19 Noyabr 2023 14:20
4435
GÜNDƏM

3 ildir evinə həsrət qalan Əntiqə Rəşid

Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızın müəyyən bir hissəsini erməni silahlı terrorçulardan azad etdikdən az sonra kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr həyata keçirilməyə başlanıldı.

2021-ci ilin rəsmi xəbərlərinə görə, dövlətin təşkil etdiyi pilot layihə ilə 6 təsərrüfat Kəlbəcər yaylaqlarına çıxarıldı . Kəlbəcər rayonundan olan fermerlərə məxsus 5 təsərrüfatın və Kənd Təsərrüfatı Nazirliyi yanında “Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi” MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları yaylaqlara aparıldılar.

2021-ci ildə Kəlbəcərə yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edildi.

2022-ci ildə isə yaylaqlara 300 mindən çox heyvan aparıldı.

2023-cü ildə də 100 minlərlə iri və xırdabuynuzlu heyvanlar bu yaylaqlara köç etdi.

Yəni, 10 minlərlə qoyun sürüsü və 1000-dən artıq arı ailəsi Kəlbəcərdə heç bir problemlə üzləşmədən "kef" elədi. Baxmayaraq ki, erməni silahlılarının da o əraziyə basqını mümkün idi, mina problemləri də qalmaqdaydı.

Uzun sözün qısası, bu 3 ildə bir dənə də olsun quzunun barmağına nəinki mina, heç daş da dəymədi. Yüksək kefiyyətli məhsuldarlıq əldə edən fermerlər sağ salamat , şad-xürrəm köçünü dağlardan endirdi.

Bu gün xəbərlərdə oxuyuram ki, müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmuş Səxavət Məmmədov, Taleh Məmmədov, Eldar Həsənov, Muraz Süleymanov və Cəmil Mehdiyevi saxlanııb. Onlara mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib və bu addımları ilə bağlı barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Erməni təxribatı ilə təhlükə doğuran ərazilərə bu 3 ildə bəlkə də 1 milyon inək, qoyun, quzu hər ilin 3 ay yayını oralarda otlayıb, amma heç bir təhlükə ilə üzləşməyib. Şəxsən mən eşitmədim ki, hardasa bu 3 ildə bir sürü qoyun minaya düşüb.

30 il yurduna həsrət qalan ağlı başında insanlar, minadan anlayışı olan kişilər "levi" yollarla evini yurdunu kəndinin görüşünə gedirsə, minaya düşəcək?

Nə vaxta qədər?

Vətəninə həsrət qalmış köçkünlərin, o torpağa qanı tökülmüş qazilərin, balasını o dağların azadlığı üçün qurban verən şəhid ailəsinin oliqarx məmurun sürüsü qədər dəyəri yoxdurmu?Burada yazmasam da, hamı bilir o sürülər hansı məmurlarındır. Bəli, özü də elə məmurlarındır ki, I Qarabağ müharibəsində özü, vətən müharibəsində balaları qaçıb gizlənib, pul, varidat qazanmağa başları qarışıb.

Yəni, doğrudanmı, azad olunmuş ərazilərə yenə kənardan baxıb köks ötürəcəyik?

Yeri gəlmişkən, 2019-cu ilə qədər bizim işğalda olan Baş Qərvənd kəndinə kənardan da olsa baxmaq üçün, həsrətimlə yanan ürəyimə su səpmək üçün ya Qərvənd qəbiristanlığındakı, ya da Çıraqlı kəndindəki (təmas xəttində ) "val"ların üstünə çıxıb, əllərimi günlük edirdim. Kəndimiz ən son işğal olunan kəndlərdəndir. Azərbaycan Ordusunun 30 illik təmas xətti olan Çıraqlı kəndindən bizim kəndin girəcəyinin arasında 10 addımlıq məsafə var.

3 ildir, möhtəşəm qələbə qazanmışıq, 3 ildir o ərazilər Azərbaycan Ordusunun nəzarətindədir, amma durum dəyişməyib. Mən yenə Qərvənd qəbiristanlığındakı, Çıraqlı kəndindəki "val"ların üstünə çıxıb kəndimə, yurduma, evimizin kökündən uçurulmuş təməlinə baxıram...

Bitmədimi? Axı mənim filan məmur olmaq sürü saxlamaq, qoyun -keçi təsərüffatı yaratmaq şansım yoxdu ki, 30 il həsrət qaldığım yurd yerlərinə sərbəst gedim- gəlim!! Mən evimin mənə heç vaxt geri verilməyəcək ərazisinə də baxmağa ixtiyarım yoxdu?( Aldığım xəbərlərə görə, bizim evimizin yerindən dəmir yolu keçəcək və o hissə yaşayış üçün nəzərdə tutulmur)

Bu bədbəxt millətə nədir bu yaşatdıqlarınız???

Allah bizi sizin əlinizdən qurtarsın! Necə? Özü bilər!

İmza: 3 ildir evinə həsrət qalan Əntiqə Rəşid