15 Aprel 2024 10:54
6003
MÜSAHİBƏ

 AKTYOR: “Teatr qazanc mənbəyi deyil” - MÜSAHİBƏ

Müsahibimiz  Akademik Milli Dram Teatrının aktyoru, bir çox sevilən rolların ifaçısı  Ramin Şıxəliyevdir. Müsahibimiz teatr baş verən  maraqlı hadisələrdən söhbət açdı.

-Hansı maraq sizi bu sənətə gətirdi?

-Bu sənət mənim uşaqlıq illərimin arzusu idi. Təxminən 5- 6 yaşlarımda  bir taxta parçası götürüb aşıq kimi dastanlar deyirdim. Özüm üçün kiçik səhnələr hazırlamışam. Hələ 3-cü sinifdə oxuyurdum, orta məktəbdə mən “Məşədi İbad”ı  oynadım. Hər kəs bu obrazı  maraqla qarşılamışdı.  Ümumiyyətlə, mən incəsənətə bağlı olmuşam. Çünki musiqi məktəbini bitirmişəm. Yəni  həm də qarmon ifaçısıyam.  Musiqi sahəsi nə qədər gözəl olsa da, marağım daha çox aktyorluğa idi. O üzdən də aktyor olmağı seçdim. Tam öz istəyimlə  İncəsənət Universitetinə qəbul olmuşam.

-Peşə seçiminizdə  ailənizin narazılığı yəqin ki, oldu… 

- Atam çox istəyirdi ki, mən hərbiçi olum. Sonra gördü ki, o sahəyə həm o qədər  meyilli deyiləm, həm də  fiziki cəhətdən  cüssəli deyiləm. O üzdən peşə seçimimdəki azadlığıma mane olmadı. Mən  musiqi sahəsini seçmişdim. Onunla toylara da gedirdim. Bu mənə maddi cəhətdən də çox yaxşı təsir edirdi. Amma dedim yox, mən aktyor sənətini seçirəm. Aktyor kimi fəaliyyət göstərəndən sonra tamadalıq etmədim.

- Niyə məşhurlar  el şənliklərindən  çəkinməyə başlayırlar?

- Mən ali məktəbə qəbul olan kimi tamadalığa  başladım. “Görüş kafesi” adlı verilişdə qonaq aktyor idim. O verlişdə  3-4 aktyoru parodiya etmişdim.  Orda mərhum xalq artisti Yaşar  Nuri mənimlə maraqlanmağa başladı. Məndən nə işlə məğul olduğumu soruşdu.  Dedim ki, toylara tamada kimi gedirəm. O mənə dedi ki, məndən yaxşı tamada olacaqsan? Dedim ki, əstağfürallah, qətiyyən elə bir fikirdə deyiləm, Yaşar əmi. 

Yaşar Nuri dedi ki, “Evləri köndələn yar”dan sonra cammat məni tamada etdi. Mən onu rol kimi ifa etdim, ancaq xalq məni realda tamada etdi. Toylara gedirdim saat 18:00-da tanınmış insan kimi hörmətim qorunurdu. Ancaq ondan 2- 3 saat sonra toyda içib keflənən üçün mənim məşhurluğum və ya aktyorluğum əhəmiyyətli olmurdu.
O mənə məsləhət gördü ki, aktyor sənətinə başlayandan sonra tamadalıqdan əl çəkim.

-Bir tələbənin toyda tamadalıq etməsi onun istedadına, mənəvi ruh halına mütləq ki təsir edirdi…

-Əlbəttə , axı aktyor da insandır. Təbii ki, bu çətinliklərə sinə gərmək gərək idi. Nə qədər çətin olsa da öhdəsindən gəlməyə çalışırdım.
Ancaq bu qədər yorğunluğa baxmayaraq, mən ali məktəbdə dərslərimə davamiyyətimi pozmurdum. Hətta mən magistratura pilləsini də bitirdim.  Ancaq hələ belə bir fikrim yox idi. Çünki mən ali məktəbi bitirib hərbi xidmətə getməli idim. Ancaq elə oldu ki “Meşşanın zadəganlığı”da  baş rolu- Cənab Jurdeni ifa etdim. O əsər Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulacaq bir əsərdir. Mən onu İncəsənət universitetində ifa etdim. O vaxtki rektorumuz Timurçin müəllim bu tamaşanı izləyib demişdi ki, bu tələbə bizim universitet üçün gərəklidir. Həmin aktyor mütləq bizim ali məktəbdə qalmalıdır.

- O zaman “Cənab Jurden”i  tələbəlik uğurunuz adlandıraqmı?

-Bəli, əlbəttə. Tələbəlik illərimin uğuru idi. Magistartura pilləsində təhsil almağımın səbəbi məhz həmin rol idi.

Sənət müəllimim Fikrət Sultanov , köməkçi müəllimlər Fərhad İsrafilov, Vidadi  Həsənov idi. Ali məktəbdə təshil almağıma baxmayaraq İlham Namiq Kamalın kursuna da dəvət almışdım. Məşqlərimi paralel davam edirdim. Atamın  üç mərasiminin sabahsı günü Musiqili Komediya fakültəsində rol ifa etdim. Atamın yeddi mərasiminin səhərsi günü isə ali məktəbdə öz diplom tamaşamı ifa etmişəm. Onu da bizim rektorumuz Timurçin müəllimə demişdilər.

-Maddiyyat üzündən teatr aktyorunun kinoya üz tutmağı bir teatr aktyorunu mənəvi cəhətdən yorurmu?

-Sözsüz ki, yorur. Hətta deyərdim ki, çox yorur. Mən demək olar ki, 10-a yaxın serialda çəkilmişəm. O mənəvi yorğunluğu təbii ki, hiss edirdim. Çox təəssüf edirəm ki, kinostudiyalarda bədii filmlər yetərincə deyil.  Hətta deyərdim ki, professional rejissorlar sırf madiyyat xatirinə qeyri-peşəkar aktyorlarla işləməyə məcbur qalırlar. Çox professional rejissorlar belə bir məcburiyyət qarşısnda qalıblar. Tetarı çox sevdiyim üçün teatrda qalmışam. Teatr qazanc mənbəyi deyil.

-Gənc aktyorlara yetərincə qayğı göstərilməyəndə bu, gənc aktyoru ruhdan salırmı?

-Bilirsiniz, gərək hər qayğının zamanını gözləyəsən. Teatrda 2- 3 ilə böyük uğurlar əldə etmək eşqi ilə yaşamaq olmaz. Çünki insanlar var ki 20- 30 ildir səhnədə çalışırlar hələ indi- indi arzuladığı pilləyə çatıblar.

Allah aktyora ürək və beyin verir.İstedad isə bu iki amilin vəhdətindən yaranan bir hissdir. Əgər Allah bu iki amildən birini  aktyora verməyibsə, həmin aktyor heç vaxt uğurlu obrazlar yaratmayacaq. Bu, mütləq ki belədir. O qədər istedadsız aktyorlar var ki, səhnədən əl çəkmirlər. Aktyora qiymət verilmirsə, bu, akyorun günahıdır. Demək hələ həmin aktyor veriləcək qiymətə layiq deyil. 

Aktyor istedadını sübut etmək üçün  səhnədə bir epizodik rol da bəs edər. Yetər ki, həmin rol yadda qalan və sevilən olsun. Tamaşaçı o rola reaksiya verirsə, demək aktyor nəsə əldə edə bilib. Kiçik bir rol ilə aktyor bütün səhnədə görünə bilər. Elə də ola bilər ki, aktyor baş rolu ifa edir və heç bir marağa səbəb olmur. Bu, artıq aktyorun istedadının nə dərəcədə  olmağından xəbər verir.

-O zaman qeyd edək ki, aktyorun sevilməyi üçün baş rolun və ya epizodik rolun heç bir fərqi yoxdur. Elə deyilmi?

-Bəli, qətiyyən heç bir fərqi yoxdur. Əsas həmin rolu istedadla ifa etməkdir. Profesional komedik aktyorlar var ki, ömründə bircə dəfə baş rol ifa edib.

Ancaq çox sevilir.

-  Tərəf müqabilinin istedadı Ramin bəy üçün nə dərəcdə önəmlidir?

-Aktyor səhnədə oynadığı rolu hiss etməlidir. Mətni əzbərləyib səhnədə onu tərkrarlamaq  aktyorluq deyil. Elə tərəf müqabili var ki, rolu özü üçün oynayır. Ancaq elə də istedadlı tərəf müqabili var ki,  tamaşaçı və öz tərəf müqabli üçün oynayır.

Çalışıram ki, ifa etdiyim rolların heç biri bir- birinə bənzəməsin. Rollarımda xarakterik obrazları çox xoşlayıram. Bu, həm də aktyorun özünə güvəni deməkdir.  “Generalın son əmri”də “Fərari”ni ,”Nadir şah”da “Məhəmmədhüseyn xanı”ı  “Ölülər”də “Kərbəlayi  Vəli” “Anamın kitabı”da  “Hüseyn”i,  “Vəsiyyət”də “Stilist Timur”u  “Müfəttiş”də “Bobcnskin”ni v.s kimi müxtəlif karaketrli obrazları ifa etmişəm.
Mən rollarımı bir-birinə oxşar tərzdə ifa etsəm teatrda işləmərəm! Teatrı tərk edərəm!

-Ümumiyyətlə,  gənc aktyorlar niyə bu qədər sərt qərarlı olular? Gah gedirlər, gah da küsürlər…

- O aktyorun özündən aslıdır. Bu artıq aktyorun ona verilən dəyərdən yararlana bilməməyidir. Elə gənc aktyorlar var ki, onlara burda çox yüksək dəyər verilib. Rejissor ona baş rol verib. Yəni diqqətdən kənar qalmayıb.

Səhnədə iki şey vacibdir: istedad və şans! Əgər insanın şansı gətirisə,  onun sevilməyinə heç kəs mane ola bilməz.

-İstedadlı aktyorların diqqətdən kənar qalmağının günahkarı rejissorlar deyilmi?

- Aktyorun ixtiyarı var ki, rejissordan rol tələb etsin. Eyni zamanda rejissorun da ixtiyarı var ki, aktyoru o rolda görməyib ona rol verməsin. Axı bu səhnəyə qoyulacaq tamaşa rejissorun yaratdığı əsər olacaq. Buna görə rejissordan küsmək heç də düzgün addım deyil. Hətta ola bilər ki, rejissorun şəxsi qəzəri olsun və həmin obrazı aktyora verməsin.

Küçədən keçəni filmə çəkmək olar, amma teatrda həmin adama rol vermək olmaz. Çünki teatr canlı səhnədir. Orda əsl aktyor istedadı tələb olunur.
Aktyor sənətini bitirməyib 1- 2rol ifa edib özünə aktyor deyənlər də az deyil. Mən elələrinə deyirəm ki, əzizim sən aktyorluq edirsən, amma aktyor deyilsən..
                                                       

Əntiqə Kərimzadə