06 Mart 2025 10:02
202
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu  "Qəlbimin söz ağrısı"-ndan yazdı

Yaxın günlərin söhbətidi. Nəşriyyatda qarşılaşdıq. Həmişəki kimi hal-əhval tutduq. Sonra «Samur» qəzetindən, eləcə də çox dəyərli həmkarım, istedadlı yazıçı, şair, publisist Sədaqət Kərimova barəsində söhbət etdik və söhbət əsnasında öyrəndim ki, Müzəffər müəllimin yeni kitabı işıq üzü görüb. Əslində isə bu kitabın çap tarixi 2022-ci ilə aiddir. Sadəcə olaraq mən onu ilk dəfə əlimə aldığımdan mənim  üçün yeni sayılır. Kitab «Qəlbimin söz ağrısı» adlanır. Şeirlər və poemalardan ibarət olan bu kitab Müzəffər Məlikməmmədovun son illərdə yazdığı bir-birindən maraqlı poetik nümunələrdən ibarətdir. Kitaba ön söz yazmış şair, jurnalist Sədaqət Kərimova vurğulayır ki, «şeirlərinin mayasında öz xalqına olan böyük məhəbbəti dursa da, şair onlara kölkə salan hallara qarşı barışmazdır. Daim doğma elinə xələl gətirən bəlaların kökünü axtarmağa çalışır. Yurdunun taleyini öz taleyindən bir an belə ayırmır».

Mən ön sözdən gətirdiyim bu iqtibası ona görə xüsusi qabardıram ki, həqiqətən Müzəffər Məlikməmmədov yaradıcılığında aid olduğu el-obaya, doğulduğu torpağa sevgi bütün varlığının ifadəsidir. Yəni o, bir söz adamı olaraq bütöv Azərbaycanın bir parçası olan Samurun, Şahtağın təsvirini də hər kəsə hopdura biləcək bir məharətlə poeziyaya gətirir. Onun yurdla bağlı şeirlərinin hamısının ana xətti məhz torpağa, aid olduğu el-obaya  sevgi ilə süstlənibdir. Və bir də Müzəffər Məlikməmmədov yaradıcılığında etnoqrafiya ilə yanaşı, coğrafiya da diqqət mərkəzində olur. O demək olar ki, həm milli-mənəvi dəyərləri, həm də yurd yerlərini elə ustalıqla misralara hopdurur ki, oxuduqca sanki həmin əraziləri gəzir, həmin nemətlərin, həmin gözəlliklərin şahidi olursan. Yeri gəlmişkən onu da qeyd edim ki, şair yerini, dəyərini bilməyən, sözünə sahib çıxmağı bacarmayan adamcığazların da cavabını verməkdə, onları yerində oturtmaqda məharətlidir, sərrastdır. Bu da həmin o öncədən vurğuladığım yurd sevgisindən, el-oba məhəbbətindən qaynaqlanır. Məsələn, şair yazır ki:

 

Bu gün ləzgi köksündə

Başqa qəlbdir döyünən.

Babasına çəkməyib

Babasıyla öyünən.

 

İnciməsin babamın

Ruhu, hələ mən varam.

Aləm bilir əzəldən

Öyrənməklə yox aram.

 

Bu dünyada Tanrıdan

Var təkcə bir diləyim.

Nər babamın qəlbi tək

Döyünəydi ürəyim…

 

Zənnimcə, «Babamın qəlbi tək» şeirindən gətirdiyim bu nümunə özü-özlüyündə artıq hər kəsə açıq mesajdı. Yəni anlayan üçün, dərk edən üçün bu, həm də bir şairin ciddi etirazı, müəyyən mənada həm də gerçəkliyin müdafiəsidir.

Mən «Qəlbimin söz ağrısı» kitabını oxuduqca bir nüansın da şahidi oldum. O da müəllifin yaradıcılıq dünyasının rəngarəngliyidir. Onun istər klassiklərimizin, istər müasirlərimizin yaradıcılığına münasibəti, gətirdiyi müəyyən iqtibaslar birbaşa göstərir ki, Müzəffər Məlikməmmədov öz yaradıcılığında həm istinad etməyi, həm də özünü ifadə etməyi çox gözəl bacarır. Elə bil ki, o, oxucusu ilə həm təkbətək, üzbəüz həmsöhbət olur, həm də öz ruhuna, öz dünyasına doğma olan üçüncü bir həmsöhbəti də özləri ilə bir araya gətirir. Bax, bu da onun yaradıcılığında tamlıq yaradır. Məsələn, o, Osman Sərvərlidən, Almas İldırımdan, Səməd Vurğundan və digərlərindən gətirdiyi iqtibaslarla öz şeirini sanki daha da cilalayır, öz sözünü daha da kəsərli edir. Ona görə də Müzəffər Məlikməmmədovun şeirləri adamı həm də bir bilik nümunəsi kimi, yəni mövzunun çalarlarını bütünlüklə ortaya qoyulması kimi də yaranır. Oxuduqca həm hiss, həm də qəbul edirsən ki, bu misraların arxasında çırpınan ürək əslində sənin tanıdığın, sənin qəbul etdiyin bir şairin qəlbidir, ürəyidir. Ümumiyyətlə isə, Müzəffər Məlikməmmədov fikirlərini çox sadə bir şəkildə misralara çevirir. Sözlər sadə olduğu üçün anlaşılır və o sadəliyin içərisindəki böyüklük üzə çıxır. Məsələn:

 

Günlər nə tez ötüşür,

Nə tez çatır il ilə?

Ömrün sürət qatarı

Niyə tələsir belə?

 

Tələsdiyi mənzilə

Aparmağa yükü çox.

Əyləci gəlmir ələ,

Dayanmağa vaxtı yox.

 

Dursa sanki gec çatar,

Fit verir, hay qoparır.

Nə yaxşı ki, bu qatar

Bizi bir-bir aparır.

 

Şeirdən də göründüyü kimi, sadə, hər gün işlətdiyimiz sözlər misralanaraq mükəmməl, diqqətçəkən bir poeziya nümunəsinə çevrilibdir. Bu poeziya nümunəsində müəllifin əsas qayəsi insanların bu dünyanı bir-bir tərk etməsinin mahiyyətini oxucuya çatdırmaqdır. Yəni burada Allahın öz yaratdıqlarına olan münasibəti də pərdə arxası görünür. O, bəndəsini «Ol» deməklə yaratdığı kimi, «Öl» deməklə də həyat səhnəsindən geri çəkir.

Kitabdakı poeziya nümunələrinin içərisində mənim üçün diqqət çəkən şeirlərdən biri də müəllifin ömür gün yoldaşına yazdığı şeirdir. Mən həmin şeiri oxuduqca ürəyi sevgi ilə, məhəbbətlə çırpınan bir insanı gözümün önünə gətirdim və hiss etdim ki, daha doğrusu əmin oldum ki, sevginin, məhəbbətin yaşı olmur. O hiss ürəyin ən  özəl  və  munis barıdı, bəhəridi. Əgər ürək o hissi özündə yaradırsa, ona qol-qanad verirsə, onu gizlətmək, onu boğub öldürmək mümkün deyil. Axı sevgini Allah verir bəndəsinə. Ona görə də «Gül sevənim» adlanan bu şeirdə ürək çırpıntısı da, hislər də, ehtiraflar da bir-birini tamamlayır. Və mən bu sevginin həm ünvanını, həm də özümdə yaşadanını çox böyük sayqı ilə dəyərləndirirəm. Hətta müəyyən mənada bu sevginin həsədini də çəkirəm. Axı ilahi sevgilər çox az-az olur. Amma nə yaxşı ki, olur:

 

Ey çiçək sevənim, ey gül sevənim,

Ən gözəl gülüsən bu təbiətin.

Ömür-gün yoldaşım, vəfalım mənim,

Səni vəsf etməyə söz tapmaq çətin.

 

Mən səndən alıram ilhamımı bil,

Qəlbimin məhəbbət bölgəsindəsən.

Beş övlad böyütmək asan iş deyil,

Qəhrəman analar cərgəsindəsən.

 

Ey Quba baharlım, Şahdağ vüqarlım,

Bu elin ən gözəl baharı sənsən.

Necə vəsf eyləyim səni, Gülxarım,

Şeirimin əlçatmaz nigarı sənsən.

 

Süzmə oğrun-oğrun, sözümə inan,

Bu necə baxışdır, bu necə nazdır?

Elə nurlusan ki, elə mehriban,

Sənə mələk desəm, yenə də azdır.

 

Qızlarım hər biri bir ay parçası,

Hərəsi yüz oğul əvəzidir, bil.

Tanrıdan pay gəlib bu bəxt xonçası,

Demək oğul payı qismətim deyil.

 

Aytəkin, Zərinə, Nərmin, Mənzərim,

Hər işdə gör necə oxşayır sənə.

Var olsun deyirəm kürəkənlərim,

Hər biri ilk gündən oğuldur mənə.

 

Ey çiçək sevənim, ey gül sevənim,

Bizə bu dünyada daha nə lazım?

Haqqım var eşqimlə daim öyünüm,

Səninlə gül açıb gör neçə arzum…

 

Bəli, bu bir sevgi məktubudu, bu bir etiraf məktubudu. Bu, həm də bir ailənin özünün təqdimatıdır. Zənnimcə bütün bunların da kökündə, mayasında həmin o böyük SEVGİ  dayanır. Həmin sevginin bir damarının  da adı  Müzəffər Məlikməmmədovun oxucusuna, oxucunun isə şairə sevgisidir.

Həqiqətən bir yaşamın, bir ömrün ayrı-ayrı anlarının şeirləşən və şair tərəfindən bizlərə  güi-çiçək  dəstəsi kimi təqdim edilən bu kitab diqqət çəkir – oxucu diqqəti. Və mən də bir oxucu olaraq kitab barəsində özümün oxucu təəssüratımı yalnız şeir nümunələrinin təsiri ilə sizlərə çatdırdım. O ki, qaldı poemalara və bütövlükdə həm də kitabın bir xəttini təşkil edən şəhidlərimiz, Qarabağ Zəfərimiz  mövzularına.. İnşallah, bu barədə də sizinlə fikir bölüşərik.