01 Aprel 2025 11:57
173
SİYASƏT

Əziz Ələkbərli: 44 günlük müharibədən sonra çoxlarının maskası yırtıldı

"Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır. Dünənə qədər bunu siyasətlə edənlər 44 günlük müharibədən sonra artıq bunu açıq şəkildə edirlər:

"Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və “Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də fikir bildirsin".