22 Iyul 2025 10:16
193
SİYASƏT

3-cü Şuşa Qlobal Media Forumu dünya gündəminə yol açdı

Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilmiş 3-cü Şuşa Qlobal Media Forumu yaddaqalan və zəngin proqramla yekunlaşıb. Azərbaycanın mədəni mərkəzinin bir hissəsi olan Xankəndi şəhərində İyulun 19-dan 21-dək davam edən III Şuşa Qlobal Media Forumunda ölkə başçısı İlham Əliyevin media peşəkarları, fikri formalaşdıran rəhbərləri və dünyanın müxtəlif yerlərindən gəlmiş insanlarla görüşü hələ uzun müddət danışılacaq.

Bu Forum, əslində, dialoq, şəffaflıq və daimi inkişaf edən media mühitində əməkdaşlığa yönəlib. Builki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunub. Aparılan müzakirələr məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsinə, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi: ”Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir.

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.” Yerli və xarici media nümayəndələrinin suallarını cavablandıran ölkə başçısı İlham Əliyev Özbəkistanla aramızda olan qardaşlıq münasibətlərindən də söz açıb. Bildirib ki, Özbəkistan Prezidenti Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib.

Biz Şavkat Miromonoviç ilə bu məktəbi Füzuli şəhərində açdıq. Bir-iki gün əvvəl yenə Füzulidə oldum, maraqlandım, məncə, orada artıq 500-dən çox uşaq oxuyur. Nəzərə alsaq ki, Füzuliyə keçmiş köçkünlərin qaytarılması prosesi hələ ilkin mərhələdədir, yəni, bu qədər uşaq artıq orada təhsil alır. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. Qeyd etdiyiniz kimi, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının artıq burada, Xankəndidə Zirvə görüşü keçirilib. O görüş bu binada, yeni Konqres Mərkəzində keçirildi. Biz həmin Zirvə görüşünü məhz bu zalda keçirdik. Bunun böyük rəmzi mənası var idi. Çünki bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” və “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media Savadlılığının əhatəsində” mövzularında keçirilən müzakirələrdə beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri fikir və təcrübə mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki,“ Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər.

O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. “ Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkmək olub.

Qeyd edək ki, “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirə 52 ölkədən 140-a yaxın nümayəndə qatılıb.Onların arasında 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat, 80-ə yaxın media qurumu və digər aidiyyəti sahələrin təmsilçiləri yer alıb.

Gülxarə Əhmədova

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı