"340 manat maaşla ailəmi dolandıra bilmirdim" - Qumar oyunları təşkil edən dəstə üzvü
Sosial şəbəklər üzərindən qumar oyunları təşkil edərək kibercinayətkarlıq etməkdə təqsirləndirilən dəstə üzvləri Elmidar İsmayılzadə, İntiqam Rüstəmov, Şamil Məhərrəmli, Zamiq Məhərrəmli, Cavid Əsədov, Elvin İsmayılzadə, Elmin Quliyev, Nemət Qurbanov, Elnur Nağıyev, Eldəniz İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Adalet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilib.
Təqsirləndirilən şəxs Zamiq Məhərrəmli bildirib ki, bu işdə işçi kimi olub:
"Əvvəl pambıq yığımında işləmişəm. 340 manat maaşla ailəmi dolandıra bilmirdim. Atam xəstə olduğu üçün məcbur oldum bu işə qol qoydum. Aya kartıma müştərilər uduşları təşkil etmək üçün 10-15 min pul vurulurdu. Amma aylıq maaşım isə 600 manat idi. Mən ancaq müştərilərin zənginə cavab verirdim və kazino oynamaq istəyəndə kartı müştəriyə atırdıq".
Təqsirləndirilən şəxs Cavid Əsədov bildirdi ki, dəstənin rəhbəri olan Elmidarı uşaqlıqdan tanıyıb:
"Elmidarla söhbət edəndə bildirdim ki işsizəm və məni də onlayn mərc oyunlarına düzəltsin. Əsas vəzifəm evə bazarlıq etmək idi. Hər dəfə bazarlığa 300 - 500 manat xərcləyirdim. Buna görə də mənə 500 manat əməkhaqqı verilirdi. Kassalarda oyun oynalırdı ki mənim orda uduşum olmayıb. Bu şəxslərlə heç bir işbirliyi müzakirəsi olmayıb. Mən heç bir köçürülmə və nağdlaşdırmada iştirak etməmişəm. İstintaqda təzyiqlərə məruz qalmışam".
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.
Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər.
Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.
Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub.
Belə ki, bu hüquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb.
Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.
İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, "Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir./Unikal
Digər Xəbərlər
06 Fevral 2026 18:34
Prezident Axar-Baxar və İlisu milli parkları ilə bağlı fərman verdi
06 Fevral 2026 18:10
Bakıda ağacları kəsdilər - Təbiətə 25 min manat ziyan vuruldu
06 Fevral 2026 15:03
Kəndin adı qalıb...
06 Fevral 2026 12:26


Bakı -°C

