30 Mart 2025 10:41
838
HADİSƏ

107 il əvvəlin bu günü:Andranikin quldur dəstəsi Qarabağda

1918-ci il martın 30-da Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb.


Adalet.az xəbər verir ki, Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə əsrin dəhşətli mənzərəsini yaratmışdı. Əhalisi soyqırım və deportasiyalara məruz qalmış yurd yerlərimizdən biri də Qarabağ torpağıdır.


Faktlara müraciət edək: Andranikin dəstələrinin Qarabağda törətdiklərinin qanlı nəticələri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci ilin iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının materiallarında öz əksini tapıb. Erməni silahlı dəstələrinin Qarabağda və Zəngəzurda dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin araşdırılması üzrə Komissiyaya başçılıq edən xüsusi işlər üzrə müstəntiq N.Mixaylovun məruzəsində Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının sakinlərinin məruz qaldığı zorakılıq faktları yer almışdır. Məruzənin müəllifi bildirir ki, Qarabağın müsəlman sakinləri fasiləsiz olaraq "həm Qarabağın yerli erməni əhalisi, həm də İrəvan quberniyasının erməni qaçqınları, eləcə də Türkiyənin vilayətlərindən gələn, elə bu gün də müsəlmanlardan (azərbaycanlılardan) Ermənistan Respublikasının dövlət hakimiyyətinə tabe olmalarını tələb edən erməni əsgərləri tərəfindən hər cür zorakılığa məruz qalırlar."
N.Mixaylov "həmin rayonda yaşayan azərbaycanlıların tezliklə və uğurla məhv edilməsi üçün dağətəyi zolağında yaşayan ermənilərdən ibarət silahlı qüvvələrin məxsusi olaraq gücləndirilməsi" fonunda Cavanşir qəzasının Kelanin icmasının müsəlmanlarının (azərbaycanlıların) yaşadığı faciəni təsvir edir.


Məruzədə qeyd edilir ki, "adıçəkilən icmanın müsəlman (azərbaycanlı) əhalisinin yaşadığı kölə həyatı uzun aylar, bəzi kəndlərdə 1918-ci ilin sentyabrına, digərlərində isə hətta dekabrına qədər davam etmişdir. Həmin vaxt ümidsizliyə qapılmış müsəlmanlar (azərbaycanlılar) insan tələfatı bahasına belə, erməni dəstələrinin onları saldıqları "mühasirə"dən çıxmağa və düzənlik boyu müsəlman (Azərbaycan) kəndlərində necə gəldi məskunlaşmağa qərar verdilər.
Onlar bunu bacardılar, amma dəhşətli itkilər verməklə. Qaçqınlar öz daşınan əmlakını, kənd təsərrüfatı avadanlığını, demək olar ki, bütün mal-qarasını itirdilər, onların evləri və təsərrüfat tikililəri tamamilə darmadağın edildi və ən əsası, müsəlmanlar (azərbaycanlılar) arasında xüsusilə qadınlar və uşaqlar aclıqdan, soyuqdan, xəstəliklərdən və qaçqın düşmələri ilə bağlı yaranan digər məhrumiyyətlər səbəbindən öldülər. Qaçqınların bir çoxu onları təqib edən ermənilər tərəfindən qətlə yetirildi, digər sakinlər, məsələn, ahıl kişilər və qadınlar, qaçmaq imkanından məhrum olan şikəstlər isə elə kəndlərin içində qırıldı."

Araşdırmaçıların , tarixçilərin bildirdiyinə görə N.Mixaylovun məruzəsində erməni quldur dəstələrinin Qarabağ azərbaycanlılarını necə vəhşiliklə məhv etdiklərinə dair çoxsaylı misallar göstərilir. Onlardan biri də budur: "Cinsiyyətindən, yaşından asılı olmayaraq qəzanın bütün sakinlərinə, azyaşlı uşaqlara, qocalara və hətta şikəstlərə qarşı çoxsaylı qətllər törədən ermənilər aşağıda sadalanan bəzi hallarda qətlləri son dərəcə əzab verməklə və vəhşiliklə törədirdilər.

Belə ki, Umudlu kəndində Süleyman Qazaxaslan oğlu, Məmməd Məşədi Paşa oğlu və Kazım Atam oğlu qətlə yetirilərək hissələrə ayrılmışdı, həmkəndliləri onları belə halda tapmışdılar. Hacıqərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızı adlı qadının meyiti tapılanda döşləri kəsilmiş vəziyyətdə idi.

Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu, elə erməni Zaxariya Kukurovun sözlərinə görə, qəddarlıqla qətlə yetirilmiş və meyitləri yandırılmışdı. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və meyiti yandırılmış vəziyyətdə tapılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən başları kəsilib aparılmış şəkildə tapılmışdı."

Fövqəladə Təhqiqat Komissiyasının materiallarında ermənilərin Şuşa şəhəri və Şuşa qəzasının Qoqo, Tuğ, Atmazlı, Keştmazlı, Qazanlı və b. kəndlərində törətdikləri vəhşiliklər ətraflı təhlil olunur və göstərilir ki, təkcə Şuşa qəzasında dağıdılmış, yandırılmış, talan olunmuş azərbaycanlı kəndlərində öldürülənlərin sayı 100 nəfərdən çox idi.

1919-cu ilin yayının əvvəlində erməni təcavüzkarları qanlı münaqişəyə yeni təkan verdilər. Ermənistan Respublikası Qarabağda yaşayan erməniləri külli miqdarda silahla təmin etdi. İyunun 4-5-də ermənilərlə toqquşmalar zamanı Azərbaycan Ordusunun bir neçə əsgəri həlak oldu. General-qubernator X.Sultanov ermənilərin hərəkətlərinin qarşısının alınması üçün sərt tədbirlər gördü. O, Erməni Milli Şurasının üzvlərini Qarabağdan qovdu, bundan sonra regionda nisbi asayiş bərpa olundu.
1919-cu ilin noyabr-dekabr aylarında Ermənistan ilə Azərbaycan arasında silahlı toqquşmaların dayandırılması barədə saziş əldə edilsə də, Ermənistan qoşunları yenidən Azərbaycana hücum etdi. Təxminən 10 min nəfərlik erməni nizami ordusu Zəngəzurdan Qarabağa keçərək, yolunun üstündəki Azərbaycan kəndlərini dağıtdı.


AXC-nin xarici işlər naziri F. Xoyskinin Ermənistan XİN-ə ünvanladığı notada qeyd edilirdi ki, 19 yanvar 1920-ci il tarixində erməni qoşunları Zəngəzurdan Şuşa qəzasına doğru hücuma başlayıb, "öz yollarındakı bütün müsəlman (Azərbaycan) kəndlərini atəşə tutublar, onlardan 9-u son günlərdə talan edilib... görünür, erməni qoşunları öz hökumətinin müəyyən planını yerinə yetirərkən yenidən müsəlman (Azərbaycan) kəndlərini məhv etməyə, sakinlərini isə amansızlıqla qətlə yetirməyə başlayıblar."
Belə ki, 1905-1906-cı illərdə Şuşada azərbaycanlıların yaşayış məntəqələrinə gedən həyati əhəmiyyətli yolların bağlanması üsulundan 1918-1919-cu illərdə Azərbaycanın Qarabağda erməni təcavüzünə qarşı mübarizə apardığı bir dövrdə də istifadə olunmuşdur.

Parlamentin 7 iyul 1919-cu il tarixli iclasında millət vəkili Q.Qarabəyov bildirmişdi ki, ermənilər Yevlax-Şuşa yolu boyunca təpələrdə yerləşən kəndlərlə yanaşı, şosse yollarını da atəşə tutur, sakinləri öldürür, yük maşınlarını qarət edirdilər. Karyagin-Şuşa, Karyagin-Gorus yolları ermənilərin əlində idi və heç bir azərbaycanlı bu yollardan keçə bilmirdi.



"...Bütün şəhər (Şuşa), - Q.Qarabəyovun sözlərinə görə, alov içində idi. İlk erməni-müsəlman (Azərbaycan) qırğınlarının törədildiyi 1905-ci ildən etibarən Şuşada olduğu kimi, şəhər sakinləri erməni və müsəlman (azərbaycanlı) hissələri arasındakı sərhəddə mövqelərini tutdular və atışma başlandı."

"Azərbaycan" qəzeti Andranikin dəstəsinin üzvlərinin cinayətkar əməlləri barədə yazırdı: "Qarabağda ermənilər müsəlman (azərbaycalı) kəndlərini talan edirlər. Lehvazçay, Aldərə, Nüvədi, Əli-Oxçu, Şabadin, Meydan, Qaragül, Qaraçimən, Şəhidli, Bürünlü, Əskərlər, Tey, Vartanəzir və digər kəndlər tamamilə külə çevrilib. Bu rayonların əhalisinin bir qismi hücumdan qaçaraq Ordubada və İrana pənah gətiriblər. İndi bütün məscidlər və küçələr dul qadınlarla və yetim uşaqlarla doludur. Bu yazıq insanlar hər gün soyuqdan və aclıqdan ölürlər... İrəvandan Şuşaya qədər ərazilərdə 1 milyona yaxın müsəlman (azərbaycanlı) yox edilir, məhv edilir və həlak olur..."

 Əntiqə Rəşid                                                                                                                                                                              (Yazarın arxivi - 2023)