Kəndlinin istehsal etdiyi süd nə məqsədlə uçota alınır? – İqtisadçı açıqladı
Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının uçot sisteminə dəyişiklik edilir. Bundan sonra kəndlinin istehsal etdiyi hər litr süd və hər yumurta uçota alınacaq.
Bu isə kənd sakinlərində gələcəkdə vergi öhdəliyi ilə bağlı narahatlıq doğurur.
Bəs onda bu məlumatlar nə üçün toplanır?
Adalet.az-ın sualını iqtisadçı Xalid Kərimli cavablandırıb:
O, bildirib ki, inəkdən sağılan südün təkcə satılan hissəsi yox, həm də şəxsi istehlaka yönələn hissəsinin dəqiq uçota alınmasının bir sıra səbəbləri var:
“Bu səbəblərin sırasında əsas məsələ dövlətin süd istehsalının real göstəricilərini müəyyənləşdirmək istəməsidir. Çünki şəxsi istehlakın özü də istehsaldan formalaşır. Mağazadan və yaxud digər fermerlərdən alışla şəxsi istehlaka öz istehsalını yönəltməyin xüsusi bir fərqi yoxdur. Ona görə də təkcə satılan yox, həm də şəxsi istehlaka yönəldilən istifadənin də ölçülməsi prosesi həyata keçirilir”.
İqtisadçının sözlərinə görə, bu həm də aqrar siyasətin formalaşdırılması üçün vacibdir:
“Yəni qərarlar qəbul edərkən məlumatların tam və vacib olması vacibdir. Üçüncü məqam bu ərzaq təhlükəsizliyi ilə əlaqədar məsələrdəndir. Çünki ərzaq təhlükəsizliyi vəziyyətini qiymətləndirmək məlumatların əsaslı və doğru olmasından irəli gəlir. Şəxsi istehlaka yönələn məsələ hər hansı bir veri tutma məsələsi yaratmır. Bununla bağlı heç kim narahat olmasın. Uçotun aparılması hər hansı bir əlavə öhdəlik yaratmır. Burda sadəcə məqsəd vəziyyətin düzgün müəyyənləşdirilməsidir. Təbii ki, işin effektiv təşkil edilməsi bu məsələnin səmərəliliyinə təsir göstərəcək”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

