adalet.az header logo
  • Bakı -°C
17 Oktyabr 2026 13:56
70
SİYASƏT
A- A+

“1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanı nüfuzlu gücə çevirdi”

Azərbaycanın müasir siyasi tarixində 1993-cü il yalnız hakimiyyət dəyişikliyi ilə deyil, dövlətçiliyin taleyi ilə bağlı mühüm qərarların qəbul edildiyi dövr kimi yadda qalıb. Prezident İlham Əliyevin YAP-ın 8-ci qurultayında həmin illərlə bağlı səsləndirdiyi fikirlər müstəqilliyin ilk mərhələsində yaşanan siyasi böhranı, idarəetmədəki ciddi problemləri və dövlət rəhbərliyinin tarixi məsuliyyəti məsələsini yenidən gündəmə gətirdi.

1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Ermənistanla müharibə, ərazi itkiləri, iqtisadi tənəzzül, hakimiyyət daxilində qarşıdurmalar və silahlı qruplaşmaların fəaliyyəti ölkədə sabitliyi ciddi şəkildə sarsıtmışdı. Dövlət institutlarının zəifliyi, siyasi qüvvələr arasında kəskin ziddiyyətlər və vahid idarəetmənin təmin edilməməsi müstəqilliyin qorunmasını çətinləşdirirdi.

Həmin dövrü qiymətləndirərkən bir daha aydın olur ki, ən vacib faktor siyasi rəhbərliyin ən çətin məqamda xalqın və dövlətin qarşısında daşıdığı məsuliyyətdir. 1993-cü ilin böhranı isə siyasi qüvvələr arasındakı mübarizə ilə yanaşı, həm də idarəetmədə yol verilmiş ciddi nöqsanların nəticəsi idi.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. “Çünki o vaxt işğala məruz qala-qala bizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Biz faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurduq. O səviyyəsiz AXC-Müsavat hakimiyyəti əlini ağdan-qaraya vurmadı ki, bunu dəyişdirsin. Yəni biz beynəlxalq təcriddən çıxmalı, öz mövqeyimizi bildirməli, haqlı olduğumuzu sübut etməli idik”. Amma ovaxtki siyasi rəhbərlik dövlətçilik maraqları haqqında düşünmək belə istəmirdi.

1993-cü ilin hadisələri göstərdi ki, dövlətin mövcudluğu üçün yalnız müstəqilliyin hüquqi baxımdan elan edilməsi kifayət deyil. Onun qorunması siyasi sabitlik, ictimai etimad və məsuliyyətli rəhbərlik tələb edir.

Həmin dövrdə lider faktorunun əhəmiyyəti məhz bu şəraitdə ön plana çıxdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin idarəçilik sistemində yeni mərhələnin başlanğıcı oldu. Beləliklə, siyasi sabitliyin bərpası, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və iqtisadi böhrandan çıxış yollarının müəyyənləşdirilməsi istiqamətində addımlar atıldı.
Mürəkkəb daxili və xarici şəraitdə dövlət institutlarının fəaliyyətinin bərpası, nizami ordu quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi və iqtisadi inkişaf üçün hüquqi-siyasi əsasların yaradılması əsas prioritetlərə çevrildi.
Liderlik qərar qəbul etməklə yanaşı, həm də böhran şəraitində məsuliyyəti üzərinə götürmək, ictimai etimadı qorumaq və dövlətin uzunmüddətli maraqlarını təmin etmək qabiliyyətidir. Bununla yanaşı, tarixi təcrübə göstərir ki, siyasi liderliyin davamlı nəticələri güclü dövlət institutlarının formalaşdırılması ilə mümkün olur. Xüsusilə gənc nəslin müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri, siyasi qarşıdurmaların nəticələrini və dövlətçilik sabitliyinin əhəmiyyətini bilməsi vacibdir.

Bu baxımdan 1993-cü ildə baş verən ictimai-siyasi proseslər göstərdi ki, siyasi hərc-mərclik və idarəetmə böhranı dövlətin təhlükəsizliyinə birbaşa təsir göstərir. Belə şəraitdə məsuliyyətli siyasi rəhbərlik, milli həmrəylik müstəqilliyin əsas şərtlərinə çevrilir.

1993-cü ilin oktyabrında başlanan yeni siyasi mərhələ Azərbaycanın sonrakı inkişafına təsir göstərən mühüm hadisə oldu. Bu dövrün təcrübəsi bir daha xatırladır ki, dövlətçilik yalnız qazanılmış müstəqillik deyil, həm də onun qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi məsuliyyətidir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı