Netanyahu və Tramp telefon danışığında mübahisə ediblər
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı son telefon danışığı zamanı mübahisə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə "Ynet" nəşri mənbələrə istinadən yazıb.
"Söhbətlə tanış olan mənbələr bunu qeyri-adi dərəcədə mürəkkəb və qızğın fikir mübadiləsi kimi təsvir etdilər, bir mənbə isə bunu "cəhənnəm davası" adlandırdı", - deyə nəşr yazır.
Bildirilir ki, söhbət ötən həftə sonu baş tutub. Trampla bu söhbətdən qısa müddət sonra, noyabrın 10-da Netanyahu Knessetdə Tehranın nüvə arsenalını bərpa etməyə çalışdığını və onun fikrincə, məsələnin birdəfəlik həllinin yeganə yolunun İslam Respublikasında hökumət dəyişikliyi olduğunu bildirib.
İsrailin baş naziri bildirib ki, "İran nüvə təhlükəsini bərpa etmək üçün çalışır. Bu mövcud təhlükəni birdəfəlik aradan qaldırmağın yeganə yolu ayətullah rejimini devirməkdir".
Medianın məlumatına görə, Netanyahunun Vaşinqtonu İrana qarşı yeni hərbi əməliyyat başlatmağa inandırmaq cəhdləri bir neçə həftədir ki, davam edir. "The Financial Times" qəzeti diplomatik mənbələrə istinadən iddia edir ki, İsrail baş naziri Trampla gündəlik əlaqə saxlayır və onu yenidən İrana hücum etməyə çağırır.
"Netanyahu ona hər gün zəng edir. Həm Ağ Evin daxilində, həm də xaricində müharibə istəməyənlər bunun qarşısını almağa çalışırlar", - deyə FT-dəki mənbə bildirib.


Bakı -°C

