adalet.az header logo
  • Bakı -°C
28 Noyabr 2025 09:39
59
MARAQLI
A- A+

Amerikada bu insanlar niyə bomj həyatı yaşayırlar? 

Dünyanın ən zəngin ölkələrindən olan ABŞ-da bomjların sayı getdikcə artır. Qeyri-rəsmi statistikaya görə ölkədə 5 milyona yaxın evsiz-eşksiz, küçələrdə yaşayan sakin var. 

Evsizlərin sayı rekord həddə olduğundan, mətbuat Los-Anceles, Nyu-York, Çikaqo və San-Fransisko kimi şəhərləri “evsizlik epidemiyası yayılan bölgələr” adlandırır.

Küçələrdə gecələyən evsizlərin təxminən 30%-i uşaqlar və yeniyetmələr, qalan 70%-i isə qadınlar, kişilər və əlilliyi olan şəxslərdir.

Evsiz şəxslərin daha çox sürətlə artan kateqoriyası uşaqlı  analardır. Bu qadınlar əsasən, alkoqolik ərlərinin zorakılığından canlarını qurtarıb evdən qaçanlardı.  Doğrudur, ABŞ hökuməti onları sığınacaqlarla təmin edir, lakin sığınacaqlarda da vəziyyət elə ürəkaçan deyil. Sosial evlərdəki ciddi rejim azad həyat arzulayan insanlar üçün çox darıxıdırıcıdır. Beləliklə, təkbaşına ev kirayələyib övladına baxa bilməyən ana, pulsuzluqdan hansısa bələdiyyənin həyətində çadır quraraq yaşamağa üstünlük verir. 

Rəsmi hesabatlarda məmurlar evsizliyin artmasının üç səbəbini göstərirlər: ucuz mənzillərin olmaması, yoxsulluq və işsizlik. Əslində isə bu səbəblər müxtəlifdir. 

Məsələn, 50-ci illərdən başlayaraq, ABŞ hakimiyyəti ruhi-əsəb dispanserlərini maliyyələşdirməyi dayandırıb. Nəticədə, psixi xəstələrin əksəriyyəti küçələrə tökülüşdülər. Beləliklə də, şəxsi evi olmayan, qohumlarının imtina etdiyi ruhi xəstələrdən ibarət bomj koloniyaları yaranıb. 

Küçə sakinlərinin arasında veteranlar da az deyil. ABŞ Veteranlarla İş Departamenti əhalinin bu həssas təbəqəsini sosial mənzil və tibbi xidmətlərlə lazımi səviyyədə təmin edə bilmir. 

Bomj həyatı yaşayanlar arasında yetim, eləcə də valideynlərinin imtina etdiyi azyaşlılar da var. Narkomanlar, alkoqoliklər, həbsdən çıxan keçmiş cinayətkarlar da küçələrdə yaşayanlar sırasındadır. Bu cür şəxslərin mədəni kollektivdə çalışmaq, yaxşı maaşlı işə düzəlmək və ya mənzil kirayələmək şansı, demək olar ki, yoxdu.  

Ancaq ABŞ hakimiyyəti müxtəlif layihələrlə bu problemləri aradan qaldırmağa çalışır. Çünki dövlət hər evsiz, işsiz vətəndaşının yaşaması üçün ona aylıq sosial müavinətlər ödəməli olur.

Nümunə üçün deyək ki, Florida ştatının verdiyi hesabata görə hər bir evsiz şəxsə ildə təxminən 31.000 dollar xərclənib. Bu məbləğə küçədə yaşayan şəxsi sığınacağa gətirən polisə ödəniş, şəxsin sığınacaqda  saxlanması, xəstəxanaya yerləşdirilməsi və digər xərclər daxildir. Beş milyon evsiz şəxsin hər birinin saxlanması üçün adambaşına 31 min dolların ödənilməsi dövlət üçün həqiqətən böyük məsrəfdir. 

Ölkədə kimsəsizlərin müalicə alacağı və yaşayacağı komplekslərin tikilməsi barədə qanun layihəsi hazırlansa da nədənsə, qanunun qəbulu yubadılır. 

ABŞ hakimiyyəti fikirləşməkdə olsun, sizə xəbər verək ölkədə fəaliyyət göstərən özəl təşkilatlardan, QHT və fondlardan. 

Hökumətdən fərqli olaraq, ölkədəki QHT-lər bu sahədə xeyli təqdirəlayiq işlər görürlər. Yerli kapitalstlərin maliyyə yardımları hesabına formalaşan xeyriyyə fondları, cəmiyyətlər evsiz şəxslərə, həssas təbəqədən olan insanlara yardımlarını əsirgəmirlər. Bu məsələdə kilsələr xüsusi fəallıq göstərir. 

Ayrı-ayrı imkanlı şəxslər və özəl qurumlar tərəfindən   yaradılan sığınacaqlarda pulsuz gecələmək, duş almaq və yeməklə təmin olunmaq mümkündür. Kilsələr mütəmadi olaraq, bu imkansızlara pulsuz nahar yeməyi verir.  

Murad Köhnəqala