Allahın bu dünyaya bəxs etdiyi cənnət: Qənirsiz, təkrarsız Kəlbəcər!
Məni tanıyanlar bilir, uşaqlığımın yay tətilləri düz 9-cu sinfi bitirənə qədər Kəlbəcər yaylaqlarında: Taxtabaşıda, Zülfüqarlıda keçib. Ona görə də o yerlərin daşından-çınqılından tutmuş meşələrinə, şəlalələrinə, bulaqlarına, çaylarına, yamaclarına qədər bütün gözəllikləri tər-təmiz uşaq beynimə əbədi həkk olub.
Hələ birinci Qarabağ müharibəsi başlayarkən tabut-tabut ellərimizə gələn şəhidlərimiz haqqında “Yeri cənnət olsun” cümləsini eşidəndə elə bilirdim ki, böyüklərimiz həmin o cənnəti Kəlbəcər mənasında deyir. Məsələn, “məkanı Kəlbəcər olsun”. Çünki o günə qədər elə bilirdim ki, cənnət elə Kəlbəcərdir. Kəlbəcərdən gözəl yer , məkan yoxdur, olmayıb, ola da bilməz!
Sonra mənfur düşmənlərimiz havadarları ilə birgə bizi yurd –yuvamızdan perik saldı, qovdu bizi cənnətimizdən...
Hə, bax elə o vaxtdan çöllərə düşdük, qapılarda qaldıq, çadır şəhərciklərində, yataqxanalarda dəmir yollarında vaxtı bitmiş qırıq vaqonlarda yaşadıq. Əslində ölümə bərabər bir yaşam başladı. Amma o ölümə bərabər yaşamın içində itib-batmadıqsa , deməli, səbəb cənnətlərimizə qovuşmaq ümidi oldu!
Jurnalist ixtisası üzrə təhsilimi bitirdikdən sonra işləməyə başladım. İşimlə bağlı bu günə qədər Azərbaycanın dağlıq rayonlarının demək olar ki, hər birində oldum. Quba, Daşkəsən, Gədəbəy, Göygöl, Qusar, Lənkəran, Masallı, Qəbələ, Oğuz, Şamaxı, Şəki, Ağsu və s. Hər bir rayonun öz gözəllikləri , öz özəllikləri unikallığı vardı.
Amma heç biri mənim körpə, tərtəmiz beynimə həkk olan Kəlbəcəri əvəz edə bilmədi. Özüm Ağdamda doğulub –böyüsəm də 30 illik vətən həsrətli,yurd nisgilli yazılarımın başında Kəlbəcər adı gəlib. Hətta Kəlbəcərlə bağlı 3 hissəli “Ömrümün köç günlüyü” povestim belə o həsrəti, o nisgili xəfiflətmədi, azaltmadı.
Bu məqaləni oxuyanların bir çoxu soruşacaq ki, axı, Kəlbəcəri digər bir –birindən gözəl təbiəti olan dağlıq rayonlardan üstün edən nədir ? Axı, həmin rayonlarda da Kəlbəcərdə olduğu kimi uca dağlar, zümrüd meşələr, gurlayan şəlalələr, şaqraq səsli çaylar, zümzüməli bulaqlar, xalıya bənzər çəmənlər mövcuddur? Niyə axı, Kəlbəcər üstündür?!
Həə, indi gəlin nənımizdən- babamızdan eşitdiyimiz, gözlərimizlə gördüyümüz Kəlbəcərin üstünlüklərini sadalamağa!
Birincisi – and içərəm ki, sıx meşələri, zümrüdü yamacları, zəngin bitki örtüyü ilə nəinki Azərbaycanda , heç bütün Qafqazda Kəlbəcərə tay olacaq bir ərazi yoxdu. Çünki hələ sovet dövründə alimlərin tədqiqatları sayəsində məlum olmuşdu ki, Kəlbəcər ərazisində 2 mindən artıq bitki növü mövcuddur. Həmin bitki növlərinin böyük əksəriyyəti də Allahın möcüzəsi kimi bilinən dərmanlar, çarələrdən ibarət idi. Nənəm yuxusu ərşə çıxana, əsəbləri yerində olmayana dazıotu dəmləməsi içirərdi.
Nənəmin və anamın birləşib saç üstə bişirdiyi, barmaqlarımızın beşini də yaladığımız Qırxbuğum kətəsi başdan ayağa bir dərman deposu olduğunu böyüyəndən sonra anladım. Sən demə, mədə, onikibarmaq bağırsaq xoralarını, dizenteriyanı, qaraciyər, ağciyər vərəmini, dəri, malyariya xəstəliklərini, şişləri, podaqra və babasili həkimsiz -təbibsiz sağaldır. Bəli, Qırxbuğum bir çox rayonlarda yetişir, amma heç bir rayonun ərazisində bitən bu bitki Kəlbəcərdəki Qırxbuğum qədər effektə malik deyil.
Yox e, çaşırın, baldırğanın, qatırquyruğunun, itburnunun, maralçiçəyinin, qantəpərin, gülxətminin, dəvədabanının, qoyunqulağının, quzuqulağının, kəklikotunun, zirincin zirənin, lilparın faydalarını yazmaq fikrim yoxdur. Təsəvvür edin, 280 min hektar ərazisi meşələr olan bir rayonun havası necə olar? Hələ nəzərə alın ki, Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdədir. Sözün həqiqi mənasında əsil dərman, əsil məcun!
Dağdan Arana enəndə yanaqlarımızın və burnumuzun lalə kimi qıpqırmızı rəngi uzun müddət solmazdı. O meşələrin bal dadlı, xüsusi tamlı çiyələyini, moruğunu, armudunu, əzgilini, zoğalını, ayı fındığını (“Qırmızı kitab”a düşüb), fıstığını, qarelləsini və s. məcun kimi diğər meyvələrini sadalamaqla bitən deyil ki... Hələ Kəlbəcər meşələrinin palıdının, vələsinin, cökəsinin gövdəsini qucaqlayarkən o xoş rahiyəni heç bir rayonlarımızdakı meşə ağaclarından duymamışam. O qoxuda bir sərinlik, bir nəmişlik, çiçəklə otun doğranıb bir-birinə qarışdırılmış ecazkar bir ətir vardı.
Yəqin ki, bu cümləni oxuyan kəlbəcərli elə yazını oxuya-oxuya dediklərimi ürəklərində dəfələrlə təsdiq edəcək! Hələ meşədən ardıc sürüyüb gətirdiyim, nənəmin o ardıc budaqları ilə təndiri qalaması, çörək bişirməsi elə bilirəm dünən olub.
Maraqlıdır ki, o vaxt may ayının sonuna yaxın aran rayonlarının demək olar ki, böyük əksəriyyətinin qoyun-mal fermaları Kəlbəcər yaylaqlarına sürülürdü, amma bu köçlərin , bu sürülərin nə bitki aləminə ziyanı olurdu, nə yaşıllıq ərazilər azalırdı.Kəlbəcərin zənginliyi bitib tükənmirdi!
O da yadımdadır ki, babam biz uşaqların – nəvələrinin tez-tez meşəyə getməsini istəmirdi. Deyirdi ki, bir gün ayı sizi yeyəcək. Düzdür, heç vaxt meşədə qarşımıza ayı çıxmadı, amma çox sonralar oxudum ki, burda dağ keçisi də (bezuar – Qırmızı kitab”a düşüb ), cüyür də varmış hələ desən, qonur ayı da, bəbir də , canavar da çox imiş. (Hətta Kəlbəcərdə bir “Canavar” adlanan yüksəklik də var) Gecələr isə çaqqalların , tülkülərin ulartısı ətrafda əks-səda verərdi. Niyəsə o vaxt qarşımıza çıxmayıb.
Yadımdan çıxmamış onu da deyim ki, bizim Taxtabaşı yaylağında Qərvənd binəsinin gəncləri tez-tez ova gedərdilər. Qaban ovuna( çöl donuzu) hərdən keçi də, dovşan da, qırqovul da(ular) gətirərdilər.
Biz uşaqların ən çox qorxduğu isə Kəlbəcərin dağlarında cövlan edən qartallar idi. Guya bu qartallar uşaqları caynağına alıb qaçıra bilirmiş. Sonradan öyrəndim ki, göydə görəndə iri daşların arxasında qaçıb gizləndiyimiz qartallardan başqa toğlugötürəni də (Qırğı növü) qartal hesab edirmişik. Hələ orta ölçülü kələzləri harda görürdüksə bir neçə gün o dağa, qayalığa tərəf hərlənmirdik. Elə ki, xof canımızdan çıxdı, bezuardan da beş betər qayalıqlara dırmaşardıq.
Qayalıq, dağ demişkən, “dəli” adlandırılan məşhur dağ bu rayonun ərazisindədir. Babam gəncliyində , müharibə illərində ferma müdiri olduğu üçün kolxozun fermasını Dəli Dağa sürərmüş. Anamın da uşaqlığı Dəli Dağ yaylağında keçib. O deyir ki, o dağa ona görə “dəli” deyirdilər ki, 10 dəqiqənin içərisində Dəli Dağ ərazisində gah gün çıxar, gah dolu düşər, gah yağış yağardı. Həm də yayın cırhacırında! Dağın sinəsində qar əriməzdi, o qədər qalardı ki, hətta qurdlayardı.
Maksimum hündürlüyü 3,616 metr olan Dəlidağ Mıxtökən- Kiçik Qafqazda dağ silsiləsində yerləşir. Amma Murovdağ dağ silsiləsi haqqında da danışmamaq günah olar. Deməli, coğrafiyaşünaslar bildirir ki, silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Bəli, düşmənlərimizin, mənfur ermənilərin Murovdağda sinəmizə çəkdiyi dağlar heç vaxt unudulmayacaq.
Yüzlərlə şəhidimizin qanı o zirvəni hər zaman müqəddəs məkana çevirəcək. Rayon ərazisində hündür dağların demək olar ki, hamısın adı var. Hamısının adını yazsam uzunçuluq olar, inşallah özünüz o yerlərə səfər edib, o sıldırım, vahiməli qayalıqların, zirvəsi qar, duman olan dağların möhtəşəmliyini təkrarsızlığını öz gözünüzlə görərsiniz.
Bilirsiniz, Kəlbəcəri cəlbedici edən bir də hansı möcüzədir? Bulaqlar, şəlalələr, çaylar...Bu bütün Azərbaycanın möcüzəsidir. Dağda, qayada, meşədə, düzəndə, fərqi yoxdu, ayağını atdığın hər köşədən bumbuz, dumduru bulaqlar qaynayır, hər bir bulağın da özünə məxsus tamı- dadı. Məsələn , bizim Qərvənd yurdu Taxtabaşı yaylağında idi və Sünbüllü yurd, Gülnazoğlu yurdu, Hacı Pənahın yurdu, Buzxana yurdu, Boğaz yurdu, Gicitkanlı yurd, Çala yurd, Şurabad yurdu, Çullu yurd, Solaxayıçala yurdu, Köhnə binələr yurdu, Mahmudun yurdu, Ləzgi yurdu, Məndilin yurdu, Səlim bəyin yurdu deyilən ərazilərin hamısı o Taxtabaşı yaylağına aid idi.
Hər yurdun da öz bulağları vardı: Qərvənd yurdunun adamları yurdlarına yaxın bulaqlara adlarda qoymuşdular: Vəli bulağı, Daşlı bulaq, Dəhnəli bulaq, Güllü bulaq, Şəkər bulaq... Bulaqlar böyüklərimiz tərəfindən gözbəbəyi kimi qorunurdu. Elatımız elə düşünürdü ki, bulaq qurusa, böyük fəlakət olar. Onların qorxusundan ora nəinki zibil atmazdıq, heç əlimizdə yediyimiz meyvənin gəzalını da orda qoyub gəlməzdik.
Bulaqlardan danışarkən, nənəm demiş, ”ölü içsə dirilər” kimi epitetləri haqq edən mineral bulaqları unutmaq olmaz.El arasında “dirilik suyu “kimi ad çıxarmış İstisu! Alimlərin araşdırmasından məlum olub ki, Kəlbəcərin İstisuyu, adı dünya ilə bir olan Çexiyanın Karlovı-Varı bulaqlarından tərkibinə görə daha zəngin , daha müalicəvidir.
Yəqin ki, tarixlə maraqlananlar bilir. 1139-cu ildə 9 ballıq zəlzələ baş verir, Kəpəz dağın zirvəsi uçub Ağsu çayının qarşısını kəsir və gözəl Göy göl, Maralgöl , Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıgöl yaranır haaa, bax, həmin vaxt Kəlbəcər dağlarının qabarması, çatlaması səbəbindən Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Qoturlu İstisuyu, Turşsu və s. İstisu mineral bulaqları meydana gəlir. SSRi dönəmində İstisu mineral bulaqlarının üzərində istifadəyə verilmiş sanatoriyalara ölkənin hər yerindən əlacsız xəstələr gəlirmiş, amma evlərinə sağlam qayıdırmış.
Belə faktın birinə özüm şahidəm. O vaxt kəndimizdə bir Peykər nənə vardı. Heç kim onun xəstəliyinə görə, uzun yaşayacağına inanmırdı. Günlərin bir günü Peykər nənəni oğlu Manaf qucağına alaraq maşına uzatdı və onu Kəlbəcərə apardı. Tam 1 ay sonra Peykər nənə kəndə yanaqları qıpqırmızı, həm də öz ayaqları ilə gəldi. O, köçkünçülük düşəndən sonra həyatla vidalaşdı. İstiliyi 58,8 0C olan o İsyi suyun tərkibində bilirsiniz nələr var? Deyilənə görə, cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir.
Peykər nənə kimi milyonlarla xəstəni ölümdən qurtaran isti su haqqında danışan həkimlər onu da qeyd ediblər ki, mə`də-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar həmin suda davamlı çimərsə, o sudan içərsə olar anadangəlmə sağlam adam! Hələ deyirlər ki, İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraiyər, öd kisəsi, qastrit xəstəliklərin müalicəsində də əsl loğmandır.
Yəqin ki, oxularımıza da aydındır ki, bulaqları, suyu bol olan Kəlbəcərin çayları və şəlalələri də həm çoxdu, həm də təkrarsızdı.
Biz Zülfüqarlı İstisuyuna yaylağa gedəndə orda çayın adın yerli əhali Tutxun çay deyirdilər. O vaxt-1986-cı ildə həmin çay məcrasından çıxmış, istirahətə gəlmiş xeyli adamı sularına qərq etmişdi.
Ölənlər çox olmuşdu deyə, əhalidən ölənlərin sayı gizlədilirdi. Deməyim odur ki, bir yerin ki, Dəli Dağı varsa, orada çaylar da heç “ağıllı” olmur. Ölkəmizin7-ci böyük çayı olan, mənbəyini bu dağlardan götürən, uzunluğu 200 km çatan Tərtərçay Kür çayının sağ qoludur, Tutxun çay isə Tətərçayın sağ qoludur. uzunluğu 35 km-dir.
Uzaq olsun, sel vaxtı ora düşən adamın sağ tikəsi çətin ələ gələr. Tərtər çayının sol qolu olan Levçay da36 km), Torağaçay (uz.35 km) elə Tutxun qədər dəli və bolsulu çaydır.
Ümumiyyətlə, Kəlbəcərdə Zəylik çayı, Keşdək çayı, Qaraağac çayı, Moz çayı, Qara su, Qaraxan çayı, Ağ çay, Söyüdlü çayı, Meydan çayı, Yanşaq çayı və s çaylar da daxil olmaqla 50-dən çox çaylar mövcuddur. Təbii ki, hündürlükdən axıb gəldiyi üçün bu çayların hər birində o qədər şəlalələr var ki, saymaqla bitməz.
Bir rayonda bu qədər su olarsa , dövlətimiz və xalqımız bundan niyə səmərəli istifadə etməsin . Uzun sözün qısası, Ağdərə, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının susuzluqdan cadar-cadar olmuş 100 min hektarlarla torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə ərazisində Sərsəng Su Anbarı yaradılır.
İndi də, təkrarsız Kəlbəcərin yeraltı sərvətlərindən sizə bilmədiyiniz məqamları anladacağam. Məsələn, siz bilirdiniz, Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun ərazisində yerləşir? Zod qızıl yatağı! Tarixçilərimiz iddia edir ki, hələ insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər.
Amma qanuni şəkildə bu qızıl yataqlarının işlənməsi 1976-cı ildən başlayıb. İqtisadçı-alim Vüqar Bayramov da deyib ki, Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir.
Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Çox təəssüf ki, uzun illər doğma Kəlbəcərimiz işğalda qaldığı üçün bu qızıl yataqlarından ermənilər daha çox faydalanıb. Təsəvvür edin, təkcə Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Ermənilərin bu qazancını 30 ilə vurun...
Alimlərimizin araşdırmasına əsasən qeyd edək ki, digər filiz (metal) yataqlarından Kəlbəcər ərazisində civə, sürmə (Ağyataq, Şorbulaq, Lev), xromit (Göydərə, Kazımbinə), mis-molibden (Teymuruçandağ) yataqları bu torpağın sözün həqiqi mənasında qiymətli olduğunu ortaya qoyur . Hətta perlit adlı qiymətli bir sərvət var ki, onun da yataqları Azərbaycan üzrə yalnız Kəlbəcərdə, daha dəqiq Keçəldağ deyilən ərazidədir!
Keçəldağ perlit yatağının ehtiyatları 4,5 mln.kub metrdir. İndi bir çoxunuz perlitin nə olduğunu təbii ki mənim kimi bilmirsiniz. Amma alimlərimiz deyir ki, Perlitin qeyri-adi şişmə xassəsinə görə bir çox sahələrdə, o cümlədən sənayedə, tikintidə, kənd təsərrüfatında geniş istifadə edilir.
Bitmir, bitmir sərvətlərimiz! Geologiya-mineralogiya elmləri namizədi, dosent Rəşid Fətəliyev Kəlbəcərin yeraltı sərvətləri ilə bağlı bir məqaləsində deyir ki, Əlvan daşlardan gözəl görünüşə malik oniks və nefritoid yataqlarını, bir neçə üzlük və tikinti daşı yatağını, Keşdək gil, Çəpli qum-çınqıl və nəhəng ehtiyatlara malik (11 mln. kub m.) Kilsəli mişar daşı yatağını misal göstərə bilərik.
Bu tikinti materialları yataqlarının ehtiyatları təkcə Kəlbəcərin deyil, bütün Qarabağın bərpa-quruculuq işləri üçün çox önəmli yerli xammal mənbəyidir.
Mənim fikrimcə, Kəlbəcər Azərbaycanın turizm mərkəzinə çevrilərsə, Azərbaycan büdcəsinə neft və qaz yataqlarının istismarından daha çox gəlir gətirər.
Bilirsiniz niyə belə düşünürəm? Deməli, Kəlbəcərdə qədim insan məskənləri mövcuddur. Bu ərazi hələ qədimlərdən insanların yaşaması üçün əlverişli ərazi olub. Elə alimlər də bildirir ki, "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir: Bu unikal təbiət möcüzəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.”
Yəni, sözümün canı odur ki, əgər burda qədim insan məskənləri olubsa, o zaman qalalar, qəsrlər, məbədlərin də olması təbiidir.Təsəvvür edin ki, burada son tunc ilk dəmir dövrünə aid abidələr mövcuddur.Misal üçün,Dovşanlı kəndində Dovşanlı nekropolu , Sırxavənd kənddə Balıqaya nekropolu ən qədim tariximizi təsdiq edən abidələrdir. Hələ Həsənriz, Vəng, Çərəkdar , Kolataq, Qocaqot, Dəstəgir, Qasapet kəndlərindəki məbədləri öz gözlərinizlə görsəniz mənim fikrimi təsdiqləyərsiniz.
Məşhur Xudavəng və Gəncəsər monastır - kompleksi Vəng kəndindədir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Bundan başqa Kəlbəcər ərazisində 50-yə yaxın qədim abidə və tikililər var ki, hər birinin tarixi bir maraqlı hekayədir. Yeri gəlmişkən, Kəlbəcər ərazisində 3500-dən artıq “Qaya təsvirləri” qeydə alınıb.
Yazımı burada bitirmək istəyirəm, amma bu o demək deyil ki, Kəlbəcər haqqında olan fikirlərim, təəsüratlarım, xatirələrim bitdi. Xeyir ! Kəlbəcər mənim məskən kimi də, axirət kimi də cənnətimdir.İndən sonra 100 il oturub Kəlbəcəri vəsf etsəm də yorulmaram, duyğularımı bitirə bilmərəm! Bax, indi bu sətirləri yazıram , gözlərimin qarşısında Kəlbəcərin hər küncü-bucağı canlanır, həyəcanlanıram, sevinirəm, gözlərim parlayır, ürəyim çırpınır. Sanki gənc qızam və sevgilim haqqında yazıram, sevgilimə olan sevgimdən yazıram. Eşqimi izhar edirəm…
Yadıma düşmüşkən bunu da deyim: Bir dəfə redaksiyamızda yazıçı Aqil Abbasın Kəlbəcərlə bağlı söhbətini dinlədim. O söhbətdən sonra anladım ki, mənim kimi Kəlbəcəri cənnət görənlər , onun cənnəti kimi həsrətini çəkənlər çox imiş. Tanınmış yazıçı dedi ki, hansısa bir mütəfəkkir İtaliyanın gözəlliklərini vəsv edirmiş:” Deyib ki, Allah bütün dünyanı insanlar üçün yaratdı, amma İtaliyanı özü üçün yaratdı. Yəni, xüsusi güc sərf edərək, xüsusi sevgi ilə... Amma mən deyirəm ki, Allah Azərbaycanı azərbaycanlılar üçün, Kəlbəcəri özü üçün yaratd ...”
Hə, mənim düşündüyümü çoxu düşünürmüş Cənnət və yaxud Kəlbəcər!
Əntiqə Rəşid