GÜNÜN BƏXTİ - Məzahir ƏHMƏDOĞLU yazır

MƏZAHİR ƏHMƏDZADƏ
5448 | 2024-02-07 22:31

(reportaj)

...Adi günlərdən biridir fevral ayının yeddisi. Ancaq bu ilin bu günü Azərbaycanımızın müstəqillik tarixində 8-ci dəfə prezident seçkisi keçirilir. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində əsl bayram ovqatı yaradıb. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən  sonra keçirilən ilk möhtəşəm seçkidir. 

Növbədənkənar prezident seçkisi ilə əlaqədar fevralın 6-da Bakı Biznes Mərkəzində Mərkəzi Seçki Komissiyası rəhbərliyinin mətbuat konfransı zamanı MSK sədri Məzahir Pənahov bildirdi ki, 7 fevral Azərbaycanda tarixi bir gündür. Bu seçki Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətlidir. Azərbaycan seçiciləri ilk dəfə suveren Azərbaycanın ərazilərinin hamısında səsvermədə iştirak edəcək... 

...Elə buradaca qeyd etməliyəm ki, Prezidentimiz, Ali Baş Komandanımız – Qarabağ Fatehi İlham Əliyevin Xankəndində fəaliyyət göstərən seçki məntəqəsində ailə üzvləri ilə birlikdə səsvermədə iştirak etməsi sevinc və qürurumuzun hüdudsuzluğu idi...

Bəli, fevralın 7-də ölkəmizin hər yerində olduğu kimi Göyçay rayonunda da prezident seçkisi yüksək əhval-ruhiyyə və seçici fəallığı ilə başladı. Məlumdur ki, seçki hər bir ölkənin həyatında ən mühüm hadisədir. Əsasən də prezident seçkisi qarşıdakı illərdə ölkəyə rəhbərlik edəcək şəxsin müəyyənləşməsinə xidmət edir. Bu mühüm hadisə hər dəfə respublikamızda ciddi xarakter alır. Seçki hüququna malik olan hər bir Azərbaycan vətəndaşı cəmiyyətin ən mühüm hadisəsinin iştirakçısına çevrilir. Bir ölkənin ki vətəndaşı seçmək hüququ qazanıb, deməli, onun  ölkəsi azad, suveren ölkələr  sırasındadır. Yəni səs vermək bir qürur məsələsidir, azadlığın və özünəinamın təsdiqi, təntənəsidir. 

...Bəli, Göyçay rayonunda da 7 fevral səhəri belə bir əhval-ruhiyyəni təlqin edir. Qışdan çox baharın ilk günlərinə bənzəyən bu ilıq fevral səhəri seçki məntəqələrinə yol alan sakinlərin üz-gözündəki xoş ovqatı daha da işıqlandırırdı. Təbəssüm, sevinc, hal-əhval, daha xoş gələcəyə tükənməz inam... Bütün bunların mənbəyi əlbəttə ki, ilk olaraq torpaqlarımızın 44 günlük müharibə və son olaraq antiterror əməliyyatlarından sonrakı tam Qələbəmizin iftixarıdır. Azərbaycanın cəsur oğulları ilə birlikdə misilsiz tarix yazan Əfsanəfi Ali Baş Komandanımız bu gün hər bir soydaşımızın qüruru, baş ucalığıdır. Böyük Qələbəmizdə öz payı olan göyçaylıların da vətən sevgisi, vətən sevdası bu hislərə köklənib. 

Seçki gününü hamı bir bayram ovqatı ilə yaşamaqdadır. 

Göyçaylıların bu siyasi hadisəyə böyük önəm verməsi, həm də rayonda prezident seçkisinə hazırlıq tədbirlərinin yüksək səviyyədə təşkil olunmasıdır. 91 saylı Göyçay, 92 saylı Göyçay-Ağdaş seçki dairələrini əhatə edən bütün seçki məntəqələri yüksək tələblərə cavab verir. Bunu müşahidəçilər də xüsusi vurğulayırlar. 

Seçici fəallığının digər bir səbəbi də Qələbəmizlə yanaşı, şübhəsiz, son illər respublikamızda sosial-iqtisadi inkişafın dinamikliyi, iri miqyaslı layihələrin həyata keçirilməsi, eləcə Göyçay rayonunda aparılan yeni quruculuq işləri, yeni iş yerlərinin açılması, sosial-iqtisadi və mədəni inkişafın təntənəsidir. Son vaxtlar Göyçay rayonunda həqiqətən inkişafın bütün istiqamətləri üzrə xeyli iş görülüb və bu tədbirlər uğurla davam etməkdədir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin yenilikçi, ziyalı və səmimi davranışı, komandasının fəaliyyətini düzgün və effektiv istiqamətləndirməsi diqqəti cəlb edir, sakinlərdə ruh yüksəkliyi yaradır. Göyçaylılar göstərilən qayğı və diqqəti yüksək qiymətləndirirlər, ölkə rəhbərliyinə minnətdarlıq edirlər. Bütün bunlar nəticə etibarı ilə Prezidentin apardığı daxili və xarici siyasətin böyük uğurlarını təsdiqləyir. 

...Saat 11-ə qalmış 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 5 saylı məntəqəsində səsverməyə gələnlərin sayı faiz nisbəti ilə 38 faizi ötmüşdü. Burada ilk dəfə səs verən gənclər də var, yaşlı seçicilər də. Onlar hədsiz sevinclə ölkəmizin xoş gələcəyinə səs verir, mənim suallarımı həvəslə cavablandırırlar. Açıq danışırlar, sevinirlər, Azərbaycanımızı, doğma rayonları Göyçayı çox sevdiklərini bildirirlər. Sonra baş çəkdiyimiz 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 13 saylı seçki məntəqəsində də yüksək hazırlığın və seçici fəallığının şahidi oluruq. Məntəqənin sədri Şəfəq Xəlilova komissiya üzvlərinin fəaliyyətindən, müşahidəçilərin seçki qanunları çərçivəsində münasibətindən, seçicilərin rahat və sərbəst şəkildə iştirakından razılıq edir. 

Rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində də təşkilati işlər və fəallıq Göyçay seçicilərinin bu mühüm hadisəyə necə böyük həvəslə qoşulduqlarının real göstəricisidir. 

Günortaya yaxın 91 saylı Göyçay seçki dairəsinin Cəyirli, Qaraman, Ləkçılpaq və digər bir neçə kəndlərində yerləşən məntəqələrində də oluruq. Bu məntəqələrdə də hazırlıq işlərinin gedişatı, seçicilərin yüksək fəallığı diqqəti cəlb edir. 
Prezident seçkilərində fəxrlə iştirak edən rayon sakinlərindən Mehman Eminov, Səbuhi Abdullayev, Dilşad Mirzəyeva, Nüşabə Məmmədova, Tuncay Əhmədov, Elçin Bilalov və başqaları da ölkəmizin xoş gələcəyinə, böyük quruculuq işlərinin davamına, daxili və xarici siyasətimizin bütün istiqamətlərdə qələbəsinə aparan namizədə səs verdiklərini sevinc hissi ilə söyləyir, doğma Azərbaycanımızın daha böyük uğurlara imza atacağına inandıqlarını əminliklə söyləyirlər.

...Axşamüstü aldığımız məlumatlar sevinc doğurur. Respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da prezident seçkiləri uğurla yekunlaşmaqdadır...
 

TƏQVİM / ARXİV