18 Yanvar 2025 10:33
910
GÜNDƏM

O uzaq, yaşıl ada:Kərki kəndinin işğalından keçən 35 il 

Bu gün Azərbaycanın qədim torpaqlarında qədim yurd yerlərindən biri olan Kərki kəndinin Ermənistan tərəfindən işğalının 35-cü ilidir.

Adalet.az bildirir ki, Arpaçayın sahilində, düzənlik ərazidə yerləşən kənd Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilməsi ilə tam təcrid olunaraq ada şəklinə düşür. Hətta 20 Yanvar faciəsi ərəfəsində ermənilər Naxçıvan Muxtar Respublikasını işğal etməyə cəhd göstərərkən kənd təzyiq və hücumlara məruz qalır.

Daha dəqiq, 1989-cu il dekabrın 14-də ermənilər Kərki, Sədərək, Günnüt və Havuş kəndlərini güclü atəşə tuturlar. 1990-cı il yanvarın 15-dən isə hücumlar daha intensiv hal alıb.

Güclü müqavimətə baxmayaraq, yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunur.

Tarixi mənbələr bildirir ki, kəndin adı kərki tayfasının adı ilə bağlıdır. Kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi deyilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.

Ermənilər bu kəndi əlbəttə ki, 1990-cı ildə qəflətən zəbt etməyiblər. Bunun üçün uzun illər bəd əməllərlə, hiylə və riyakarlıqla məşğul olaraq ilk öncə işğala kənddə mövcud olan qədim adları saxtalaşdırmaqla başlayıblar. Kərkililər deyir ki, "O tay", "Sulu zağa", "Bəzirxana", "Köhnə Kərki", "Dəlik daş", "Sənəm zağası", "Gavurqala", "Cəhənnəm dərə", "Şırran", "Qızıl daş", "Qurdbaba", "Alma yokkuşu", "Qırmızı güney", "Şurut bulağı" kimi toponimlər bu torpağın qədim tarixinin nişanələrindəndir. Bu nişanələrin bir çoxunu  zaman -zaman ermənilərin və rusların işbirliyi ortadan qaldırdı. 1990-cı ildə isə Kərki və adı konkret işğala məruz qaldı. Ermənilər kəndi zəbt edib adını da Tiqranaşen qoydular.

44 günlük Vətən müharibəsində Ermənistan məğlub olduqdan sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksinin tapıb. 44 günlük müharibədən sonra Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılmalıdır. Lakin Ermənistan hələ sənədin bu tələbinə də əməl etməyib.

 Əntiqə Rəşid