adalet.az header logo
  • Bakı -°C
04 Oktyabr 2026 17:17
63
SİYASƏT
A- A+

“Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı”

Altı il əvvəl - 2020-ci il oktyabrın 4-ü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun mühüm mərhələlərindən biri idi.

Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirirdi. Oktyabrın 3-də Suqovuşanın, oktyabrın 4-də isə Cəbrayıl şəhərinin azad edilməsi müharibənin gedişində mühüm dönüş yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.”

Cəbrayıl istiqamətində əldə edilən qələbə Azərbaycan Ordusunun qarşısında yeni strateji imkanlar açdı. İşğal illərində ərazidə yaradılmış çoxsaylı müdafiə sədlərinin, istehkamların və mühəndis qurğularının yarılması ciddi hərbi hazırlıq və fədakarlıq tələb edirdi. Cəbrayılın azad edilməsindən sonra Azərbaycan Ordusunun Xocavənd istiqamətində irəliləməsi və strateji əhəmiyyət daşıyan Hadrut qəsəbəsinin azad olunması üçün əlverişli imkanlar yarandı.

Onu da qeyd etməliyik ki, Vətən müharibəsindən 4 il əvvəl - 2016-cı ilin Aprel döyüşləri bu istiqamətdə mühüm hərbi nəticələr yaratmışdı. Azərbaycan Ordusunun strateji yüksəklikləri nəzarətə götürməsi Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin olunmasına və uzun illərdən sonra burada həyatın bərpasına imkan verdi. Cocuq Mərcanlının yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıtması sonrakı mərhələdə Böyük Qayıdış siyasətinin ilkin nümunələrindən birinə çevrildi.

Cəbrayılın azad edilməsindən cəmi bir neçə həftə sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfər etdi. 2020-ci il noyabrın 16-da Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması tarixi və siyasi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Əsrlər boyu Azərbaycanın tarixi-mədəni irsinin mühüm abidələrindən biri olan Xudafərin üzərində üçrəngli bayrağın dalğalanması ərazi bütövlüyünün bərpasının rəmzlərindən birinə çevrildi.

Cəbrayıl Şəhəri Gününün təsis edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı tarixi hadisələrin milli yaddaşda yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hər il oktyabrın 4-də qeyd olunan bu gün 2020-ci il Zəfərinin Cəbrayıl səhifəsini xatırlatmaqla yanaşı, şəhidlərimizin və Vətən müharibəsi iştirakçılarının fədakarlığının ehtiramla yad edilməsinə xidmət edir.

Cəbrayıl Şəhəri Günü həm də işğaldan azad edilmiş ərazilərin tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu tarix vasitəsilə Cəbrayılın 27 illik işğal dövrü, azadlığı uğrunda aparılan mübarizə, 2020-ci ildə əldə edilən Zəfər və bu gün həyata keçirilən quruculuq prosesi təqdim olunur.

Yeni yaşayış məntəqələrinin salınması, müasir sosial obyektlərin yaradılması, yolların və kommunikasiya xətlərinin çəkilməsi, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən layihələr rayonun gələcək inkişafının əsasını təşkil edir.

Cəbrayılın coğrafi mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır. Rayonun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun yaradılması və Xudafərin istiqamətində sərhəd-gömrük infrastrukturunun formalaşdırılması Cəbrayılın Şərqi Zəngəzurun iqtisadi inkişafında rolunu gücləndirir.

Burada həyata keçirilən layihələr yalnız rayonun özünün deyil, bütövlükdə regionun iqtisadi əlaqələrinin və nəqliyyat imkanlarının genişlənməsinə xidmət edir.

Cəbrayılın bugünkü reallığının ən mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. 2026-cı ilin sentyabr ayının sonuna olan göstəricilərə əsasən, rayon üzrə 1 600-dən çox ailənin, 7 mindən artıq insanın qayıdışı təmin olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfəri zamanı Cəbrayılda da yeni yaşayış məntəqələri salınır, insanların rifahı üçün hər cür şərait yaradılır. Eyni zamanda, rayonun bərpası yeni inkişaf fəlsəfəsinə əsaslanır. Məqsəd yalnız dağıdılmış evləri və infrastrukturu yenidən qurmaq deyil, Cəbrayılı müasir, dayanıqlı, rahat və iqtisadi cəhətdən fəal yaşayış məkanına çevirməkdir.
Cəbrayılın son altı ildə keçdiyi yol Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı dövlət siyasətinin əsas mərhələlərini aydın şəkildə göstərir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı