AĞDAM SƏMASINDA DOLAŞAN RUHLAR
Bu gün minlərlə şəhidin doğma yurdu Ağdam azaddır! Bir zamanlar amansız dağıntılara məruz qalaraq acısı sərhədlərə sığmayan, “Qafqazın Xirosiması” adını almış bu qədim Azərbaycan şəhəri artıq yenidən doğulur. Xarabalıqların üzərində yeni ocaqlar çatılır, bu müqəddəs torpaqdan gələcəyə ünvanlanan quruculuq səsi ucalır. Yenidən göylərə yüksələn azan səsi ilə Ağdamın yaraları sağalır, şəhərin qüruru, vüqarı və əzəməti bərpa olunur.
Bu gün Ağdamın səmasında yalnız quruculuğun sevinci deyil, həm də keçmişin xatirələri dolaşır. Sanki bu torpağın hər qarışında izi qalan, elin hörmətini qazanmış ağsaqqalların, zəhmətkeş insanların, Vətənə bağlı kişilərin Ağdam səmasında dolaşan ruhları doğma yurdun dirçəlişinə tamaşa edir. Onların bir vaxtlar qurub-yaratdıqları, sevdikləri Ağdamın yenidən dirçəlməsi narahat ruhlara sevinc bəxş edir.
Ağdam səmasında ruhu dolaşan belə unudulmaz insanlardan biri də Qarabağda böyük bir nəslin nümayəndəsi olaraq bütün mənalı ömrünü Vətən övladlarının təhsil almasına sərf etmiş, müdrik ağsaqqallığı ilə insanların yaddaşına həkk olunmuş, ölümündən sonra külli-Qarabağın rəhmətini qazanmış, 110 illik yubileyi ehtiramla qeyd olunan Böyük Vətən müharibəsi iştirakçısı, ömrünü müəllimliyə və ictimai fəaliyyətə həsr etmiş Zülfüqar Səfərəliyevdir.
Bu gün Zülfüqar Səfərəliyev kimi müdrik insanları xatırlamağı özümüzə mənəvi borc bildik. El-obada böyük nüfuz sahibi olan bu cür müdriklərin ömür yoluna işıq salaraq haqqında xoş sözlər söyləmək, əslində, Ağdam kimi əzəmətli bir elin yaddaşında iz qoymuş insanların irsinə dərin ehtiram göstərməkdir.
Bəzi insanlar var ki, onların böyüklüyü tutduqları mövqe ilə deyil, malik olduqlarıı hörmətlə, insanlara qayğı mərhəməti ilə qazandıqları el sevgisi ilə ölçülür. Zülfüqar Səfərəliyev də məhz belə şəxsiyyətlərdən biri olub. O, təhsil sistemində rəhbər şəxs, fədakar müəllim kimi neçə-neçə insanın həyat yoluna işıq salıb, fəal ictimaiyyətçi kimi el-obasının qayğıları ilə yaşayıb, ağsaqqal kimi sözü, məsləhəti və müdrikliyi ilə insanların rəğbətini qazanıb. İnsanlarla, tabeçiliyində olan müəllim və işçilərlə davranışında zəngin mənəvi-əxlaqi dəyərlərlə nümayiş etdirdiyi nəzakət və nəcabət onu hər zaman uca tutub.
Zülfüqar müəllimə pənah gətirən insanlar heç bir zaman naümid geri dönməyib, o, əlindən gələn köməkliyi heç vaxt əsirgəməyib. Xeyir-şərdən qalmayan bu el adamı məclislərə ağsaqqallıq edib. Ağdam kimi milli-mənəvi və İslam dəyərlərinə həssaslıqla yanaşılan, dəli-dolu övladları ilə seçilən bir rayonda bəzən “birinci” sayılan rəsmilərin aciz qaldığı müşküllərin həllində Zülfüqar müəllim kimi ağsaqqalın adı, onun gəlişi və bir kəlmə sözü kifayət edib.
Onun mənalı ömür yolu bir xalqın zəhmətkeşlik, mərdlik, vətənpərvərlik və mənəvi bütövlük kimi ali dəyərlərinin təcəssümüdür.
Alman faşizmi ilə mübarizədə Böyük Vətən müharibəsinin ağır sınaqlarından keçmək, Vətənə və insanlığa sədaqətlə xidmət etmək hər kəsə nəsib olmayan bir tale, böyük iradə və dözüm tələb edən həyat məktəbidir. Zülfüqar Səfərəliyev məhz bu həyat məktəbinin yetirməsi kimi ömrünü mənalı əməllərlə zənginləşdirib.
Heç vaxt təvazökarlığını, sadəliyini və yüksək insani keyfiyyətlərini itirməyən Zülfüqar Səfərəliyev üçün müəllimlik sadəcə bir peşə deyildi. Pedaqoji fəaliyyət Zülfüqar müəllim üçün gələcək nəsillərin taleyinə məsuliyyətlə yanaşmaq, insanlara elm və bilik aşılamaq, bütövlükdə Azərbaycana xidmət missiyası idi.
Zülfüqar müəllimin ictimai fəaliyyəti isə onun bütün varlığını Seyyid Lazım Ağalı, Qədirli, Rəmişli doğma Ağdamın həyatına bağlamışdı, onu elin dərdini öz dərdi, sevincini öz sevinci bilən bir şəxsiyyət kimi tanıtmışdı.
Zülfüqar Səfərəliyev həyatının ən dəyərli səhifələrindən biri də Vətənə layiqli altı övlad böyütməsi idi. Altı övladın tərbiyəsi, onların cəmiyyətə faydalı, xalqa və torpağa bağlı insanlar kimi yetişdirilməsi böyük zəhmət, səbir və məsuliyyət tələb etmişdi. Bu, yalnız bir atanın ailəsi qarşısında deyil, bütövlükdə cəmiyyət və Vətən qarşısında daşıdığı mənəvi borcun şərəfli ifadəsi idi.
Zülfüqar Səfərəliyev Avropaya qədər ağır döyüş yolu keçərək Böyük Vətən müharibəsinin ağır sınaqlarından çıxmış bir insan kimi o, Vətənin qədrini, mərdliyin, dözümün və insan ləyaqətinin əhəmiyyətini dərindən bilirdi. Bu dəyərlərin ailədə qorunması və gələcək nəslə ötürülməsi onun ata kimi mənəvi ucalığını səciyyələndirən əsas cəhətlərdən idi.
Ailədə kişi xasiyyətli ər, tələbkar və mərhəmətli ata, kövrək və mülayim baba, doğmalığı ilə seçilən qaynata, istiqanlı, qayğıkeş qohum kimi tanınan Zülfüqar müəllim bu gün də onu tanıyanların xatirəsində ən xoş duyğularla yaşayır. Ən başlıcası isə Vətənə gərəkli vətəndaş kimi yrtişdirdiyi övladları bu gün öz xeyirxah əməlləri ilə atalarının ruhuna rəhmət oxutdururlar.
Bu bir həqiqətdir ki, ağsaqqallıq insanın yaşadığı illərin çoxluğu deyil, ömrün müdrikliyə çevrilməsidir. Tam səmimiyyətlə qeyd edə bilərik ki, Zülfüqar Səfərəliyevin adı da məhz bu müdrikliyin, el sevgisinin və insanlıq ucalığının rəmzi kimi xatırlanmağa layiqdir. Belə insanlar yaşadıqları dövrün mənəvi dayağı, ailələrin və cəmiyyətin etibar ünvanı olurlar. Onların söylədiyi bir kəlmə nəsihət, göstərdiyi hər nümunə gələcək nəsillər üçün əsl həyat dərsinə çevrilir.
Bu gün azad Ağdamın səmasında qürurla dalğalanan Azərbaycan Bayrağı, doğma yurdda yenidən qurulan həyat, gələcəyə inamla baxan insanlar həm də bir vaxtlar bu torpağın sabahına ürəkdən inananların arzularını yaşadır. Zülfüqar Səfərəliyev kimi insanların mənəvi irsi də həmin arzuların davamıdır. Onlar zamanın arxasında qalmır, xeyirxah əməlləri ilə elin yaddaşında yaşayır, övladlarının və gələcək nəsillərin həyatında öz ömürlərinin davamını tapırlar.
20 Noyabr - Ağdam Şəhəri Günü ərəfəsində Ağdamın el ağsaqqalı Zülfüqar Səfərəliyevin 110 illik yubileyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edirik. Zülfüqar müəllimin şərəfli ömür yolunu, pedaqoji fəaliyyətini, ictimai xidmətlərini və Vətənə layiqli altı övlad bəxş edən ata missiyasını minnətdarlıqla anırıq.
Qoy azad Ağdamın hər yeni səhəri bu torpağın dəyərli övladlarının xatirəsinə ehtiramın, onların arzuladığı firavan gələcəyin və xalqımızın sarsılmaz ruhunun rəmzinə çevrilsin!
Əməkdar jurnalist
Hilmət Xudiyev (Cəmilzadə)


Bakı -°C

