adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 10:00
86
SİYASƏT
A- A+

“Tokayev nədən bununla bağlı həyəcan təbili çalıb?” – Açıqlama

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının Ankaradakı sammitində “Rusiyanı da təşkilata üzv edək” təklifi daha çox şərh edilərkən, onun təşkilatla bağlı söylədiyi iki fikrə də diqqət yetirmək lazım gəlir. Birincisi, Tokayev Türk Dövlətləri Təşkilatının bəzi sahələrdə işlərinin təkrarlandığını müşahidə etdiyini bildirdi. Tokayev “bəzi sahələr” dedikdə, hansı sahələri nəzərdə tutduğunu söyləmədi. Həqiqətən təşkilatın müxtəlif hədəfləri haqqında çox danışılsa da, real nəticələr barədə konkret fikir söyləmək çətindir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, türk dövlətləri öz aralarında ikitərəfli əlaqələri xeyli inkişaf etdiriblər, ancaq birlikdə hərəkətdə lənglik var:

“Misal üçün Ankara türk dövlətləri arasında ortaq İnkişaf Bankının formalaşdırılması təklifini irəli sürüb. Məqsəd milli valyutalarla ticarətin daha güclü hüquqi və institusional platforma üzərindən həyata keçirməkdir. Digər türk dövlətlərinin Ankaranın təklifinə münasibəti bəlli deyil. Sammitdə iştirak edən türk dövlətlərinin təmsilçilərinin Ankaranın bu təklifinə reaksiyaları bəlli olmadı.Qazaxıstan Prezidenti sammitdə çıxışında Türk Dövlətləri Təşkilatının hərbi alyansa çevrilməsinin yolverilməz olduğunu da söylədi. Türk Dövlətləri Təşkilatının hərbi bloka çevrilməsi gündəmdə olmadığı halda Tokayev nədən bununla bağlı həyəcan təbili çalıb? Onun “Rusiya təşkilata üzv olsun” təklifi ilə yanaşı “təşkilat hərbi bloka çevrilməsin” tezisi də Kremli maraqlarına uyğundur. Türk dövlətləri arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunur, birgə hərbi təlimlərin keçirilməsi də mümkündür. Ancaq Türk Dövlətləri Təşkilatının NATO və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına çevrilməsi aktual deyil. Beləliklə, Ankara sammiti əsasən Qazaxıstan Prezidentinin çıxışındakı qeyri-adi təklifləri ilə yadda qaldı”.

Vasif ƏLİHÜSEYN