19 Yanvar 2025 10:57
884
GÜNDƏM

Rus - erməni birliklərinin hücumu, SSRİ-ni  qəzəbləndirən qərar: Sədərək döyüşü - 35 

1990-cı illərin əvvəllərində erməni quldurlarının və SSRİ-nin nizami  ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonuna ( o vxt Sədərək kəndi idi. red-Ə.R) hücumundan 35 il ötür.

 Xatırlladaq ki, 15 yanvar 1990-cı il də ermənilər Azərbaycan ərazilərinə güclü hücumlara başladı. Xüsusən Naxçıvanın Sədərək rayonuna basqınların sayı intensivləşirdi. Düşmənlərimiz 18 yanvarda Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Güclü müqavimətə baxmayaraq, yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu.


Bu “uğur”dan dişində şirə qalan ermənilər yenidən hücumlara başladılar. 19 yanvar isə Ermənistanın Ararat rayonunun Yeraxs kəndi tərəfindən Naxçıvan MR-nın Şərur rayonunun Sədərək qəsəbəsi əvvəlcə toplardan atəşə tutuldu, sonra isə silahlı basqın edildi. Nəticədə qəsəbədəki şərab zavodu, məhsul dolu iki çən partladıldı, obyektlər yandırıldı, 5 yaşayış evi dağıdıldı, 7 nəfər dinc azərbaycanlı öldürüldü, 23 nəfər isə yaralandı.

Məlumatlarda deyilir ki, Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar olur. 19 yanvar polis kapitanı Azər Seyidov mühasirəyə düşür. (Qeyd edim ki, mövzu ilə bağlı Azər Seyidovla müsahibəm var. O iddia edir ki, məni heç kim mühasirədən çıxartmayıb.

Ərazini yaxşı tanıdığım üçün mühasirəni özüm yarıb keçmişəm ) Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürüür, o, vuruşaraq polis kapitanının yanına çata bildi, amma o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu.( Yeri gəlmişkən, Azər Seyidov iddia edirdi ki, Məhərrəm nəinki Azəri xilas etməyə gəlmişdi, hətta döyüşə girmədən erməni snayperi ilə öldürülmüşdü ) Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Bundan başqa: Həmin gün   Sədərək ağır sınaqla üz-üzə qalır. Naxçıvanın müxtəlif bölgələrindən - Şərurdan, Ordubaddan, Culfadan, Naxçıvan şəhərindən, Nehrəmdən, Cəhridən və digər kəndlərdən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidovla bərabər , Mirhəşim Seyidov, Məmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları. 

1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan edib. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunub ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilib.


Yeri gəlmişkən, M. Seyidov 7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan oldu. 1969-cu ildə burada N. Nərimanov adına orta məktəbi bitirdi.  Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra, əmək fəaliyyətinə Daxili İşlər Orqanlarında başladı. 1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırıldı. Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyası) bitirdikdən sonra Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.
Uzun sözün qısası, 19 yanvar döyüşlərində şəhid olan kapitan Məhərrəm Mirəziz oğlu Seyidov Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Eyni zamanda "Qızıl Ulduz" medalı ilə(ölümündən təltif olunur. Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub.
Şərur şəhər 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.

 Allah şəhidlərimizə rəhmət eləsin!

Əntiqə Rəşid

( Yzarın arxivi)