"Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır" - Əhliman Əmiraslanov

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır, yad edilir.
Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. Onun qədim Azərbaycan torpağı olan ata yurdu İrəvandan kənarda, Naxçıvanın Şərur rayonunda dünyaya göz açması erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı planlı şəkildə aparılan soyqırımı siyasətinin törətdiyi fəsadlar nəticəsində baş vermişdir. Tarixi hadisələr nə qədər ağır, nə qədər kədərli olsa da, Zərifə xanımın 1923-cü il aprelin 28-də dünyaya gəlişi həm görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsinə, doğmalarına, yaxınlarına, həm də sonralar bütövlükdə Azərbaycan xalqına düşərli olmuşdur. Onun dünyaya göz açdığı ildə Əziz Əliyevin ailəsi Bakıya köçmüşdür.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə Əliyeva hələ gənclik illərində fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik, təvazökar bir tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər elmlərin də tədrisinə xüsusi maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Hələ tələbəlik illərindən tibb elminin öyrənilməsinə sonsuz həvəs göstərən Zərifə Əliyeva Tibb İnstitutunda keçirilən Tələbə Elmi Cəmiyyətinin konfranslarında məruzələrlə çıxışlar edir, elmi təhlillər aparırdı.
Görkəmli oftalmoloq-alim məzunu olduğu və özü üçün “Alma mater” hesab etdiyi Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra da onu heç vaxt unutmamış, onunla daim sıx əlaqə saxlamışdır. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının həm əvvəlki, həm də indiki əməkdaşları da özlərini Zərifə xanımın yetirmələri, onun yaratdığı elmi məktəbin davamçıları hesab edirlər.
Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin gənc məzun bilirdi ki, dar ixtisas, o cümlədən oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı diplomaqədərki təhsil kifayət etmir və mütləq bir neçə il də diplomdansonrakı hazırlığa sərf edilməlidir. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır.
O, 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə “Böyük elmi işçi” elmi adını təsdiq etmişdir.
Zərifə Əziz qızı Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, daim yeniliyə can atır, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini ön plana çəkirdi. O, yalnız ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyanda və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm xəstələrin müalicəsinə, onların iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına diqqət yetirir, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi.
O, ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlamış, əvvəlcə kafedrranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifələrini yüksək səviyyədə yerinə yetirərək, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmış, müxtəlif mövzulu monoqrafiyaların, tədris-metodik göstərişlərin, dərs vəsaitlərinin yazılmasına böyük əmək sərf etmişdir.
Zərifə xanım Əliyeva ADHTİ-da çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə ciddi məşğul olmuşdur.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi istiqamətlərinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq edərək, onların rəğbətini qazanmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı A.R.Nesterov akademik Z.Ə.Əliyevanın doktorluq dissertasiyasının müdafiəsi gününü xatırlayaraq yazır: “Həmişə olduğu kimi, Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu yanındakı İxtisaslaşdırılmış Şuranın iclası adət etdiyimiz rəsmi qaydada başladı. Kürsiyə bəstəboy, qara saçlı, suyu şirin, iri gözlü, qaynar baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və aydın tələffüzü ilə, ən çətin məsələləri belə sadə dildə ifadə etmək bacarığı ilə seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə aydınlıq gətirirdi. Zərifə Əziz qızının məruzəsi şurada diqqətlə dinlənildi. Rəsmi və qeyri-rəsmi opponentlərin rəyləri yekdil idi. Gizli səsvermə yolu ilə şura yekdilliklə Zərifə Əziz qızı Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi vermək barədə qərar çıxardı.
Müdafiədən sonra biz Zərifə xanımla bəzi istehsalat məsələlərini müzakirə etmək üçün görüşdük və beləcə, uzunmüddətli ailə dostluğunun əsası qoyuldu. 21-22 oktyabr 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumunun keçirilməsi cəmiyyətin həyatında mühüm hadisəyə çevrildi. Həmin plenumda 200 nəfər iştirak edirdi. Plenumda ölkənin görkəmli alimləri uşaqların görmə qabiliyyətinin mühafizəsinə, qlaukomanın profilaktikasına və müalicəsinə, ağır göz zədələrinə həsr olunmuş məruzələrlə çıxış etdilər...
Zərifə xanımın həmin plenumda kimya sənayesi müəssisələrində görmə orqanının peşə xəstəliyinə həsr olunmuş məruzəsi hamının diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, ÜOEC-nin İdarə Heyətinin plenumunda oftalmologiyada ayrıca əsas istiqamət sahəsi kimi peşə patologiyasının problemləri ilk dəfə müzakirə olunurdu. Zərifə Əziz qızı rəhbərlik etdiyi kollektivin apardığı tədqiqatların əsas nəticələrini şərh edərək kimya və neftkimya sənayesinin sürətli artımına diqqət çəkdi. Z.Ə.Əliyevanın plenumdakı məruzəsi və onun müzakirəsi görmə orqanının peşə patologiyası üzrə tədqiqatların gələcək inkişafına təkan verdi”.
Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir.
Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər. Professor Z.Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi və görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış, təcrübədə əyani olaraq geniş tətbiq edilmişdir. Professor Zərifə xanım Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.
Akademik Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.
Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Onun qələmə aldığı “Yüksək etimad” kimi kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir həkim, bir şəxsiyyət kimi formalaşmalarında böyük əhəmiyyət kəsb edən əsərlər olaraq qalacaq və aktuallığını heç vaxt itirməyəcəkdir.
Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Z.Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Z.Ə.Əliyeva həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Akademik Zərifə Əliyeva 1985-ci ilin aprel aynının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb işçilərinin ona olan məhəbbətinin əbədiliyi artıq vaxt, zaman çərçivəsindən çıxaraq sonsuzlaşmış, daimiləşmişdir.
Akademik Zərifə Əziz qızı Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Onun unudulmaz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.
Əhliman Əmiraslanov
akademik, SSRİ Dövlət Mükafatı laureatı,
Milli Məclisin Səhiyyə komitəsinin sədri
Digər Xəbərlər

Gürcüstan Prezidenti Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin töhfələr verib

Gürcüstan prezidenti Azərbaycana gəldi - YENİLƏNİB + FOTO

Akar: Ermənistanın ağlını başına toplaması lazımdır

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

"Nümunəvi ömür yolu..." - Millət vəkili yazır
