adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 11:21
191
SİYASƏT
A- A+

"Sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi...”

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Moskvada imzalanması üçün Kremlin mübarizəyə başlaması haqda müxtəlif mülahizələr yürüdülür, fikirlər söylənilir. Rusiya rəsmiləri bu haqda zamanla müəyyən açıqlamalar veriblər və bir müddət əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır”  demişdi”. 

Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. 

Onun sözlərinə görə, lakin məsələ ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında münaqişə bitib və sülh prosesinə aparan yolda qarşıya çıxan cari məsələlərin bilavasitə danışıqlar, qarşılıqlı səfərlər, müzakirələr vasitəsi ilə həll olunduğu artıq reallıqdır: 

“Yəni, daha heç bir vasitəçiyə ehtiyac yoxdur. Sülh sazişinin mətni isə Vaşinqtonda paraflandı. Ermənistan konstitusiyasındakı müəyyən müddəaları çıxardıqdan və öhdəsinə düşən bəzi məsələləri həll etdikdən sonra sülh müqaviləsinin imzalanması haqda və onun hansı məkanda həyata keçirilməsi mövzusunda danışıla bilər. Moskva bununla bağlı tələsgənlik edərək özünü sülh göyərçini kimi təqdim etmək istəyir. Halbuki bu ölkələr arasındakı keçmiş münaqişənin bünövrəsi Rusiyada qoyulmuşdu. Kreml bu kimi süni təşəbbüslərlə əsrlər boyu birinə düşmən edərək istila etdiyi iki xalqı yenidən əsarətdə, dövlətlərini də nəzarətdə saxlamağa ümid edir”. 

T.İrfan bildirib ki, sülh müqaviləsinin Moskvada imzalanmasını nəinki Azərbaycan tərəfi, ola bilsin Paşinyan hökuməti  də qəbul etməz: 

“Artıq son dönəmlərdə erməni cəmiyyətində və rəsmilər arasında da keçmiş Qarabağ münaqişəsinin məhz Rusiyanın təhriki ilə yaradılmış problem olduğu etiraf olunur. Azərbaycana gəldikdə isə Ukrayna müharibəsinə görə ABŞ ilə Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan Rusiyanın Ukraynaya qarşı işğal siyasətini və müharibəni qəbul etmir. Eyni zamanda Azərbaycanın Rusiya səmasında təyyarəsi vurulub və bununla bağlı Moskva hələ də öhdəsinə düşən müvafiq addımları atıb narazılığın aradan tam qaldırılmasını təmin etməyib. Ola bilsin sülh müqaviləsinin imzalanması ərəfəsində müəyyən addımlar ataraq sənədin imzalanması üçün Moskvanın seçilməsi barədə yenidən cəhdlər etsin. Lakin bu cəhdlərin reallaşması mümkünsüz görünür həm də ona görə ki, Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır”. 

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın Türkiyə ilə daha yaxından əməkdaşlıq və tərəfdaşlıq səyləri açıq hiss olunur:

“Odur ki, Azərbaycan və Ermənistanın vasitəçiyə ehtiyac duymadığı sülh prosesinin yekununda sənədin imzalanması elə Türkiyənin özündə də baş tuta bilər. Artıq Azərbaycanla münasibətlərin qaydaya salınıb sülh müqaviləsi imzalanandan sonra İrəvanın Türkiyə ilə də müxtəlif sahələrdə əlaqələri inkişaf edəcək. Bölgədə siyasi balansın Türkiyə xeyrinə dəyişməsi, ABŞ-ı və Avropa İttifaqı ilə inkişafı sürətlənən əlaqələr buna əsas verir ki, sözü gedən sənəd Moskvada imzalanmasın. Hər halda bu məsələ barədə danışmaq hələ tez olsa da Kremlin ciddi-cəhdləri mövzu ətrafında mülahizə və müzakirələri labüdləşdirir. Hələ Ermənistanda seçkilər və konstitusiya dəyişikliyi prosesi başa çatdıqdan sonra sülh müqaviləsinin imzalanması və məkanı məsələsi aktuallaşacaq”.

Vasif ƏLİHÜSEYN