18 Noyabr 2016 09:02
5680
GÜNDƏM

İcra başçısı: "Qardaşlarımın dördünü də ölümə göndərmişəm"

Eyvaz Hüseynov: "Şəhid anasını qapıda gözlədən məmur düşməndən də pisdir"

(əvvəli ötən sayımızda)

22 ildir gözlədiyimiz aprel səhəri

- Həmin aprel səhəri harada idiniz?
- Sübh çağı məlumat aldım ki, döyüş başlayıb. Təsəvvür edə bilməzsiniz, toya tələsən uşaqlar kimi, getdim birbaşa döyüşlərin getdiyi əraziyə. Təbii ki, ən qızğın döyüşlər Lələtəpə istiqamətində gedirdi. Həmişə fikirləşirdim ki, birdən döyüş başlayar, mən orda olmaram... Komandirlərlə əlaqə yaratdım, səsləri necə gözəl gəlirdi, elə bil çağlayan çay idi, gurlayan səma. Hamı sevinirdi. Hər kəsin üzündə bir sevinc var idi. Elə bil dünya işıqlanmışdı o səhər. O döyüşlərdə əsgərlərimiz böyük qəhrəmanlıq göstərdilər. 22 ildir ki, düşməndən qisas gününü gözləyirəm. Həmin gün 4 nəfər şəhidimiz oldu. Lakin əsgərlərin arasında böyük ruh yüksəkliyi var idi. Uğurlu döyüş aparılmışdı. Heç bir əlavə qüvvə olmadan əks hücuma keçən döyüşçülərimiz ermənilərin "Ohanyan xətti" deyilən uydurma mifini sındıraraq, 40 dəqiqəyə düşmənin bütün mövqelərinin altını-üstünə çevirmişdilər.
Səngərdə 21 düşmən meyiti qalmışdı, onların da hamısı avtomat silahdan açılan atəşlə məhv edilmişdi. Düşmənin həmin istiqamətdə həyata keçirmək istədiyi hücuma dəstək məqsədi ilə döyüş meydanına çıxarmaq istədiyi 15 ədəd tankdan 9-u ekipajı ilə birlikdə qəhrəman əsgərlərimiz tərəfindən məhv edilmişdi. Döyüşün sonunda isə düşmənin daha iki ədəd tankı, bir ədəd də PDM-i məhv edildi.
- Nəticədə işğal olunmuş ərazimizin bir hissəsi azad edildi, Lələtəpəyə uca bayrağımız sancıldı.
- Bəli, söhbət bundadır. Alınmış ərazilərin hesabı hektarla, kilometrlə ölçülmür. Bu döyüş müasir Azərbaycanın müharibə ilə üzləşdiyi gündən bəri apardığı döyüşlərin heç biri ilə müqayisə olunası deyil. Döyüşün əhəmiyyəti əsgərlərin savaş ruhu və onun qələbə əzmi ilə ölçülür. 2-5 aprel döyüşlərinin mənəvi-psixoloji, siyasi-beynəlxalq əhəmiyyəti isə ölçüyəgəlməzdir. Bu döyüşün adını gələcək tarixçilər verəcək.
Aprel döyüşləri ilk növbədə xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu və bu döyüşlər zamanı diqqəti çəkən ən həssas məqamlardan biri də o oldu ki, şəhidlərimizin dəfni adi hüzr məclisi kimi deyil, bir qəhrəmanlıq dastanının şahidliyinə yığışan izdihamlarla yadda qaldı.
Aprelin 2-si günü biz bir millət olaraq yenidən doğulduq, dirildik, ayıldıq. O döyüş insanları dəyişdi. Bəlkə də çoxu bunu hələ dərk etmir. İnanın ki, bu belədir. Biz bir millət olaraq çox əziyyətlər çəkmişik, çox qırğınlar, soyqırımları görmüşük. Həmin günə qədər ruhumuzda bir məğlubiyyət əzginliyi, utancaqlığı, başıaşağılığı var idi.
- Gec deyildi ki?
- Gec olmağı hər an gecdir. Ancaq bu baş verdi... Biz boynumuza alsaq da, almasaq da, bu danılmaz bir faktdır ki, bizi istəməyən kifayət qədər güclü tərəflər var və onlar hər zaman mənfur qonşularımızın yanındadırlar. Təkcə bu gün deyil ki... Ötən əsrin əvvəllərindəki 1905-1907-ci illərimi deyim? Yoxsa 1918-1919-cu illəri... Bakıdakı qırğınlar, Quba, Şamaxı qırğınları... hansı birini sayım? Ermənilər harada olublarsa, orada qan töküblər. Hər zaman böyük güclərin əlində alət olublar. Xislətləri belədir. Türkün qanına susayıblar həmişə. Bəzi tərəfdarları bizdən uzaqlarda olsa da, lobbiləri güclü olub.
- Sizcə tarixin müəyyən məqamlarında biz niyə güclü ola bilməmişik?
- Bu tarixdir də... vaxt olub biz də güclü olmuşuq. Döyüşmüşük. İmperiyalar yaratmışıq. Sonra tarix bizim xeyrimizə işləməyib. Zaman bizdən üz döndərib. Birliyimizi qoruya bilməmişik. Bizi ən çox sındıran Sovet rejimi olub. Bizim tariximizi bizə yasaq ediblər. Elə götürək indi başçılıq etdiyim Xocavənd rayonunu. Az qala Allahın da yadından çıxmışdıq. Nə Sovetin vaxtında, nə də Sovet dağılandan bir az sonra bizim adımız, heç yerdə yox idi. Politexnik İnstitutunu bitirib gələndən sonra iş istədim, vermədilər. Azərbaycan Mərkəzi Komitəsinə işlə təmin olunmağıma köməklik göstərilməsi ilə bağlı məktub yazırdım, məktubumu yenidən keçmiş Martuni rayon Partiya Komitəsinin birinci katibi Petrosyanın üstünə göndərirdilər. Qarabağda dövlət idarələrində də ermənilər işləyirdi. Tək-tük halda azərbaycanlılar ya müəllim, ya həkim işləyə bilərdilər. Ancaq Bakıda iki nəfər vəzifəlidən biri erməni idi. Dərdimizi kimsə bilmirdi. Düşməni evimizin içərisinə buraxmışdıq, tanımamışıq. Güclü ola bilməməyimizin kökü bəlkə də hədsiz dərəcədə unutqan olmağımızla bağlıdır.
- Yaddaşınızda unuda bilmədiyiniz erməni sifətləri qalıbmı?
- Əvvəllər mənim üçün erməni təkcə Qoqo və Mişadan ibarət idi (hər ikisi azərbaycanlıların həyət-bacasında gündəlik yemək üçün səhərdən axşamacan işləyərdilər - A.E.).
Lakin hər zaman içərimdə ermənilərə qarşı bir kin, nifrət olub. Bakıda işləyəndə ermənilərlə heç yola getməzdim və vaxtilə bunu mənə irad tutanlar sonralar mənim haqlı olduğumu etiraf edirdilər. Əlbəttə, indi çox ermənini xatırlayıram...
- Başımıza gətirilənlərdən sonra erməni ilə dostlaşmaq olarmı?
- Yox! Olmaz! Bu düşmən çox məkrli düşməndir. Güclü olmalıyıq. Onların millətimizə yaşatdıqlarının bədəlini ödətdirməliyik. Bizə mənsub olanın hamısını onlardan geri almalıyıq. Onda onlar bizə nökər olacaqlar. Bir olmalıyıq. Zəif olduqsa, demək batdıq.
- Qadınlar döyüşə gedirlər, vuruşurlar... Necə baxırsınız?
- Əla! Biz türklərin qadınları tarixən həmişə Vətən və Torpaq uğrunda ərləri ilə bərabər vuruşublar. Birinci Qarabağ savaşında da igid qız-gəlinlərimiz qəhrəman oğullarımızla çiyin-çiyinə döyüşürdülər.
-Torpaq nədir?
- Torpaq müqəddəsdir. Ondan müqəddəs nə var ki? Hansı torpaqda babalarımızın, əcdadlarımızın məzarı varsa, ora Vətəndir. "Torpaq Şəhid qanı ilə qarışanda Vətən olur". Torpağı şəhidlər, qazilər Vətən edir.
- Sizin üçün əsl kişi olmaq düsturu da torpaqdan, Vətəndən keçir. Bizim mentalitetdə namus, qeyrət deyəndə, əvvəlcə evin içini, qadını düşünürlər. Mənə elə gəlir ki, hərdən çox cılız hisslərdən qeyrət, namus qalası düzəldirik. Ancaq torpağı əldən veririk...
- Bilirsiniz ki, qədim türklərdə döyüşçünün atı, silahı və onun xanımı hər zaman müqəddəs sayılıb. Böyük Türk xaqanı Mete xanla müharibə etməyə bəhanə axtaran yadellilər ona xəbər göndərirlər ki, əgər atını verməsə müharibəyə başlayacaqlar. Böyük xaqan əmr edir ki, atını versinlər. Daha sonra düşmən tərəf bildirir ki, gərək qılıncını, üstəlik qadınını da verəsən. Xaqan düşmənin bu istəyini də yerinə yetirir. Bundan ayağı yer alan düşmən elçiləri xaqandan ölkəsinin ən yararsız, münbit olmayan bir hissəsini də verməsini istəyir. Mete xan onlara deyir: "Torpaq babalarımın əmanətidir. Onlara xəyanət edə bilmərəm". Və düşmənlə döyüşə başlayır. Torpağını qoruyur. İnsanın torpağı əlində olanda namusu da əlində olur.
- Neçə dostunuzu itirmisiniz döyüşlərdə?
- Çox yaxın və dəyərli adamlarımı, dostlarımı itirmişəm. Gözümün qabağında tikəsi əl boyda olan əsgərlərim, dostlarım olub. Baxmışıq ki, şəhidin paltarı var, özü yoxdur. Mərmi tikə-tikə edib. 1992-ci ildən danışıram. Bir ailənin tək uşaqlarını döyüşə getməyə qoymurduq. Yaqub adlı bir rabitəçimiz var idi. Qərargah rəisinə zəng vurdu ki, komandir mən də getmək istəyirəm. Dedim Yaqub sən bizə burda lazımsan. Mənə "yaxşı" desə də, sonra qaçıb qoşulmuşdu döyüşə gedən uşaqlara. Elə ilk döyüşdə də həlak oldu. Müharibə dəhşətdir. Bilmirsən harada kimi alacaq əlindən və sənin sonun hansı məqamdadır. Vətən uğrunda döyüşəndə isə itkinin ağrısını təzə-təzə hiss etmirsən.
- Sizin ərazidə yaşayan şəhid ailələrinin problemləri necə həll olunur?..
- Həm şəhidlər, həm onların ailələri, həm də qazilər heç vaxt unudulmurlar. Bu gün onların üzləşdikləri bütün problemlər dövlətimiz tərəfindən tez bir zamanda həll olunur. Bu insanlar hər zaman Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Bəzən olur ki, Vətən uğrunda canını fəda etmiş qazilərimiz hansısa sənəd üçün idarə qapılarına gedir. Kimsə onları incidir, sənədinin verilməsini ləngidir. Belə döyüşçülər Vətənə nümunədirlər. Vətən yolunda can qoyublar. Şəhid anasını, xanımını qapıda gözlədən, onu qapıdan qaytaran hər hansı məmur düşməndən də pisdir. Aprel döyüşlərindən sonra bütün Azərbaycan xalqının başı ucaldı. Həmin sevinci, qüruru bizə kim yaşatdı? Bu qazilər, o şəhidlər. Bizim bir millət olaraq onları unutmağa haqqımız yoxdur.
- 24 ildir ki, həm üzü Qarabağa baxıb köks ötürürsünüz, hər gün müharibə eşqi, Vətən torpaqlarını azad etmək arzusu ilə yanırsınız. 24 ildir ki, əhalisi məcburi köçkün olan bir rayonun rəhbərisiniz. Özünüzdən razısınızmı?
- Özümdən elə həmişə narazıyam... Biz ancaq sonuncu bir ovuc toropağımızı da geri alandan, üçrəngli bayrağımız Xankəndində, Şuşada dalğalanandan sonra razılıqdan danışa bilərik.
- Gücünüzü haradan alırsınız? Günün nə qədər hissəsini yata bilirsiniz?
- Mən gücümü müstəqil dövlətimin varlığından alıram. Desəm ki, yatmıram gecələr... Bəlkə də inanmazsınız. Üç-dörd saat mürgü vururam... O da yatmaq deyil ki...
- Yuxularınızda nə görürsünüz?
--Yuxularımda tez-tez kəndimizi, gəzib dolaşdığım doğma yerləri görürəm, döyüş görürəm, müharibə görürəm... Həyatda heç vaxt görmədiyim, heç vaxt qarşılaşmadığım Dilqəm Əsgərovu görürəm. Onun baxışları getmir gözümün qabağından. İnanırsınız onun otağımda olan şəkilinə də baxmağa sanki utanıram. Düşmənə yönələn nifrət dolu baxışı ilə sanki bizi də qınayır, məzəmmət edir.
- Təəssüfləndiyiniz olurmu?
- Bəs gecələr insan niyə yata bilmir ki? Təəssüflər qoyur ki, yatmağa...
- Yəqin ki torpaqla bağlıdır?
- Əlbəttə...
- Tanrı ilə üz-üzə qalsaydınız nə soruşardınız?
- Nə deyim... Soruşmağa bir sözüm də yoxdur.... Tanrı bizə verdiyini verib də... Böyük bir Vətən vermişdi... Üzü Moqolustandan Yaqitiyyəyə, Sabiriyyəyə qədər... Yüz illərin dövlətçilyini itirdik. Birliyimiz olmadı. Xanlıqlara ayrılıb bir-birimizlə vuruşduq. Düşmən kənardan baxıb sevindi. İndi də Allah-təala bizə birləşmək üçün Qarabağ dərdini verib. Qalıb ki, özümüzə , kökümüzə dönüb, bu problemimizi həll edək. Tanrı bizə güclü olmaq üçün məkrli düşmən verib. İstəsək də, istəməsək də güclü olmağa məhkumuq.
- Ruhunuzu göylərə əmanət edəndən sonra hansı türk fatehi ilə rastlaşmaq istətərdiniz və ona vermək istədiyiniz ilk sual nə olardı?
- Bir az əvvəl də qeyd etdiyim kimi, böyük Vətənimiz üçün ən vacib və tarixi əhəmiyyətli bir dönəmdə biz parçalandıq, xanlıqlara bölündük. Ayrı-ayrılıqda isə təbii ki, zəif olduq və ard-arda gələn bəlaları dəf edə bilmədik. Bax, tariximizin bir hissəsi olan həmin Xanlarımızla görüşmək istəyərdim və onların hamısına bir sual ünvanlayardım.. Axı siz niyə Bütöv, Böyük Azərbaycan uğrunda birləşmədiniz? Niyə birləşə bilmədiniz?
- Hər gün savaş, hər gün müharibə, hər gün top mərmisinin səsi... Heç o döyüşlərə gedəndə şəhid olmaq haqqında fikirləşdinizmi? Birdən geri dönmədim, - keçdimi ağlınızdan?
- Vallah, bəxtimiz gətirməyib Şəhid olmağa. Şansımız olmayıb. Döyüşə girən adam ölmək haqqında fikirləşsə, döyüşə bilməz. Biz döyüşlərə hər zaman qələbə qazanmaq üçün girmişik. Yoldaşlarla döyüşə gedirsən kimsə qayıtmır. Aparıb dəfn edirsən, gəlirsən, yenə döyüşürsən. Yəni döyüş mövqeyində hər an qələbəyə hesablanır. O sevinci yaşamaq üçün gərək bircə gün səngərə girəsən. Qardaşlarımın dördünü də ən çətin döyüşlərə göndərmişəm. Ölümə göndərmişəm. İcra başçısı işləməyimə baxmayaraq, yenə göndərmişəm. Deyirdim ki, əgər qismətinizdə bu ölüm varsa, qoy torpaq uğrunda olsun. Vətən ona görə qiymətlidir ki, onun şəhidi var. Şəhidi olmayanın Vətəni də olmur. Ən böyük dəyərimiz Şəhidlərimizdir, Şəhidlər varsa millət də var Vətən də var. Onlar olmasa biz nə olarıq?!.
- Nədən qorxursunuz?
- Gecə-gündüz Tanrımdan onu istəyirəm ki, sonumu döyüş meydanında gətirsin. Atəşkəs elan olunsa da mənim üçün müharibə bitməyib. Bu Vətən uğrunda savaşmışam hər zaman. Mənim həyatımın məntiqi sonluğu, fəlsəfəsi döyüşdə yekunlaşmalıdır. Yataqda ömrümü başa vursam, elə bilərəm ki, bütün gördüyüm işlər boşa gedib. Bir də qorxuram ki, müharibə başlaya, mən orda olmayam, mənsiz azad oluna torpaq... Bax onu nə özümə, nə də Tanrıma bağışlamaram.
Bir daha aprel döyüşlərinə qayıtmaq istəyirəm. Bu döyüşdə Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə layiqli cavabı ilə təsdiqlədi. Növbəti zərbə isə daha sarsıdıcı, düşmən üçün daha öldürücü olacaqdır. Bu gün Azərbaycan xalqı hər zaman olduğu kimi öz əsgərinə, öz zabitinə inanır və güvənir. Aprel döyüşləri zamanı bütün milətimiz səngərdə döyüşən igid oğullarımızla bir yerdə idi, bütün xalqımızın ürəyi onlarla bir yerdə döyünürdü. Həmin döyüşlərdə biz qələbə üçün lazım olan ən əsas məqamı, rəhbər, xalq və ordunun birliyini, vəhdətini gördük. Bu gücün, bu birliyin memarı isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Biz əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında tezliklə bütün işğal altında olan torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik və Azərbaycanımızın dövlət bayrağı Şuşada, Xankəndində, Xocavənddə və işğal olunmuş digər yurd yerlərimizdə zəfərlə dalğalanacaqdır.
Aida Eyvazlı