09 Mart 2022 13:44
5071
MƏDƏNİYYƏT

45 il əvvəlin real həyat hadisəsi: "Arxadan vurulan zərbə" filmi, əfsanəvi oğru Qurd Cəbrayıl...

1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılan və Azərbaycanın kino incilərindən biri olan “Arxadan vurulan zərbə” filminin çəkilişdən 45 il ötür.

Adalet.az xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən film 78 dəqiqədən ibarət olub. Film tez bir zamanda geniş auditoriya qazana bilib. Bunun bir səbəbi təsrübəli və istedadlı aktyor truppası, film üzərində işləyən bacarıqlı sənətkarlar və filmin motivindəki detektiv janrıdır.

Görkəmli yazıçı Elçinin "Ox kimi bıçaq" əsərinin əsasında ekranlaşdırılan, Arif Babayevin doqquz filmindən yeddincisi olan bu ekran əsəri SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Kiçik bir şəhərdə baş vermiş cinayəti cavan müstəntiq açmağa müvəffəq olur. Filmi təhlil edən mütəxəssislərin qənaətinə görə, "Arxadan vurulan zərbə" daha bir uğuru odur ki, tamaşaçının da film boyu cinayət hadisəsi haqda müstəntiqlə birlikdə qənaətləri, mülahizələri yaranır.

Çəkilişlər Şəki, Qax, Zaqatala, Mingəçevir, Xaçmaz, Quba və Qobustanda aparılıb.

Şahmar Ələkbərov ( Gündüz), Adil İsgəndərov ( Dadaşlı), Yusif Vəliyev — (Fəttah;Qurd Cəbrayıl), Hamlet Xanızadə ( İmaş), Amaliya Pənahova ( Ziba), Akif Əli ( Fazil), Rasim Balayev( Cəbi), Həsən Məmmədov ( Qəmərli), Rafiq Əzimov ( Hüseynov), Ələsgər İbrahimov ( Cabbarov), Ənvər Həsənov ( Oqtay), Dinarə Yusifova ( Safura), Nicat Bəkirzadə ( Kazımov), Firəngiz Abbasova ( Cəbinin anası), Sadıq Hüseynov ( Əli kişi) və başqaları oynadıqları rollarla özlərini tamaşaçının yaddaşına həkk etməyi bacarıblar.

Vikipediya məlumatına əsasən, əsl adı Cəbrayıl Baxşıyev olan Qurd Cəbrayıl real adam olub. Maştağa kəndində doğulan Cəbrayıl kriminal aləminin tanınan simalarından biri idi. Ümumilikdə ona 70 ilə yaxın iş kəsilsə də, ömrünün 36 il həbsxanada keçirib. Daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıb. Kriminal aləmdə isə "Paxan Cəbrayıl" kimi tanınıb. O, həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb.

"Arxadan vurulan zərbə" filmində Qurd Cəbrayıl sərrast bıçaq atan idisə da, reallıqda tapança ilə dəqiq nişan almağı bacarırmış. Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə tanış imiş. Onlar eyni məhəllədə yaşayıb və filmə dəvət alan Yusif Vəliyev Cəbrayılla bir müddət ünsiyyətdə olub. Filmi görməyən Cəbrayıl 1976-cı ildə dünyasını dəyişib.

Filmin məsləhətçisi polkovniki Sabir Hüseynov, opratoru Valeri Kərimovdur. SSRİ-də əsəri 17 milyon tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşaçılar tərəfindən sevilən bu film Azərbaycan Kinomatoqrafiyasının ən uğurlu filmlərindəndir.

Əntiqə Rəşid