Ağsuda ekskavatorun aşması nəticəsində ölən şəxs sahə rəisi imiş - VİDEO - YENİLƏNİB

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi imiş.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd edək ki, ölən və yaralanan şəxslər Muğanlı-İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olublar.
***
Ağsuda selin ekskavatoru aşırması nəticəsində ölən və xəsarət alanların kimliyi bəlli olub.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
1992-ci il təvəllüdlü Abdullayev Bəxtiyar Nəsib oğlu, 1982-ci il təvəllüdlü Salahov Elnur Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Qasımov Bəxtiyar Fazil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
***
Ağsuda sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Hadisə bu gün rayonun Kalva kəndi ərazisində qeydə alınıb.
Adalet.az xəbər verir ki, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
Hazırda hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.