adalet.az header logo
  • Bakı 22°C
13 Sentyabr 2023 19:59
1146
MƏMLƏKƏT

Ağalıda daha 25 ailəyə evlərinin açarları təqdim olundu - FOTOLAR

Bu gün 123 sakindən ibarət 25 ailə Bakı şəhərindən köç karvanı ilə Zəngilan rayonunun Ağalı kəndinə yola salınıb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və digər rəsmi şəxslər “Ağıllı kənd”də Ağalı sakinlərini qarşılayıb. Daha sonra ata-baba yurdlarına köçürülən keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Bugünədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 133 ailə, 649 nəfər köçürülüb. 

Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. 

Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.

Hazırda Ağalı kəndinə növbəti ailələrin köçürülməsi üçün də hazırlıq işləri görülür və bu prosesin qarşıdan gələn aylarda reallaşdırılması nəzərdə tutulub.