“Dövlət idarəçiliyində siyasi məsuliyyət, strateji düşüncə və milli maraqlara əsaslanan liderlik əsas şərtdir”
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı.
Dövlət başçısının müraciətində əsas diqqət çəkən məqamlardan biri Zəfərin hərbi uğur olmaqla yanaşı, həm də milli iradənin, xalq-ordu birliyi və müstəqil dövlət siyasətinin nəticəsi kimi səciyyələndirilməsi idi. “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər” deyə Müzəffər Ali Baş Komandan bəyan etdi.
Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi qüdrəti ilə yanaşı, həm də milli birliyi, siyasi iradəsi və tarixi ədalətin bərpasına olan sarsılmaz inamı ilə son qoydu. Prezidentin “Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi” fikri bunu bir daha təsdiqləyir.
Dövlət başçısının da söylədiyi kimi, “bizi irəliyə aparan yol ləyaqət yolu idi”. Azərbaycan xalqı heç vaxt işğalla barışmadı, öz tarixi torpaqlarının azad olunacağına inamını itirmədi. Ermənistanın təhdidləri, beynəlxalq təzyiqlər və danışıqlar prosesində yaradılan süni maneələr Azərbaycanın prinsipial mövqeyini dəyişdirə bilmədi.
Müraciətin digər mühüm istiqaməti 2023-cü ildə suverenliyimizin tam bərpası ilə bağlı idi. Cənab Prezident bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra suverenliyinin də bütün ölkə ərazisində təmin edilməsi tarixi əhəmiyyət daşıyır.
Zəfərin 6-cı ildönümü ilə bağlı müraciətin Xankəndidən edilməsi də təsadüfi deyil. Uzun illər separatizmdən əziyyət çəkən Xankəndi bu gün Azərbaycan dövlətinin suverenliyinin və quruculuq siyasətinin mərkəzidir. Cənab Prezidentin Zəfər Muzeyinin Xankəndidə yaradılması ilə bağlı açıqlaması da bu baxımdan əlamətdardır. Keçmiş separatçı qurumun yerləşdiyi binanın Zəfər tariximizi yaşadan məkana çevrilməsi xüsusi məna daşıyır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı icra olunur. Artıq 97 min insanın azad edilmiş ərazilərdə yaşaması, təhsil alması və çalışması tarixi torpaqlarımızda yeni həyatın formalaşdığının göstəricisidir. Beləliklə, Azərbaycan öz Zəfərini həm də quruculuq və inkişaf sahəsində davam etdirir.
Müraciətin ideoloji baxımdan ən mühüm tezislərindən biri Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.” Vətən müharibəsində xalqımızın vahid amal ətrafında birləşməsi Azərbaycançılığın real ictimai-siyasi gücünü nümayiş etdirdi.
Cənab Prezidentin də söylədiyi kimi, “bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir”.
Bütün bunlar göstərir ki, Zəfər Azərbaycanın tarixində milli iradəni dövlət gücünə çevirib.
Azərbaycanın tarixi Qələbəsi sübut etdi ki, milli birlik, qətiyyətli liderlik və güclü dövlətçilik iradəsi ən mürəkkəb tarixi sınaqlardan belə məharətlə çıxmağa imkan verieböyük uğura çevirə bilər.
Azərbaycanın bugünkü Zəfərini və dövlət gücünü daha dərindən anlamaq üçün müstəqilliyimizin ilk illərində yaşanan siyasi prosesləri də xatırlamaq lazımdır. 1992–1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi, siyasi qarşıdurmalar, dövlət institutlarının zəifliyi, ordu quruculuğunda yol verilən ciddi nöqsanlar ölkəni dərin böhrana sürükləmiş, torpaqlarımızın işğalının genişlənməsinə şərait yaratmışdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və güclü dövlət institutlarının formalaşdırılması istiqamətində əsaslı dönüş baş verdi.
Prezident İlham Əliyev isə bu siyasi kursu yeni geosiyasi reallıqlara uyğun davam etdirərək Azərbaycanın iqtisadi, hərbi və diplomatik qüdrətini elə bir səviyyəyə yüksəltdi ki, ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə nail oldu. Beləliklə, 1990-cı illərin idarəçilik böhranı ilə bugünkü güclü Azərbaycan arasındakı fərq, əslində, dövlət idarəçiliyində siyasi məsuliyyətin, strateji düşüncənin və milli maraqlara əsaslanan liderliyin nə qədər həlledici olduğunu nümayiş etdirir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
10 Noyabr 2026 19:30
İlham Əliyev Türkiyəyə getdi - FOTO
10 Noyabr 2026 16:21
”6 il əvvəl yaranan yeni reallıqlar Azərbaycanın suverenliyinin tam bərpası ilə daha da möhkəmləndi”
10 Noyabr 2026 13:44
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi
10 Noyabr 2026 11:55
İlham Əliyev Ərdoğana başsağlığı verib
10 Noyabr 2026 11:33
“Atatürkün iqtisadi siyasəti və Keynsin iqtisadi nəzəriyyəsi”
10 Noyabr 2026 11:28
“Azərbaycan-Türkiyə ittifaqının güclənməsinə xidmət edir”
10 Noyabr 2026 10:17
"Türkiyə-Azərbaycan birliyi əbədidir!" - VİDEOÇARX
10 Noyabr 2026 09:32


Bakı -°C

