adalet.az header logo
  • Bakı -°C
29 Oktyabr 2026 11:02
113
GÜNDƏM
A- A+

“Bu problemi yeni ideyalarla birgə yaşayış yolu həll etmək mümkündür”

“Qəddafinin "İSRATİN dövləti" ideyası. İsraildə keçirilən parlament seçkilərində müsəlmanların 17 yer qazanmasını oxuyarkən Qəddafinin vaxtilə irəli sürdüyü təklifi xatırladım."İsratin" keçmiş Liviya lideri Müəmmər Qəddafi tərəfindən İsrail-Fələstin münaqişəsini kökündən həll etmək üçün təklif edilmiş vahid, demokratik və dünyəvi birgə dövlət modeli idi. Dövlətin adı İsrail və Fələstin sözlərinin birləşməsindən yaranıb. Qəddafi bu ideyanı ilk dəfə 1990-cı illərin sonlarında və xüsusilə 2002-ci ildə özünün çap etdirdiyi rəsmi siyasi proqramı olan "Ağ Kitab"da ətraflı şəkildə irəli sürmüşdü”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, Qəddafinin "Yaşıl kitab"ında da ərəb, müsəlman, şərq reallığı və fəlsəfəsi sintezində özünəməxsus sosial, siyasi ideyalar mövcuddur:

“Qəddafinin "İsratin" layihəsinin əsas tezisləri və prinsiplərinə görə münaqişənin "iki dövlət", yəni ayrıca İsrail və ayrıca Fələstin prinsipi ilə həlli qeyri-mümkün hesab olunurdu. Əvəzində həm yəhudilərin, həm də fələstinli ərəblərin bərabərhüquqlu yaşadığı federal respublika qurulmalı idi. Didərgin düşmüş bütün fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququ təmin edilməli idi. Qüds, yəni Yerusəlim şəhəri heç bir tərəfin təkbaşına paytaxtı olmamalı, bütün dinlərin nümayəndələrinə açıq xüsusi bir şəhər-dövlət statusu almalı idi.Yeni yaradılacaq federal dövlət kütləvi qırğın silahlarından tamamilə təmizlənməli, dövlətin ilk rəsmi idarəetmə orqanları Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında keçiriləcək azad seçkilərlə formalaşdırılmalı idi”.

T.İrfanın sözlərinə görə, lakin Qəddafinin bu planı o dövrdə beynəlxalq aləmdə və münaqişə tərəfləri arasında utopik, fantastik və reallaşması qeyri-mümkün bir ideya kimi qiymətləndirildi:

“İsrail tərəfi bu təklifi tamamilə rədd etdi. Çünki milyonlarla fələstinlinin geri qayıtması yəhudilərin ölkədə demoqrafik azlığa düşməsinə və İsrailin bir "Yəhudi dövləti" kimi mövcudluğunun sonuna səbəb olacağı qorxusu vardı. Fələstin rəhbərliyi və digər ərəb dövlətləri də layihəyə ciddi yanaşmadılar, çünki bu plan müstəqil Fələstin dövlətinin qurulması hədəfindən uzaq görünürdü. Qəddafi özü isə iddia edirdi ki, ərəblərlə yəhudilər tarixən bənzər coğrafiyanı paylaşıblar, qohumdurlar, kök birlikləri var və onların tam ayrılması coğrafi və iqtisadi cəhətdən mümkün deyil, ona görə də yeganə real çıxış yolu birlikdə yaşamaqdır. Siyasi analitiklər həmçinin qeyd edirlər ki, Qəddafi bu cür səs-küylü təkliflərlə özünü Yaxın Şərqdə qlobal miqyaslı bir xilaskar və ideoloq kimi göstərməyə çalışırdı. Ancaq əslində elə deyildi. Qəddafi hər halda bu problemin davam etməsindən narahatlığını belə bir çıxış yolu təklifi ilə ortaya qoymuşdu. Başqaları isə alternativ ideyalar vermədilər. Əgər bu baş tutsa idi, Yaxın Şərq qan gölünə dönməyəcək, on minlərlə fələstinli ölməyəcək və tədricən Fələstin adlı ərazi de-fakto bir neçə ildən sonra yoxa çıxarılmayacaqdı. Qəddafinin qeyd etdiyi formada olmasa da ümumiyyətlə ona bənzər üsulda çıxış yolu tapıb əbədi düşmənçiliyə son qoymaq olardı. Ona görə ki, hazırda İsraildə 2 milyon müsəlman yaşayır və hətta parlamentə də seçilirlər. Qanunla ərəb dilinə "xüsusi status" yəni, müstəsna hüquqi status verilib. Bu o deməkdir ki, dövlət qurumlarında ərəb dilindən müəyyən formalarda istifadə olunmasına da icazə verilir. 2018-ci ilə qədər ümumiyyətlə ərəb dili ikinci rəsmi dil statusunda olub. Hər halda müharibə və qan problemi həll etməyəcək. Bu problemi yeni ideyalarla birgə yaşayış yolu həll etmək mümkündür”.

Vasif ƏLİHÜSEYN