
Heç inanmağım gəlmir. Özümü nə qədər məcbur etsəm də, inana bilmirəm, bacarmıram... İnanacağıma inanmağım da gəlmir... Bilirəm ki, siz də mənim kimisiniz, siz də inanmırsınız. Amma inanmadığımız həqiqət, gerçək bizim gözümüzün qarşısındadır, sadəcə biz onu içimizə buraxmırıq... buraxmamağa çalışırıq... Hər cür vasitə ilə, xəyalla, xatirə ilə, şəkillərlə qoymuruq ürəyimizə girsin, ağlımızda özünə yer tutsun. Amma...
Həmişə dediyim sözdü, yazdığım fikirdi. Zaman sürətlidi, dayandırmaq, durdurmaq olmur. Özü də onu dayandırmağa, durdurmağa yetəcək güc də yoxdu, vasitə də yoxdu. Belə olan halda o sürətə alışmağa, onunla barışmağa məcburuq. Təəssüf ki, bir məqam da var. O da gözləyəndə, saatdan asılı qalanda zamanın ləngiməsidi, sürətinin bizi qane etməməsidi. Deməli, hər iki halda narazı olan bizik, inciyən bizik...
Və yenə qayıdıram zamanın sürətinə. Çünki düz bir il bundan öncə həyatım alt-üst oldu. Ürəyim elə bir gülləyə tuş gəldi ki, onu durdura bilmədim, yayındıra bilmədim. Atılan güllə ümidimi, güvəncimi, sığındığım varlığı əlimdən aldı. Bu gülləni atan fələk idi. Nişan aldığı isə ANAM!..
Və istəyinə çatdı fələk. Məni də anasız qoydu. Əlimdən, ömrümdən aldı dərdimi dediyim ANAMI! Yetimliyi elə bir şəkildə ömrümə gətirdi ki, susmaqdan və için-için ağlamaqdan başqa yolum qalmadı.
Doğrudur, insanı ən güclü varlıq hesab edirlər, elə mən də belə düşünür, belə qəbul edirdim. Amma fələk Anamı əlimdən alanda nə qədər gücsüz olduğumu anladım, başa düşdüm ki, belə məqamda, yəni ölümə qarşı çıxmaq məqamında dünyanın ən aciz, ən gücsüz varlığı sən demə insan olur. O insan ki, özü öz əliylə torpağın sinəsini yarır, onu məzara çevirir və canından çox sevdiyini öz əlləri ilə torpağa tapşırır. Təsəvvür edirsinizmi, bu məqamda insan nə qədər aciz görünür, nə qədər gücsüz və arxasız təsir bağışlayır. Bunu başqa cür deyə bilmirəm, yaza bilmirəm. Bəlkə də belə bir söz var, belə bir cümlə var, amma indi mən nə onu xatırlamaq, nə də bu barədə düşünmək durumunda deyiləm. Axı söhbət Anamdan gedir, öz əlimlə torpağa tapşırdığım Anamdan...
Mən gücsüzəm, bu anımda
Meh də diz çökdürə bilər...
Buluddan qopan bir damla
Şeh də diz çökdürə bilər...
Hardasan məni eşidən?!.
Səs çıxmır Tanrı Kişidən...
Bu halda məni üşüdən -
Eh də diz çökdürə bilər...
Pörşələnir dilim, ağzım,
Ürəkdi “qara” kağızım!
Elə yazılıb ki, yazım -
Zeh də diz çökdürə bilər...
Bir ildir bu dünyada yetimliyin nə olduğunu yaşayıram. Və bir ildir ki, Anamın sağlığı dönəmində olandan yüz dəfə, bəlkə də min dəfə çox anamı düşünürəm, anamı xatırlayıram, gecələr yuxuda görürəm. Onunla bağlı günləri, hadisələri, söhbətləri, toyu, yası, bir sözlə, analı anları təkrar yaşayıram. Elə bil ki, qayıdıram ağlım kəsən yaşıma, özümü dərk edən günlərimə. Və başlayıram onun ətəyindən tutub həyətdə, bağ-bağçada gəzməyə. Təsərrüfatımızın hansısa bir işini görməyə.
Və beləcə böyüyürəm onun gözünün qarşısında... Və beləcə anam da yaşlaşır, saçlarına dən düşür, üzünə qırışlar. Və beləcə qaçqınçılıq başlayır. Anam çadırlarda qocalır. Öz əliylə bəzədiyi evinə, ocağına həsrət qalır. İynə sancağını, özünə gərək olan darağını, yaylığını, daha hansısa əşyalarını axtaranda tapa bilmir, yerini unudur. Çünki çadırda onun həyatı pərən-pərəndir. Əli işə yatmır, gözləyir ki, bugün-sabah qayıdacaq, nizama salacaq hər şeyi. Amma yox, ona bu qayıdış qismət olmur. Ömrünün nənə çağında nəvələrinin qaçqın həyatını göz yaşları ilə, bir də Allaha etdiyi dualarla süsləyir. İstəyir ki, tez bitsin bu qaçqınlıq. Üstəlik onu da istəyir ki, özünə də kəndində, evində bu dünyaya vida demək nəsib olsun.
Anam çox şey istəmirdi, çox böyük arzuları yox idi. Sadəcə anam öz anasının, öz atasının məzarına sarılmaq istəyirdi. Anam ömür-gün yoldaşı ilə babalarımın, nənələrimin uyuduğu məzarlıqda torpağa qovuşmaq istəyirdi. Olmadı, alınmadı. Anamın gənclik arzuları kimi, qocalıq arzuları da ürəyində qaldı.
Açılan sabah
güldürmədi üzünü...
Düşən qaranlıq
bir az da qaraltdı
həvəsini...
İçinə axan göz yaşı
suladı səsini...
duza qoydu
nəfəsini...
Bilmədi
ömrünə yazılan günah,
yoxsa
dözümün sınağıdı?!.
Amma
hiss etdi ki ,
durmadan çəkdiyi “AH”
bir tale qınağıdı...
Açılan sabaha
açılan əlləri
DUA körpüsü...
Anamın
ümidlərini,
arzularını yeyən
illəri -
boğdu hıçqırtılı
ANA hönkürtüsü...
Düz bir ildir ki, onun şəkilləri ilə danışıram. Beyləqanda yolumu gözləyən məzarını ziyarət edib başdaşını qucaqlayıram və bir ildir ki, atamla anam həmin məzarlıqda övladlarının nə düşündüyünü, nə çəkdiyini bilmədən rahat uyuyublar, dincəlirlər elə bil. Yanaşı, iki həmsöhbət kimi. Fikirlərini bölüşüb gələcək arzularını dilə gətirənlər kimi...
Məni anamdan ayıranda... Mən ondan ixtiyarsız ayrılanda heç nə düşünmədim, Allahdan heç nə istəmədim. Çünki həmin an nə düşünmək, nə də dilək diləmək gücüm, həvəsim vardı. Anamın 40 mərasiminə qədər hər gün elə bildim ki, anam qayıdacaq, anam harasa qonşuya çıxıb. 40 gün keçəndən sonra başladım onun yoxluğunu düşünməyə. Bugünə qədər də düşünürəm. Düşünmək isə nə anamın, nə də mənim həyatımda heç nəyi dəyişmir. Sadəcə burda dəyişən bir şeydi. O da anasızlığa alışmaq, öyrəşmək. Mənə elə gəlir ki, bu, zorən alışmaqdı, qaçılmaz alışmaqdı...
Bəli, bir ildir anasızam. Və bu bir ildə Allahdan istədiyim ... əlimi açıb dilədiyim anamın yerinin rahat olmasıdır. Çünki anam ömür boyu əli qabarlı, sinəsi dağlı olub. Gəncliyində qardaş dağı, qardaş itkisi yaşayıb Sovet əsgərinin “qara kağızı” göynədib ürəyini...Vətən savaşında Şəhid doğmaların acısının tüstüsünü, naləsini göyə bülənd edib... Ona görə də sinəsi dağlı, əli qabarlı anamın heç olmasa bizi gözlədiyi dünyada indi rahat olmasını, qayğısız olmasını arzulayıram. Burda həyatdan və bizdən çəkdiklərini bir daha yaşamamasını istəyirəm. Elə o istəklə də hər gün düşündüyüm anamın məzarı başında axıtmağa göz yaşımın qalmadığına təəccüblənmirəm. Ona görə ki, anam mənim yanımdadır və mən də bilirəm ki, o mənsiz rahat ola bilməz. Axı analar övladları üçün həmişə darıxırlar.
Hə, bu da bir il. Adət-ənənə və bilmirəm daha nə. Yəni qaydalara uyğun olaraq qohum-qonşu yığışıb anamı anacaq, kimlərsə anamı ağlayacaq, kimlərsə məclis adamlarına çay süzəcək, kimlərsə bir kənara çəkilib yenə siqaretini tüstülədəcək. Mən bu mənzərəni gözaltı izləyə-izləyə növbəti siqareti yandıracam. O vaxta qədər ki, anamın diqqəti siqaretə yönələcək. Bax onda ...
Anamdan gizlənməyə yer tapa bilməyəcəm... çünki və ümumiyyətlə ondan gizlənəcəyim yer yoxdu. Axı o mənim yanımdadı, içimdədi.
Dilim dönmür: “Köçdü...” deyim
Əlim qalxmır “Köçdü...” yazım...
Bəs bu necə köçdü, deyin -
Cavabı yarama basım!..
Havam çatmır, sanki yolun
Dağ uçqunu, sel bağlayıb...
Boynuma dolayıb qolun -
Mənimlə bir el ağlayıb...
Kirpiklərim muncuqlanıb,
İçim udub hönkürtümü...
Fələk, sənin çırağını -
Kimsə belə söndürdümü?!
Ay ölümə “Haqq!” - deyənlər,
Bu haqq anaya yaraşmır...
Mənim qəlbimə dəyənlər -
Ölümlə ruhum barışmır!..