Əsərin ictimai dəyəri önəmlidir, yoxsa ədəbi dəyəri?
“Cəmiyyətimiz çox vaxt ictimai dəyəri ədəbi dəyərlə qarışdırır və ictimai dəyəri olmayanın ədəbi dəyərinin də olmadığını düşünür. Əsərin ictimai dəyəri ictimai bir problemə həsr olunmasıyla ölçülür. Bu cür əsərlərdə estetika, mənalandırma, bədii həll və s. kimi ədəbi ölçülər önəmini itirir. Məsələn, Səməd Vurğunun "Azərbaycan" şeri, Bəxtiyar Vahabzadənin, demək olar, bütün yaradıcılığı, Şəhriyarın "Heydərbabaya salam" poeması ictimai dəyəri olan əsərlərdir. Amma bu əsərlərin ədəbi dəyəri də varmı? Hansı peşəkar ədəbiyyatçı bu və bu kimi publisistikanın ərazisinə daxil olmuş bədii mətnlərdən ilham alır? Heç biri”.
Adalet.az xəbər verir ki, bunu yazını Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, ədəbi dəyər yaratmaq istəyən bir şair "Azərbyancan" şerini tərifləyirsə, şair kimi tərifləmir, vətəndaş kimi tərifləyir:
“İctimai dəyər vətəndaş üçün yaradılan dəyərdir, ədəbi dəyər oxucu üçün. Vətəndaş və oxucu eyni bədəndə yaşayan iki ayrı şəxsdir. Azərbaycan ədəbiyyatında vətəndaş şerinin səsi oxucu şerinin səsini batırır. Çünki millətin inşası prosesi başa çatmayıb. Vətəndaş şeri millətin inşası məsələsində tikinti avadanlığı rolunu oynayır. Oxucu şerinin zamanı millətin inşası prosesi başa çatdıqdan sonra başlayır. O vaxt ki, artıq vətəndaş şeri unudulur. Bizim cəmiyyəti və onun ədəbi zövqünü fransızlarla, ingilislərlə, almanlarla, italyanlarla müqayisə etmək doğru deyil. Ona görə ki, bu ölkələrdə millətin inşası çoxdan başa çatıb, vətəndaş şeri çoxdan ölüb bu cəmiyyətlərdə. Biz indi-indi başlayırıq cəmiyyət quruculuğuna, millətin inşasına və hələ uzun illər bizdə vətəndaş şeri oxucu şerini gözümçıxdıya salacaq”.
A.Yenisey bildirib ki, çox vaxt İranın gücünü ballistik raketlərlə, dronlarla qiymətləndirirlər:
“Halbuki İranın gücü 1501-ci ildən başlayaraq bu ölkədə inşa olunmuş millətdir. Bu inşaatın mühəndisləri fars strateqləri, fəhlələri səfəvi türkləriydi. Onlar əl-ələ verib keçmiş Sasani coğrafiyasında fars-sasani tarixinə xidmət edən alternativ islam dəyərləri üzərində bir toplum inşa etdilər.Hələ mən özümü elə aparıram ki, guya, dünən İrəvanda Göy məsciddə erməni dilinə tərcümə olunmuş Sasani nağıllarından ibarət "Şahnamə"nin türk hökmdarı Qəznəli Mahmudun sifarişiyə yazıldığından xəbərsizəm. Bəs niyə millətin inşasına "Şahnamə" ilə başlayan və bu işi Səfəvilərlə yekunlaşdıran İran vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçə bilmədi? Bu məsələ millətin hansı dəyərlər üzərində inşa olunmasına bağlıdır.Vətəndaş ədəbiyyatından oxucu ədəbiyyatına keçid yalnız milli dövlət modelində mümkündür. İran dini, həm də dinə alternativ dini dövlətdir”.
Yazıçı deyib ki, bu cür rejimlərdə vətəndaşın özünü təmsil etməsi, öz zövqünə uyğun davranması xoş qarşılanmır:
“O yatanda da dövləti təmsil etdiyini unutmamalıdır, yorğanını öz ayaqlarına görə deyil, dövlətin ayaqlarına görə uzatmalıdır. Həm da ta yeni bir ideoloji sistem qurulana kimi. Avropada milli dövlət dinmərkəzli deyil, dilmərkəzli strategiya üzərində formalaşdı. Türkiyədə bunu Atatürk etdi. Avropada dövlət proqramıyla yaradılan klassisizm dini-mifik obrazları insan obrazlarıyla əvəzləməklə, əslində, cəmiyyət quruculuğuna başladığını elan edirdi. Cəmi yüz ildən sonra romantizm ortaya çıxıb klassisizmin gördüyü işi bəyənmədi, romantizmin qarşısına modernizm çıxdı, modernizmin pişiyini avaqardizm ağaca dırmaşdırdı, avanqardizmi postmodernizm şil-küt etdi və s. Bütün bu proses boyunca mərkəzləşmə işini başa çatdıran Avropa dövlətlərinin daha vətəndaş ədəbiyyatına ehtiyacı qalmadı. Oxucu ədəbiyyatı yerini həmişəlik möhkəmlətdi.Bu gün dünyaya çıxan ədəbiyyat oxucu ədəbiyyatıdır, vətəndaş ədəbiyyatı deyil.Bizə gəlincə, bir suala cavab verməliyik: məqsədimiz nədir, dünyaya çıxmaq, yoxsa millət inşa etmək? Dünyaya çıxmaq istəyiriksə, vətəndaş ədəbiyyatıyla vidalaşmalıyıq, millətin inşasıyla məşğul olmaq istəyiriksə, oxucu ədəbiyyatını yazıb hələ ki, sandığa atmalıyıq”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

