adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 13:30
71
GÜNDƏM
A- A+

"Ailə institutunun məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir" - Komitə sədri

"İctimai mənəviyyat və milli-mənəvi dəyərlər qorunmadıqda, torpaq, vətən və milli kimlik itirilir.  Sosial şəbəkələrdə qeyri-əxlaqi paylaşımlar, məzmunlar, hekəyələr və süni intellekt əsaslı  botlar, klik beytlər müasir müharibələrin yeni növüdür".

Adalet.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, cəzasızlıq mühiti sosial şəbəkələri bəzən antiailə və antiəxlaq platformasına çevirir: "Mədəni aşınma ərazi bütövlüyü təmin olunan ölkənin mənəvi suverenliyi üçün təhlükəyə çevrilir. Əxlaqsızlıq normaya çevrildikdə, aqressiya və laqeyidlik artır, vahid millət yox, xaotik kütlə formalaşır. Ailə institutunun və əxlaq normalarının məhv edilməsi 21-ci əsrin ən böyük müharibəsidir. Gənclərin davranış modellərinin deformasiyası məhz gördüyünü təkrarlayan, “trend” olanı norma sayan, qeyri-etik davranışı “cəsarət” kimi təqdim edən, yanlış qəhrəmanlar seçən, nəsillərarası böhrana səbəb olan bir gerçəklik formalaşdırır. Mənəvi dəyərlər milli kimliyin sütunudur. Onlar zəiflədikdə, dilə, adət-ənənəyə, ailəyə münasibət dəyişir, yad modellər düşüncəsiz surətdə köçürülür, “zorakılıq, narkomaniya, cinsi istismar artır. İnsan mənəviyyatını təhqir edən, cəmiyyətə hörmətsizlik göstərən, əxlaqsız ifadələr səsləndirən şəxslərin cəzalandırılması tələbi əslində cəmiyyətdən gəlir".

Z.Oruc qeyd edib ki, problem təkcə etik çərçivələrin pozulması deyil, sosial şəbəkələrin müxtəlif cinayətlərin alətinə çevrilməsidir:

"Xüsusilə, "Telegram" kanalları və "TikTok" platfromasında nəzarətsiz mühitdə insan alveri, cinsi istismar və qeyri-qanuni vasitəçilik üçün geniş imkanlar yaranıb. Belə  fəaliyyətlər fərdi pozucu davranış yox, təşkilatlanmış şəbəkədir. Dövlətin müdaxiləsi senzura deyil, ictimai təhlükəsizliyin qorunmasıdır. Anonimlik cinayətkarlar üçün örtük rolunu oynayır. İnsan alveri ilə bağlı elanların açıq şəkildə paylaşılması hüquqi boşluqların mövcudluğunu göstərir. Təəssüflər olsun ki, Qərb təkcə yüksək texnologiyalar, süni intellekt, ali hüquq sistemi və qabaqcıl təhsil məkanı deyil, həm də kommunikasiya platformalarını silaha çevirən qlobal gücdür. Qeyri-etik davranışı müstəqillik kimi təqdim edənlər, “əxlaqsızlıq azadlıqdır” hökmü  ilə milli dəyərləri yox etməyə çalışanlardır.
Fiziki və ya hüquqi şəxslərin ləyaqətini aşağılayan, onları cinsi davranış və ya aktlarla assosiasiya edən, qrafik obraz və ya digər vasitələr üzərindən alçaldıcı hərəkətləri paylaşan və ya ictimai paylaşanlara qarşı Avropa ölkələrinin çoxunda qanuni məsuliyyət  tətbiq olunur".