AKTYOR: “Teatrdan maddi çətinliyə görə gedirlər” - MÜSAHİBƏ
Gənc Tamaşaçılar Teatrının aktyoru, istedadlı aktyoru Vüqar Məmmədəliyevlə həmsöhbət olduq.
Adalet.az müsahibəni təqdim edir…
-Adətən aktyorların sənətə gəlişinə hansısa sevdiyi aktyor səbəb olur. Bəs sizdə necə, öz istəyiniz idi, yoxsa kimdənsə qaynaqlanmaq idi ?
-Hələ orta məktəbdə oxuyarkən teatrda çalışmaq istəmişəm. Ümumiyyətlə, incəsənət həmişə mənə maraqlı olub. Bir zamanlar Sumqayıt Teatrı bütün Azərbaycana səs salmışdı. Rövşən Almuradlının hazırladığı “Dəyirman” tamaşasındakı dörd balaca uşaqdan biri mən olmuşam. Elə həmin tamaşadan başlamışam səhnədə rol ifa etməyə. Onda çox kiçik idim.
Mən bunu heç vaxt danmıram Təranə Mahmudovanın zəhməti mənim üzərimdə böyükdür. Məni İncəsənət Universitetinə o xanım hazırlaşdırıb. Orta məktəbi bitirən il ali məktəbə qəbul ola bilmədim (1 bal fərqi ilə). Atam da istəmirdi mən İncəsənət Universitetinə sənəd verim. Çox arzulayırdı ki, Neft Akademiyasına qəbul olum. İkinci dəfə yenə bəxtim gətirmədi. Ancaq ruhdan düşmədim 2-ci turda ali məktəbə qəbul oldum. Təkcə qabliyyət imtahanı qalmışdı. Onu da uğurla verdim. Artıq İncəsənət Universitetinin tələbəsi idim. Zəhmətimin bəhrəsi yerdə qalmadı.
Ancaq ali məktəbə qəbul olmağım da çox maraqlı olub (gülür). Atamın adı ilə soyadım dəyişik yazılmışdı. “Əhmədov Vüqar Məmmədəli oğlu” ifadəsini görəndə çox pis oldum ki, bu başqa adamdır. Axırda öyrəndim ki, siyahıda səhv yazılıb. Əslində “Məmmədəliyev Vüqar Əhməd oğlu” yazılmalıdır. Bu da mənim adımdır. Mən həmin an yaşadığım sevincimi heç nə ilə ifadə edə bilməzdim. Ali məktəbdə Gülşad xanım Baxşıyevanın kursunda oxuyurdum.
-Çox güman ki, ilk rolunuzu xatırlayırsınız…
-Yəqin ki, siz professional səhnədəki ilk rolumu deyirsiniz. Bəli, xatırlayıram. Ali məktəbi bitirəndən sonra Əkrəm Əylislinin “Yazığam, sevmə məni” adlı əsəri əsasında tamaşa hazırlanırdı. Orda mənə parlaq görünən bir rol verildi.Ondan sonra rəhmətlik Hüseynağa müəllim mütəmadi olaraq mənə tamaşalarda öndə olan rol verirdi. Görünür, rəhmətliyin etimadın doğrultmuşdum.
İnanın səmimiyyətimə, heç zaman baş rol oynamağa can atmamışam. Teatrda elə aktyorlar var ki, baş rol ifa etməkdən ötrü az qalsın özlərin öldürsünlər. Bir aktyor kimi mən belə düşünürəm ki, rol kiçik də ola bilər. Yetər ki, həmin rol yaxşı rol olsun. Xarakterik rolları çox sevirəm.
-Teatr aktyorları filmdə rol alanda daim çalışdıqları bilinir. Məlum məsələdir ki, teatr aktyorları hər gün məşq edirlər və daim canlı səhnədə olurlar. Bəs kino aktyorları necə, onların teatr səhnəsində potensialının güclü olduğunu görmək olur?
-Teatr canlı sənətdir və daha çox zəhmət tələb edir. Səhnədə aktyorların harda səhv etdiyini yalnız özləri və aktyor yoldaşları bilirlər. Bunu tamaşaçı hiss etmir. Teatrda elədir ki, mən bir aktyor kimi axırıncı cərgədə oturan tamaşaçıya da öz hislərimi çatdırmalıyam. Ancaq kinoda kamera aktyorla çox yaxın məsafədə olur. Bu da aktyora daha çox rahatlıq gətirir və işlərini asanlaşdırır.
Mən teatr aktyoruyam, ancaq kinoda da çəkilmişəm. Sizə onu da qeyd edim ki, kinonun da özünəməxsus çətinliyi var.
-Bir qrup aktyorlar var ki, həvəslə teatra gəlsələr də, tez bir zamanda teatrdan üz çevrirlər. Bu nankorluqdur, yoxsa maddiyyatla bağlıdır ?
-Yox, yox. İnanın ki, mən gənclərimizi qətiyyən qınamıram. Onlar teatrdan maddi çətinliyə görə gedirlər. Birdən elə aktyor görürəm ki, gəncdir, teatra yeni gəlib hiss edirəm ki, çox sıxılır. Özünə deyirəm ki, qardaş, dözə bilirsənsə döz,işlə. Bu çətinliklərə dözə bilmirsənsə, cavansan çıx, get başqa işlə məşğul ol. Sonra gec olacaq.
Bəzən aktyorları kinoya dəvət edəndə, aktyor öz qonarar qiymətini deyəndə hər kəs bir tərəfdən deyir ki, sən heç teatrda bu qədər maaş almırsan. Niyə yüksək qonarar istəyirsən? Mən həmişə bu məsələdə aqressiv oluram. Adama deyərlər ki, bəlkə mən teatrda bir tikə çörəyə çalışıram. Bundan sənə nə?! Məni aktyor kimi rola dəvət etmisən, mən də öz qonarar qiymətimi deyirəm. Sənə uyğundur razılaş, uyğun deyil “yox” de. Daha mənim teatrdan nə qazanıb, qazanmamağıma niyə qarışırsan?!
-Demək istəyirsiniz ki, bütün bunlar aktyoru aşağılayır ?
-Bəli, əlbəttə. Bu da ondan yaranıb ki, bu sənətə hardan gəldiyi bilinməyən, yeri görünməyən adamlar bu sənətdə “meydan oxuyurlar”. Belə adamlar bu sənətə hansı yollarla giriblərsə, biz aktyorlar heç birimiz o yolu tapa bilmirik.
Bizim kino sənəti Hindistanın gününə düşüb. Hər ay bir film çəkilir. Keyfiyyət, istedad, kinonun öz gözəlliyi ki, var onların heç biri kinoda yoxdur.
Qeyri-peşəkar aktyorlar var ki, siz onların kadr arxasındakı halını görsəniz artıq kino haqqında fikriniz tamamilə mənfiyə doğru dəyişər. Mən o cür qeyri-peşəkar aktyorların biri ilə çəkilişdə olmuşam. Ancaq o aktyora böyük hörmətim var ona görə ki, o adam bu sənəti öyrənmək istəyir. Elməddin Cəfərovu deyirəm.
Sənubər xanım çəkilişdə hamının yanında dedi ki, ay Vüqar, ona səhnədə danışmağı, 1-ci və 2-ci planı, hərəkəti öyrət. Ancaq Elməddin Sənubər xanımın bu sözündən nə incidi, nə də söhbətdən yayındı. Gəlib qarşımda dayandı ki,qardaş, öyrət də mənə. Mən də öyrənmək istəyirəm. Ondan sonra mənim Elməddinə bir qardaş kimi böyük hörmətim oldu. Çünki o adam öyrənmək istəyirdi.
Mən heç vaxt dediyim sözdən çəkinməmişəm. Nə Fərda, nə Elməddin, nə Anar- onların heç biri aktyor deyil. Bunu onlara sübut da edərəm. Onlar sadəcə səhnədə görünməyə can atan adamlardı.
- Maraqlı söhbətə görə təşəkkür edirik.
Əntiqə Kərimzadə