adalet.az header logo
  • Bakı -°C
10 Noyabr 2026 11:33
79
SİYASƏT
A- A+

“Atatürkün iqtisadi siyasəti və Keynsin iqtisadi nəzəriyyəsi”

“Bu gün Mustafa Kamal Atatürkün anım günüdür. Onun dövlət idarəçiliyində əsas prinsiplərindən biri iqtisadi müstəqilliyi siyasi müstəqilliyin ayrılmaz şərti hesab etməsi idi. O nə iqtisadiyyatın tam dövlət nəzarətinə verilməsi, nə də özəl təşəbbüsün məhdudlaşdırılmasını dəstəkləyirdi. Atatürk dövlətin iqtisadiyyatda rolunu ölkənin real ehtiyacları və inkişaf tələbləri ilə əlaqələndirir, dövlətlə bazarı bir-birini tamamlayan mexanizmlər kimi görürdü”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

İqtisadçı bildirib ki, buna görə də Cümhuriyyətin ilk illərində özəl sahibkarlıq və milli kapitalın inkişafı təşviq edilsə də, sonradan kapital çatışmazlığı, sənayenin zəifliyi və 1929-cu il dünya iqtisadi böhranı dövlətin rolunu artırdı:

“Dövlət requlyator olmaqla bərabər investor, istehsalçı və sənayeləşmənin təşkilatçısına çevrildi. Maraqlıdır ki, Atatürkün 1930-cu illərin əvvəllərində formalaşan iqtisadi dövlətçilik siyasəti Con Meynard Keynsin əsas nəzəri əsərini 1936-cı ildə nəşr etdirməsindən əvvəl tətbiq olunurdu. Dövlətin iqtisadiyyata fəal müdaxiləsini qəbul etməsi baxımından bu siyasət keynsçiliklə oxşarlıq daşıyırdı. Lakin Keynsin nəzəriyyəsi əsasən məcmu tələbin, məşğulluğun və iqtisadi sabitliyin təmininə, Atatürkün siyasəti isə sənayeləşməyə, milli istehsalın inkişafına və iqtisadi müstəqilliyə yönəlmişdi.Atatürkün iqtisadi dövlətçilik fəlsəfəsinin mühüm xüsusiyyəti iqtisadi siyasətə dəyişməz ideoloji mövqedən deyil, ölkənin real şəraitindən yanaşması idi. Bu təcrübə göstərir ki, dövlətin iqtisadiyyatda rolu sahib olduğu müəssisələrin sayı və müdaxiləsinin miqyası ilə deyil, həll etdiyi problemlər, yaratdığı inkişaf imkanları və özəl təşəbbüsə verdiyi dəstəklə ölçülür. Bu baxımdan Atatürkün yanaşması dövlətin iqtisadiyyatda rolu haqqında müasir müzakirələr üçün də aktuallığını qoruyur. Anım günündə bu dahi şəxsiyyəti böyük ehtiramla yad edirik”.

Vasif ƏLİHÜSEYN