17 Aprel 2025 11:40
527
MƏDƏNİYYƏT

 Şahtaxtinskilərin və Azərbaycanın  fəxri Adilə: ilk  qadın tibb professoru

Elə azərbaycanlılar var ki, bu günki Azərbaycan dövlətinin təməlinin bərkiməsində böyük əməyi olub. Bu gün belə bir insanlardan sizə söhbət açacağam, tanıyın , tanıdın, ehtiram göstərin!

Əslində belə insanlar çox zaman Azərbaycanda , Qafqazda və bəzən dünyanın bir çox ölkələrində tanınmış nəslin nümayəndələri olur. Belə nəsillərdən biri Şahtaxtinskilər olub.
Görkəmli alim AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev 2010-cu ildə çap etdirdiyi “Şahtaxtinskilər tariximizdə və taleyimizdə” kitabı əslində bu nəslin önəmini ətraflı şəkildə oxucularına çatdırıb. Hər kəsin bu kitabı oxumasını məsləhət görürəm.

Bu gün hörmətli alimimizin bələdçiliyi ilə yola çıxaraq bu nəslin bir neçə fərdi ilə sizi tanış etmək, sizin diqqətinizi belə nəsl və köklərin tarixinə diqqət yetirməyinizə, ümid edirəm , nail olacağıq.
Əvvəlcə, bizi bu məqaləni yazmağa vadar edən Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru, professor Adilə Şahtaxtinskaya ilə bağlı məlumatlardan başlayaq. Adilə xanımın əsas özəlliyi, önəmi odur ki, o, tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadındır.

I İsa Sultan və Nəcəfqulu ağa Şahtaxtinskilər

 

Onun kökü əslən Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndindəndir . Amma Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində anadan olub. Soruşsanız ki, Naxçıvanlı, Şahtaxtılı qız hara, Tiflis hara? - onda sizə cavab verim ki, Adilə xanımın atasının atası, yəni babası Çar Rusiyasında hərbçi olmuş Nəcəfqulu ağa öz atası İsa Sultan kimi hərbçi olub. Müəllif M. Quliyev monoqrafiyasında yazır ki, İsa Sultan (Şəcərədə onu I İsa Sultan kimi yazırıq) əvvəlcə Iran ordusunda, sonralar isə Çar Rusiyasında hərbçi olmuşdu. Tiflis arxivindəki sənədlərdə onun praporşik olması haqqında məlumatı da tapdıq. Yeri gəlmişkən, onu da deyək ki, Şahtaxtinskilərin hərbi fəaliyyətləri dərindən araşdırılmadığı üçün onların bir çox hərbi təltiflərindən xəbərsizik”.
Bəli, Nəcəfqulu ağa hərbçi olduğu üçün Rusiya Çar dövləti onu hara göndəribsə, orada da xidmət edib. Yeri gəlmişkən, Nəcəfqulu ağa Sultan dövrünün ən zəngin zadəganlarından olmuşdur. Onun Şahtaxtıda, Naxçıvan və İrəvan şəhərlərində mülkləri vardı. Naxçıvan diyarının kəndlərində isə miras torpaqları olub. Nəcəfqulu ağa vəzifəsi ilə əlaqədar olaraq Naxçıvanda və İrəvanda yaşadığından onun övladlarının bəzilərinin doğum sənədlərində həmin şəhərlərin adları qeyd edilib. 

Nəcəfqulu ağdanın böyük oğlu - çar ordusunun polkovniki olan oğlu Əbülfət ağa 1858-ci ildə elə Şaxtatılı kəndində doğulub. İlk təhsilinə 1871-ci ildə Tiflis real məktəbində başlayan Əbülfət ağa 1877-ci ildə Sankt-Peterburq Texnologiya Universitetinə daxil olub. Mənzilində aparılan axtarış zamanı məlum olub ki, Əbülfət ağa həm də Moskva və Peterburqda təhsil alan qafqazlı tələbələrin yaratdıqları "İmdadiyyə" adlı gizli dərnəyin üzvüdür və universitetdən xaric edilib. Amma o, bundan təsirlənməyərək elm və savada daha dərindən yiyələnib, Bir sıra Şərq dilləri ilə yanaşı, alman, fransız və ingilis dillərini də mükənməl öyrənib.
Almaniyaya gedərkən, 1880-ci ildə Heydelberq Universitetində diplom işi müdafiə etmiş və bakalavr dərəcəsi almışdır. Rusiyaya qayıtdıqdan sonra demokratik baxışlarını və monarxiyaya qarşı çıxışlarını nəzərə alaraq Əbülfət ağa Şahtaxtinskini heç bir qulluğa götürmədilər. Əlacsız qalan Əbülfət ağa 1883-cü ildə Peterburqdakı Yunkerlər məktəbinə daxil oldu və oranı fərqlənmə diplomu ilə bitirdi. Bir il sonra, avqust ayının 8-də 77-ci Tengin süvari alayında zabit rütbəsində xidmətə başlayan Əbülfət ağa Şahtaxtinski qısa müddətdə divizion komandiri təyin olunur.
Hazırda Tiflis arxivində saxlanan podpolkovnik Əbülfət ağanın 1904-cü ilə məxsus "Şəxsi hərbi kitabça"sında göstərilir ki, əla xidmətinə görə o, 1892-ci ildə "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsilə, 1900-cu ildə isə "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsi ilə təltif olunmuşdu. Polkovnik Əbülfət ağa Şahtaxtinskinin şəxsi işinin təltif "qrafasında" aldığı xarici ölkə orden və medallarının da sayı göstərilir. O, İranın "Şire-Xorşid" ordeninin dördüncü dərəcəsi ilə (1889-cu il), Buxara Əmirinin ikinci dərəcəli "Ucalan ulduz" qızıl medalı ilə (1899-cu il), yenə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordenilə (1900-cu il) və "Fransa-Sudan xilasetmə cəmiyyəti"nin Yuxarı Reyn şəhərinin qızıl medalı ilə (1903-cü il) təltif olunub.
 

II İsa Sultan və Səkinə Şahtaxtinsklər

 

Nəcəfqulu ağa Azərbaycanın əzəli və əbədi torpağı olan İrəvan Quberniyasında xidmətdə olarkən onun bir oğlu olur. Nəcəfqulu ağa  5 may 1851-ci ildə anadan olan körpəsinə İran və Rusiya ordularında çalışmış atası İsa Sultanın adını qoyur. Şəcərədəki ikinci İsa Sultan Şahtaxtinski də nəslindəki kişilər kimi ziyalılığını ortaya qoyur.

Beləki, o, İrəvan kişi gimnaziyasını, Tiflisdə "Realnı Gimnaziyanı", Peterburqda Əkinçilik İnstitutunu bitirir. Paris, London və Sürix Institutlarının azad dinləyicisi olur. Ərəb, fars, qədim türk, rus, alman, fransız dillərini mükəmməl bilir. 1875-ci ildən Tiflisdə jurnalistlik fəaliyyətinə başlayır və "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax" ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olur.

Bir sıra yazıların müəllifi kimi tanınır. İsa Sultan 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur.


Yeri gəlmişkən,müəllif qeyd edir ki, general qızı olan  Şahtaxtinskaya Sofya (Səkinə) Allahyar qızı  atası Əhməd bəy Cavanşirin əlyazmalarını nəşr etdirmək istəyən Həmidə xanım 1905 ildə bu məqsədlə Şahtaxtinskaya vasitəsilə, onun evində Mirzə Cəlil ilə tanış olur.

Bu tanışlığın daha da dərinləşməsində və Həmidə xanımın Mirzə Cəlil ilə ailə qurmasında Şahtaxtinskayanın böyük rolu olur. Bunu Həmidə xanım "Mirzə Cəlil haqqında xatirələrim" kitabında ətraflı göstərib. Şahtaxtinskaya rəfıqəsi Həmidə xanımla Tiflisdə Qadın Xeyriyyə Cəmiyyəti yaratmış, müsəlman qadınlarının maariflənməsində fəal iştirak edir .


6 qızdan biri : Adilə Şahtaxtinskaya


Təbii ki, “ot kökü üstə bitər”məsəli min illərdir öz təsdiqini tapmış atalar sözüdür və Şahtaxtinskayalar sülaləsinin həyat etiketinə daha uyğundur. Adilə xanım da öz nəslinə çəkərək ziyalığını zəhməti ilə sübut edir. O, 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazanır, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın olur. Təsəvvür edin, o dövrdə müsəlman qızların məktəbə getməsi, dərs oxuması böyük əngəllərlə qarşılananda ziyalı ailələr qızlarını oxutmaq üçün hansı əziyyətləri çəkib.

 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edir. Adilə xanım Azərbaycanda ilk qadın kafedra müdirlərindən də biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunub.
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat edir. Tiflisin köhnə müsəlman qəbiristanlığında, atasının yanında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.
Adilə xanımı xatırlayıb Leyla xanımı xatırmamaq günahdır

21 yaşındaykən  arzuları qırılan Leyla Şahtaxtinskaya

Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı işləyərkən İsa Sultan Şahtaxtinskinin ilk qızı övladı Leyla doğulur. O, 1886-cı ildə  Türkiyənin Qars çəhərində anadan olur. Leyla 1902-ci ildə Tiflis Qızlar məktəbini bitirir. H.Z.Tağıyevin vəsaiti ilə 1904-cü ildə İsveçrədə Tibb Universitetinə daxil olur.

Bəli, Leyla xanım Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız idı. Arzuları böyük idi, təhsil almaq, təhsili olmayanlaraı təhsilə yönəltmək, çarəsiz xəstələrə, köməksiz insanlara məlhəm olmaq amalı ilə dərslərinin öhdəsindən yüksək səviyyədə gəlirdi.

Təhsilini başa vurmasına 2 il qalmış, qəflətən bir xəstəliyə düçar olur, çarəsiz xəstəlikdən elə orada- 1907-ci ildə, 21 yaşında vəfat edir. "Molla Nəsrəddin" jurnalı Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar nekroloq dərc edir.

Beləliklə, bu gün oxucularımıza 7 Azərbaycan ziyalısını tanıtdığımızı düşünürük! Xüsusən də bu gün Adilə xanımı doğum günündə xatırladıq. Əgər bu nəslin digər məşhurlarını da bizim vasitəmizlə tanımaq istəyirsinizsə, bunu bizə bildirin və biz məmnuniyyətlə sizin xidmətinizdəyik!

 

 


Son olaraq, qiymətli araşdırmaları ilə bizə bələdçilik etmiş, bu maraqlı məqalənin yaranmasına vəsilə olmuş AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, əsl tədqiqatçı-tarixçi, tarix üzrə fəlsəfə doktoru Musa Rəhim oğlu Quliyevə qəzetimiz, eyni zamanda öz adımdan dərin təşəkkürümü bildirirəm.

 Əntiqə Rəşid