"Nümunəvi ömür yolu..." - Millət vəkili yazır

Akademik Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Onun həyat yolu bütövlükdə tibb elminə, insanlara xidmətə və yüksək mənəvi dəyərlərin təbliğinə həsr edilmişdir.
1942-ci ildə orta məktəbi bitirən Zərifə xanım Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1949-cu ildən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlayan gənc alim 1950-ci ildə aspiranturaya qəbul olunmuş və oftalmologiya sahəsində elmi axtarışlarını praktik həkimlik fəaliyyəti ilə yanaşı davam etdirmişdir.
XX əsrin ortalarında ölkədə geniş yayılmış və tam korluğa səbəb olan traxoma infeksiyası ilə mübarizə Zərifə Əliyevanın fəaliyyətində mühüm yer tutur. Onun “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası xəstəliyin kökünün kəsilməsində mühüm addım olmuşdur. Təklif etdiyi metodika tezliklə ölkə üzrə tətbiq edilməyə başlandı, bu uğurlu fəaliyyət nəticəsində traxoma ilə bağlı sosial fəlakət aradan qaldırılmışdır.
Zərifə xanımın elmi maraqları yalnız infeksion xəstəliklərlə məhdudlaşmamışdır. Görmə orqanının peşə patologiyası ilə bağlı apardığı çoxsaylı tədqiqatlar onun 1977-ci ildə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. Bu dissertasiya Moskva şəhərində nüfuzlu H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə olunmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent kimi dəvət olunan Zərifə Əliyeva sonralar bu elm ocağında professor və kafedra müdiri kimi çalışmış, çoxsaylı cərrahiyə əməliyyatları aparmış, elmi və pedaqoji fəaliyyətini ardıcıl şəkildə davam etdirmişdir. Onun rəhbərliyi ilə gənc oftalmoloqların bir nəsli formalaşmış, müasir oftalmoloji biliklərin yayılmasına mühüm töhfə verilmişdir.
Zərifə xanım 150-dən artıq elmi əsərin, 12 monoqrafiyanın, dərslik və vəsaitlərin müəllifi olmuşdur. “Terapevtik oftalmologiya”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi”, “Herpetik göz xəstəlikləri” kimi əsərləri bu gün də dəyərli mənbə kimi istifadə edilir. Onun tədqiqatları göz şişləri, virus mənşəli infeksiyalar və kimyəvi təsirli maddələrin görmə orqanına təsiri kimi az işlənmiş sahələri əhatə etmişdir.
Zərifə Əliyeva müxtəlif beynəlxalq və ittifaq səviyyəli elmi və ictimai qurumların fəal üzvü olmuş, 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, həmçinin “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, 1983-cü ildə isə Elmlər Akademiyasının akademiki seçilmişdir.
Sadə, qayğıkeş, vətənpərvər və yüksək əxlaqi keyfiyyətlərə malik olan Zərifə xanım həm də ailə dəyərlərinə böyük önəm vermişdir. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Onun həyat yolunun izləri hələ də xalqımızın yaddaşında yaşayır və bu böyük insanın əziz xatirəsi hər zaman hörmətlə anılacaqdır.
Mənalı və nümunəvi həyat yoluna malik olan Zərifə xanım Əliyeva istər peşəkar həkim-mütəxəssis, istər ləyaqətli ziyalı və dəyərli elm xadimi, istər vəfalı ömür-gün yoldaşı, istərsə də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxmışdır. Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir.
Zərifə xanım Əliyevanın fəaliyyəti məqsədyönlü, çoxşaxəli və məhsuldar olmuşdur. O, həm peşəkar oftalmoloq kimi insanlara nur və şəfa bəxş etmiş, həm savadlı mütəxəssislərin yetişməsində fəal rol oynamış, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün dəyərli örnək yaratmışdır. 3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamda vurğulandığı kimi, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Zərifə xanım tibb elminin oftalmologiya sahəsində səmərəli fəaliyyəti və müstəsna xidmətləri ilə fərqlənmişdir. Bir çox ilklərin müəllifi olan Zərifə xanım Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ölkə miqyasında geniş qeyd edilmişdir. Akademik Zərifə Əliyeva həm nəcib insanlığı, Vətənə və insana sevgisi ilə yaddaşlarda yaşayır. Onun irsi gələcək nəsillər üçün örnək, Azərbaycan tibb elminin parlaq səhifələrindən biri olaraq qalacaqdır.
Asif Əsgərov
Milli Məclisin deputatı
Digər Xəbərlər

Gürcüstan Prezidenti Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin töhfələr verib

Gürcüstan prezidenti Azərbaycana gəldi - YENİLƏNİB + FOTO

Akar: Ermənistanın ağlını başına toplaması lazımdır

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

"Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır" - Əhliman Əmiraslanov
