Magistral yolda avtomobili geri vermək kobud qayda pozuntusudur

Bir çox sürücülər yolda hərəkət edərkən birdən yadlarına düşür ki, yolu səhv salıblar, geri qaytarmaq lazımdır.
Təbii ki, hər bir avtomobil yolunda, xüsusilə də magistral yolda geri qaytarmaq üçün bir qədər qarşıda dönmək olar, yeri var və ordan geri dönüş etmək həm qanunidir, həm də təhlükəsiz.Amma bəzi sürücülər buna əməl etməyib, avtomobillə geriyə hərəkət edirlər və özü də qəza işığını yandırmadan. Bu isə birmənalı olaraq kobud qanun pozuntusudur.
Aydındır ki, maşın arxaya hərəkət edərkən həmin istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrinə böyük təhlükə törədir. Çünki magistral yollarda sürət həddi yüksək olur.Və bir çox halda o istiqamətdə hərəkət edən nəqliyyat vasitəsi geri gedən avtomobilə arxadan çırpılır. Bu isə ağır yol-nəqliyyat hadisəsi deməkdir. Aydındır ki, belə qəzalar zamanı ölən və ağır xəsarət alan insanlar da olur. Ona görə də istər şəhərdaxili, istərsə də magistral yollarda sürücülər belə kobud qayda pozuntusuna yol verməməlidir. Son vaxtlar bu qəbildən olan bir neçə qəzalar baş verib.
Magistral yollarda avtomobillə arxaya hərəkət etməyə görə, İnzibati Xətalar Məcəlləsində yüz manat və on bal nəzərdə tutulub. Ona görə də sürücülər diqqətli olmalı və kobud qanun pozuntusuna yol verməməlidir!
Emil Faiqoğlu