08 Aprel 2025 16:50
1650
MƏMLƏKƏT

 Baş Qərvəndlə 26 + 4 il, 4 ay, 16 gün sonra  vüsal anı - REPORTAJ

Əziz oxucularımız, bu günlərdə baş tutan Baş Qərvənd səfərim həyatımın ikinci ən böyük hədiyyəsi oldu. Bu hədiyyənin müəllifi şəhidlərimiz, qazilərimiz olsa da, təqdimat şəhid anası Maya xanım Quluyeva tərəfindən mənə bəxş edildi. Əvvəlcə, hüzurlarınızda şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyir, Maya xanıma təşəkkür edir və  Qarabağa etdiyim turu silsilə şəklində sizinlə paylaşmaq istəyirəm.

  Yurdum-yuvam məskənimsən -  Baş Qərvənd

Maya xanımla səfərimizə Quzanlıdakı Ağdam şəhidlər Xiyabanından başlayırıq. Şəhidlərimizin müqəddəs ruhlarına dualar, Allaha bu günkü azad torpaqlarımız üçün təşəkkürlər edib yola düzəlirik.

Sükanın arxasında oturmuş Maya xanıma bildirmirəm, amma kəndimizə gedən yolun üstündəki Təzəkəndi keçdikdən sonra, obamıza yaxınlaşdıqca ürəyimin tappıltı ilə çarpması, gözlərimin giryan-giryan sağa-sola dönməsi az qala ruhumu əlimdən alır. Kəndimizin girəcəyindəki Xaçın körpüsünü də keçirik, necə deyərlər, gözüm dörd oldu. Düzlənmiş ərazidə fəhmlə doğma işarələr, axtarıram.

 

Hə, bu dağıntı topası, hamının tanıdığı Qərvənd Camalın-siyasətçi Camal Əhmədovun yaratdığı gül becərmək üçün “istixana”ının xarabalıqlarıdı. Orada xeyli qız-qadın işləyirdi. Gül-çiçək becərmək qadınların sevimli məşğuliyyəti olduğu üçün burada işləməyə meyilli olanlar çox idi. Heyf... indi  burda kol-kos və bir qalaq daşdan başqa heş bir şey qalmayıb.

İkinci gördüyüm isə 1985-ci ildə açılışında məktəbli olaraq iştirak etdiyim 1941-45-ci il Böyük Vətən Müharibəsində həlak olan azərbaycanlılara həsr olunmuş abidənin qalıqlarıdı. Abidəyə düzmək üçün özümüzün, qonşularımızın həyət - bacasındakı gül kollarını “föt” elədiyim yadıma düşür. "Bıy, bəs bizim sinfimiz ilk gül dəstələrini abidəyə düzənlər olacaq axııı...Elə şey olar ki, əliboş ora gedək?".

Elə sevinirdik, sanki abidəni özümüz tikmişik, öz əl əməyimizin məhsuluydu. Bayquşlardan sonra abidəmiz bu gündədir.


4 ildə kəndimizə gəlməməyimin bir səbəbi də bu yıxılmış xaraba qalmış doğma kəndimi görəndən sonra 26 özümdə yaşatdığım kəndimizi unudacağımı düşünürdüm. Elə bilirdim, kəndimizi xaraba görəndən sonra kəndlə bağlı bütün xatirələrim, anılarım hamısı beynimdə uçub gedəcək. İndi bu məqaləni hazırlayarkən anlayıram ki, heç nə unudulası deyil.

Hətta ölərəmsə, qəbrimdə də o günləri unutmaram, qəbrimin üzərindəki torpaq da, otlar da, çiçəklər də mənim xatirələrimdən məni xatırlayanlara xəbər verəcək.

 Abadlıq başlayır, ərazi təmizlənir...

Kəndimizin yenidən tikiləcəyini 2023-cü ililin dekabrında eşitdim. Rəsmi mənbələr bildirirdi ki,  ümumi ərazisi 476 hektar olan kəndimizdə 6057 nəfərin məskunlaşacaq, 1495 evin tikiləcək. Deyirdilər ki, birinci mərhələdə kəndə 851 ailənin - 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Bu evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Təki olsun, təki  tikilsin, qurulsun! Düşmənə hər zaman əməlimizlə, işimizlə, uğurumuzla  dağ çəkək!

(Həlimə nənənin evinin qalıqları)

Bir də deyilirdi ki, bizim kəndimiz də "ağıllı kənd" olacaq: Zəngilan rayonunun Ağalı kəndi kimi,  Füzuli rayonunun Dövlətyarlı kəndi kimi... Kəndimizi də  Slovakiya Respublikasının mütəxəssisləri tərəfindən layihələndirilib. İnşallah, 2026-cı ilin sonuna qədər 34 min 600 Baş Qərvəndli ailəyə artıq  "köçkün" deyilməyəcək. 

 Həm də ermənilərin ballandıra- ballandıra öydükləri o məşhur "Ohonyan xətti" bizim kənddən də keçirdi. Orada  yeni evlər, qəsəbələr tikiləndən sonra bu da onlara bir əzab olacaq. Düşündükcə, gözlərim gülür. 

 Kənddəki hazırkı yeniliklər...

Kəndimizin mərkəzindən yüksək standartlara uyğun Xankəndi - Bakı şosse yolu keçir. Sürücülər demiş: "pervi klass" yol! Füzuli ərazindəki Zəfər yolundan sonra bu Qarabağa gedən 2-ci ən böyük şosse yoldur. Kəndin girəcəyində, ortasında və çıxışında 3 ədəd avtobus dayanacağı quraşdırılıb.
Kəndin içərisindən Bakı -Xankəndi dəmir yol xətti də keçir. 1990-cı illərdə bu dəmir yolu xətti kəndimizin şimal hissəsindən, kənddən aralı bir ərazidən keçirdi. İndi düz şosse yolun  yaxınlığındadır.

(Həlimə nənənin evindən durub kəndi seyr etmək qəlb yanğısından başqa bir şey deyil)

Amma, bir dənə olsun evin barısı hələki ucaldılmayıb. Baxmayaraq ki, hazırda yeni Baş Qərvənd, əvvəlki kəndimizdən xeyli kənarda salınır və o ərazilər kəndimizin əkin sahələri olub,  ora el arasında “Əppəkli dərə” kimi tanınırdı.

Vaxtı ilə -1900-cü illərdə oralar meşə ərazisi olduğu üçün sovet dönəmində meşəliklər doğranıb kolxoza verildi. Meşəliyin yerində pambıq, taxıl, yonca və s. kənd təsərrüfatı məhsulları əkildi. Ərazi o qədər bol məhsul verib ki, adı “Əppəkli dərə” kimi yaddaşlara qalıb. Kəndin yaşayış ərazisinin əkin sahəsinə salınması, köhnə yurdumuzda başqa planların, tikinti və abadlıq işlərinin olacağına üzülsəm də, buna da şükür edirəm.

(Kəhrizimizin "təpə"si)

Vaxtı ilə “gübrə iskladı” ( kolxozun əkin sahələrinə verilən gübrələr burada saxlanılırdı )dediyimiz tikilinin xarabalıqlarının yanından adlayıb evimizə tərəf addımlayıram. Tikililərin, evlərin heç birindən əsər əlamət qalmayıb, ancaq qalaqlanmış daş yığını, tək-tük ağaclar... vəssalam...

Fəhmimi işə salıram, evimizə doğru irəliləyirəm: Bu Eldar əmigilin evi, bu Məzahir əmimgilin həyəti, bura da Əvəz babanın ( 80-ci illərdə Üçoğlan kəndindən gəlib burada məskunlaşmışdılar.) evi...

Bura da bizim həyət!!!... Kəhriz quyularının əhatəsindəki evimiz... Evimizin bağında 2, ətrafımızda 7 kəhriz quyusu vardı. Bağban qabliyyətli atamın səliqəli bağı, sıra ilə əkilmiş narları, əncirləri, gavalı, alça ağacları susuzluqdan cırlaşsa da, çoxu qurusa da amma seçilirdi. “Mən burdayam” deyirdi. Acgözlüklə ətrafa baxıram... Evimizin yerindən “val” keçdiyi üçün dağıntılar ətrafa səpələnmiş, götürməyə imkanımız olmayan bəzi ev əşyalarımız da...Onları görəndə...

Gözümün yaşı selə dönür... Maya xanım da özünü saxlaya bilmir, yana-yana ağlamağım onu da ağladır... Bilmirəm, əziz oxucum... bilmirəm... hər daşı, hər ağacı, hər çınqılı sənin üçün doğma olan, orada uşağlığının, gəncliyinin izləri, sevincləri qalan abad, xoşbəxt bir yuvanın 30 ildən sonra belə görməyin acısını sizə anlada bilrəmmi?

O hissi yaşayanlar mütləq anlayar! Maya xanımdan utanıram. Ağı deyib, haray salıb ağlaya bilmirəm, dizimə, başıma döyüb, bu günü görməyən atamı-qardaşımı haraylaya bilmirəm. Xüsusən, atamın sevgi ilə, dizin-dizin sürünərək ağacları əkməsini, onu suvarmasını, həmin ağacların yüksələn boylarına baxmasını, baxarkən üzünün nurlanmasını xatırlayıram.

Ağaclarını da, min bir əziyyətlə tikdirdiyi ikimərtəbəli evinini də balaları qədər sevirdi. Düşünürəm ki, atam sağ olsaydı, İndi burada, lap mənim durduğum yerdə durub xarabalığa dönmüş evini, qurumuş, susuzluqdan, baxımsızlıqdan cırlaşmış ağaclarını görsəydi, onları da yeganə oğlunun tabutunu qucaqlayaraq ağladığı kimi ağlayardı? Çünki, o evi də, o ağacları da, o övladları da eyni sevgi ilə böyütmüşdü, onların yolunda minbir əziyyət çəkmişdi... Yəqin ki, heç olmuş əziyyətlərinə, boşa getmiş zəhmətinə yana-yana ağlayardı.

 

 Yada düşər xatirələr...


Bax, bizim həyətimiz 1 hektardan çox idi. Həyətimizi gəzə -gəzə axırda qonşumuz Şirin dayının da evinin yerini tapıram. Son illər  bizim  çəpərimizə bitişik böyük bir su hovuzu tikdirmişdi. O böyük hovuzu doldurardı suyla və günorta su ilıqlaşanda Şirin dayının 6 uşağı, bir də qonşuların bir neçə uşağı doluşardılar  o hovuza,  çimməyə...

(Məlum hovuz - kənardan foto)

Hamı bilirdi ki, bu səs- küy, sevinc bağırtıları “qaş qaralana” qədər davam edəcək. Dodaqlarının ətrafı gömgöy olan uşaqları axşam vaxtı da hovuzdan çıxarmağı qəliz məsələ olardı. Şirin dayı, əlində nar çubuğu hovuzun başına fırlana -fırlana hədələyirdi:”Bir də görərsiniz hovuza su vurduğumu... sizi çimməyə həsrət qoyajam... çıxın də köpəkuşağı...”
Bu hədədən sonra uşaqlar bir- bir hovuzdan çıxsa da, 2 gün sonra Şirin dayı hovuzu yenə doldurardı, yenə həmin həngamə... O qədər nadinc idilər. Nə vaxt həyətimizə girsəydik Şirin dayının oğulları Zauru, Elnuru gilanarın, gilasın başında görərdik. Özlərinin meyvə ağacları yeni əkilmişdi deyə körpə idi. Meyvələrini elə çiçək vaxtı yeyirdilər . Bizim bağa isə, çəpəri əzib yolağ düzəltmişdilər, oradan keçirdilər. Yeyirdilər, doyurdular, hələ evlərinə də pay aparırdılar. Atam bunları ağacda görəndə gülüb başını yelləyirdi:” Bala, darvazadan gəlin də, çəpəri niyə bu günə salırsınız?

(Hovuzun son halı -içərisi)

Hazırcavab Zaur o dəqiqə dillənirdi:"Yox e Rəşid əmi, deyib yemək ləzzət eləmir... belə yaxşıdır. Oğurluğun dadı, bal dadır".

 

 Kəhriz, Həlimə nənə, bəy evi...


Fəhmlə tapdığım evlərdən biri də Həlimə nənənin evidir. Ev kənddə tikilən ilk evlərdəndir. Bəy evi olub. İki mərtəbəli açıq eyvanlı qara daşdan olan bu ev təxminən18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində tikilib. Sovet hökümətinin vaxtında ev bəyin uşaqları arasında bölünüb və iki ailə orada rahat yaşayırdı. Bir hissəsində Murad baba ailəsi ilə, bir tərəfində isə Həlimə nənə öz ömür-gün yoldaşı Abdulla baba ilə! Evin ən görkəmli hissəsi də Həlimə nənəgilə məxsus idi.

Oradan baxanda qonşu kəndlər: Əhmədağalı, Çıraqlı, Şıxlar ovuc içi kimi görünərdi. O vaxt bir neçə dəfə balaca səhəngimlə Həlimə nənəyə su da daşımışdım ki, onun eyvanına qalxım, kəndə tamaşa edim.

.

(Kəndimizdəki onlarla kəhriz quyularından biri)

Əslində ən böyük arzum onun eyvanına çıxıb, oradan ancaq kəhrizimizə baxmaq idi. Bəhanəm də tuturdu. Həlimə nənənin iqamətgahı,  uçuq , amma kənddə daşı-daş üstə qalan yeganə ev olduğu üçün ordumuz Azərbaycan bayrağını elə o evin üzərinə sancmışdı. Sonuncu dəfə həmin yerdən üzü cənuba tərəf baxdım. Düz Çıraqlıya qədər uzanan xarabalıqlardan, bir də Ohonyan xəttindən başqa bir şey gözə görünmürdü. Bura həm də işğalçıların nəzarət postu olub. Hər halından bəlli...

“Bəy ev”indən enib, görmək istədiyim kəhrizimizə enirəm. El arasında ona “Qara su” deyirdilər. Şahbulaqdan Həlimə nənənin ulu babaları çəkib gətirmişdilər. Həlimə nənə babalarının yadigarı olduğu üçün onları göz bəbəyi kimi qoruyar, oraya nəinki yun, qab-qacaq qırıntları, əski parçaları, lap elə kağız atanları da tənqid edər, qınayardı. Heç kim Həlimə nənənin qorxusundan orada bir dənə də zibil qoymazdı. “Qara su” kəndimizdəki xeyli saydakı kəhrizlərin ən böyüyü idi, deyə ona bu adı vermişdilər. “Qara” həm də böyük deməkdir axı... Çay kimi çağlayıb axan kəhrizin yerindən sızqa bir bulaq axırdı.

(Bazar günü olduğu üçün  texnika da dincəlir)

Böyürtkən kolları kəhrizin boyuna sarmaşıq kimi dolanmışdı. Kənardan baxmaqdan başqa əlacım qalmadı. Suyuna tamarzı qaldım. Deyilənlərə görə, bəzi quyular doldurulduğu üçün kəhrizlərimizin bir çoxu quruyub, qalanları da bu vəziyyətdədir. Xaçın çayında su olmayan vaxtlarda kəhrizimizin bol suyunda palaz, gəbə, kilim yuyurduq.Paltar toxaclayırdıq. Hələ elə qadınlar vardı ki, kəhrizin yaxınlığında ocaq çatardı, su qızdırıb paltar yuyar, elə kəhrizdə də durulayardı. Camaatımızın əlindən tutardı kəhrizimiz. Zatən kəhrizlərimiz kəndimizin qədimliyin təsdiq edən yeganə abidəmiz idi. Hazırda həyatları təhlükə qarşısındadır.
Xatirələrin qoynundan qopub Xaçın çayına tərəf istiqamətlənirik. O vaxt kəndimizin iş adamı Manaf Quliyevin tikdirdiyi Xaçın restoranının yanında da kəhrizlər vardı və rəhmətlik Manaf onlardan istifadə edərək çox gözəl bir məkan yaratmışdı. İndi orada yalnızca bax bu fotodakı su şırnağı qalıb.

Kəndimizin o vaxtkı gəncləri, kəndimizin gözəlliklərinə şahid indiki babalar Qərvəndli günlərini gəlib bu bulaq olmuş kəhrizin üstündə anırlar. Respublikanın hər səmtinə yayılmış qərvəndlilər kəndə gələndə bura cəm olurlar. İsmayıl, Yavər, Elgiz ...Qarşımıza ilk çıxan qərvəndlilər oldu.

Yuxularına da girməyən xəyallarını gerçək edən ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdar olduqlarını, tezliklə bu yerlərə köçməyi arzulayırlar. İsmayıl 1993-cü ildə yenicə yığışdığı təzə evində 6 ay yaşaya bilməməsindən, indi həmin evinin yerində heç bir mişar daşının qalmamsından danışır. Deyir, heyf ki, evlərimiz əvvəlki yerində tikilməyəcək. Amma şükür ki, yurdumuzda yaşayacağıq: “Deyirlər, bizim köhnə yurdumuzda park salınacaq! Vaxt olar, park tikilər, mən də tez-tez yerində park tikilən keçmiş evimi gəlib xatırlayıb gedərəm”.

Həmkəndlilərimlə sağollaşırıq. Kəhrizin suyundan da doyunca içib, geri qayıdırıq. Günorta olmasa da, ağır texnika sakitcə yerində durub.Bu gün istirahət günüdür. Dincəlirlər...

Yenə də , doğma, əziz, çoxu dünyasını dəyişmiş qonşularımızın həyətlərinin yanından ötüb keçirəm. Sanki aprelin bu gözəl günündə kəndimiz ömrünün payızını yaşayır...Qurumuş ağaclar, bozarmış çəmənlər, susuzluqdan cadar-cadar olmuş torpaq... 

Zümrüd kimi yaşıllıqlar içərisində qoyub getdiyimiz kəndimiz indi bir quru səhradan da seçilmir. Ermənilər tək evimizi yıxıb, bağımızı -baxçamızı dağıtmayıb. Həm də təbii sərvətimiz olan su qaynaqlarımızı, yaşıllıq əraziləri qurudub, məhv edib.
Yeni yurdumuz olacaq “Əppəkli dərə” nin üst tərəfində yeni fidanlar əkilib. Təxminən 70 -80 hektarlıq bağdır. Deyilənə görə, badam bağıdır... Allah xeyirli-uğurlu eləsin! Deyib, yolumuza düzəlirik!

P.S. Uzun ayrılığın sonundakı  şirin vüsalın içində anlamadığım bir hüzn, bir kədər var idi.  Maraqlısı isə o idi ki, bu kədər- hüzn, indiyənə qədər məni hər zaman ağladan  şəhidlərimizə, qəlbimi ağrıdan igidlərimizin  əlil olmasına, nə də evlərimizin yerində xarabalıqların olmasına aid deyildi...Bu kədər  son 30 ildə dəfələrlə yerimizi sevə bilməyib  dəyişdiyimiz müvəqqəti yurdların da ağrısına bənzəmirdi.  Bu sırf bir ayrı ağrı-acı, ayrı bir hüzn, kədər idi.

Təzəydi, bu gün cücərmişdi... Bilmirəm, bəlkə də o kəhrizin  "təpəsi" üstündə  yenidən  o evi tikə bilməməyimin kədəriydi? Əvvəlki  ocağımızda, həyətimizdə olmamağın hüznü idi? İkimərtəbəli, şüşəbəndli, eyvanlı, həyətində tövləsi, hini , əl damı olmayacaq ata evimizin yoxluğunu anladığım üçün  dərdlərimin üstünə bir dərd də belə gəlmişdi? Bəlkə, özüm   ata yurdumu öz istədiyim kimi, xəyalını qurduğum formada tikə bilməmək hüzn verirdi mənə...bəlkə də... 

Bütün hallarda şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, Qazilərimizə Allahdan şəfa dilərəm! Dünyanın bu çətin məqamında xalqıma əminamanlıq, dözüm, səbr və qurub-yaratmaq  həvəsi arzulayıram! 

 Əntiqə Rəşid...