənarında yerləşir və 1569-1570-ci illərdə Sokullu tərəfindən Memar Koca Sinan tərəfindən istifadəyə verilmiş Lüleburgaz Sokullu Mehmet Paşa Külliyesi ilə birlikdə inşa edilmişdir.

Kırklarelini, bu balaca qəsəbəni Avropanın hər hansısa bir şəhərinə bənzətdim. Yığcam, balaca evlər, az insan, qədimlik! Bütün bunlar insan mənəvi dünyasına rahatlıq verirdi. Yerli sakinlərin, demək olar, çoxu Bolqarıstandan, Yunanıstandan gələn türklər idi. Rəvayətə görə, bu yerləri “qırx axınçı” düşmənlərdən xilas edib. Ondan sonra burada yaşayan xilaskarlar nəsillərini artırıblar. Hazırda yaşayan ailələr öz biznesləri ilə məşğuldurlar. Evlər, “konak”lar şəklində restoranlar şəbəkəsi! İçəri daxil olursan və restorandakı işçi heyəti ilə tanış olursan. Kimsən? Ata. Kimsən? Oğul. Daha sonra ana, qızı digər ailə üzvləri gülümsəyərək səni qarşılayır. Ümumiyyətlə, burada məskunlaşan insanların üzündə yorğun, amma xoşbəxt təbəssüm gördüm.

 

Selimiye məscidi

 

Osmanlı dövlətinin ilk paytaxtlarından biri olan Ədirnəni ziyarət etdik. Ədirnə sadəcə tarixin özüdür. Çoxsaylı qədim abidələri, camiləri ilə dünya tarixinə öz töhfəsini verib. Bir şəhər, bir tarixin özüdür desək yanılmarıq. Təkcə Səlimiyyə məscidi gəzmək, görmək kifayət edir ki, tarixin izini, türk toplumunun buradakı möhtəşəm işlərini görəsən. Ədirnədə olan Səlimiyyə məscidi Osmanlı sultanı II Səlim tərəfindən verilən göstəriş əsasında türk dünyasının məşhur memarı Sinan tərəfindən inşa edilib.

Memar Sinan bu məscidi inşa edərkən 90 yaşında idi. Məhz buna görə bu məscidi “ustalıq əsərim” adlandırırdı. Səlimiyə Məscidi istər Memar Sinanın, istərsə də Osmanlı memarlığının ən əhəmiyyətli əsərlərindən biridir.

Məscidin qapısındakı kitabəyə görə inşasına hicri təqvimlə 976-cı ildə (miladi təqvimlə 1568-ci) başlanıb. Məscidin 27 noyabr 1574-cü il cümə günü açılması planlaşdırılsa da, ancaq II Səlimin ölümündən sonra 14 mart 1575-ci ildə ibadətə açılır.

Bu gün şəhərin mərkəzində yerləşən məscidin olduğu yerdə inşasına Sultan I Muradın dövründə başlanan, sonradan İldırım Bəyazidin davam etdirdiyi Ədirnənin ilk sarayı (Saray-i Cəld) və Baltacı Gözətçiləri Qışlası yerləşirdi. Övliya Çələbi bu yerdən Qovaq Meydanı deyə ğz əsərlərində bəhs edirdi . Məscid açıq havalarda Rodop dağlarından və Uzunkörpünün Süleymaniyə kəndindən görünür.

2000-ci ildə YUNESKO-nun Ümumdünya irsi müvəqqəti namizəd siyahısına daxil edilən Səlimiyyə məscidi və kompleksi 2011-ci ildə Ümumdünya irsinə salındıb. Səlimin məscidin inşa edilməsi üçün niyə Ədirnəni seçdiyi qəti olaraq bilinmir. Övliya Çələbi “Səyahətnamə” adlı əsərində padşahın yuxusunda Məhəmməd peyğəmbəri gördüyünü və onun özündən Kiprin fəthi xatirəsinə bir məscid tikdirməsini istədiyini yazır. Ancaq Kiprin məscidin inşasına başlanmasından üç il sonra 1571-ci ildə fəth edildiyi məlum olduğundan bu iddia əsassız görünür. Bu mövzudakı daha dəqiq məlumatlarda isə o dövrdə İstanbulda yeni bir böyük məscidə ehtiyac olmadığı, Ədirnənin Rumelidəki Osmanlı idarəçiliyinin mərkəzi mövqeyində olduğu və Səlimin gənclik illərindən bəri şəhərə xüsusi sevgi bəslədiyinə diqqət çəkilir.

Təpənin üzərində yerləşən Səlimiyyədə əvvəlki heç bir məsciddə, ya da qədim dövr məbədində görülməyən bir texnikadan istifadə edilmişdir. Əvvəlki qübbəli strukturlarda, əsas qübbə pilləli yarım qübbələrin üzərində yüksəlməsinə baxmayaraq, Səlimiyə məscidi 43,25 metr yüksəkliyində, 31,25 metr diametrində, tək bir qübbə ilə örtülmüşdür. Qübbə 8 sütuna söykənən bir kasnak üzərinə oturdulmuşdur. Kasnak, filayaklarına 6 metr genişliyində kəmərlərlə bağlıdır. Memar Sinan bu şəkildə örtdüyü daxili məkana verdiyi genişlik və rahatlıqla birlikdə məkanın asanlıqla anlaşılmasını təmin etmişdir. Qübbə eyni zamanda məscidin xarici görünüşünün əsas xətlərini də müəyyən edir.

Məscidin dörd tərəfində yerləşən hər biri üç balkonlu 380 santimetr miqyasındakı minarələr 70,89 metr yüksəkliyindədir. Minarələrin şpillə birlikdəki yüksəklikləri bəzi qaynaqlara görə 84, bəzilərinə görə isə 85 metrdir. Cümlə qapısının iki tərəfindəki minarələrin balkonlarına üç ayrı nərdivandan çıxılır. Digər iki minarə isə tək nərdivanlıdır. Öndəki iki minarənin daş oymaları çuxur, ortadakı minarələrin oymaları isə qabarıqdır. Minarələrin qübbəyə yaxın olması, məscidin göyə doğru uzanması təsəvvürünü yaradır. Bu məscidin ən vacib xüsusiyyəti Ədirnənin hər tərəfdən görünməsidir.

Məscidin mərmər, çini və xəttatlıq işləmələri də əhəmiyyətlidir. Binanın içi İznik çiniləriylə bəzənmişdir. Böyük qübbənin tam altındakı hökmdarın namaz yeri 12 mərmər sütunludur və 2 metr yüksəkliyindədir. Çinilərin bir qismi 1877–1878 Osmanlı-Rus müharibəsində rus generalı Skobelyev tərəfindən sökülərək Moskvaya aparılmışdır.

Binanın şimala, cənuba və həyətə açılan 3 qapısı vardır. Daxili həyət rəvaqlar və qübbələrlə bəzənmişdir. Həyətin ortasında mərmərdən diqqətlə işlənmiş su bulağı vardır. Xarici həyətdə isə dini məktəb, darül-qurra (gözəl Quran oxumanın öyrədildiyi məktəb), darül-hədis, mədrəsə və imarət vardır. Dini məktəb hazırda uşaq kitabxanası, mədrəsə isə muzey olaraq istifadə edilir. Keçmişdə məscid məşəllərlə işıqlandırılırdı. Məşəllərdən çıxan his hava axını yaradan xüsusi dəlikdən çölə çıxırdı.

Rəvayətə görə, məscidin tikiləcəyi ərazidə lalə bağçası var idi. Bu torpağın sahibi əvvəlcə onu satmaq istəmirdi. Nəhayət, torpağın sahibi Memar Sinandan məsciddə lalə motivinin əks olunmasını istəyir və bundan sonra torpağı satır. Memar Sinan da lalə motivini tərs şəkildə əks etdirmişdir. Lalə motivi bu torpaqda lalə bağçasını təmsil edir, tərs şəkildə əks olunması isə torpaq sahibinin tərs bir insan olduğunu göstərir.

Tarix yaşayır. Bu gün Ədirnədə olan çoxsaylı abidələrdən ən şah əsəri Sulataniyyə məscidi olduğunu deməliyik. Məsciddə hazırda təmir bərpa işləri gedir. Məsciddə olduğumuz ərəfədə burada olan muzeylə də tanış olduq. Osmanlı, türk tarixinin bütün incəliklərini xüsusi maketlərlə izah edən bu muzeyi danışan tarix adlandırmaq olar.

 

Son

Səfərimizin sonuna çatdıq. Oteldən ayrılıq tarixi Ədirnənin özünə xas olan ciyərini yemədən getmək olmazdı. Bu gözəl təamın dadı bir başqa aləm idi. Gözəl xatirələrnən ayrılıb hava limanına üz tutub, qardaş ölkədən xoş xatirələrlə Vətənə dönürük.

 

Sübhan Mahmudov

Türkiyə / İstanbul / Ədirnə