adalet.az header logo
  • Bakı -°C
01 Aprel 2026 20:44
115
SİYASƏT
A- A+

Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır

ABŞ/İsrail-İran müharibəsinin 3 həftəsi geridə qaldı. Bu müddət ərzində diqqət çəkən, xüsusilə üzərində durulacaq bir neçə məsələ var. Bunlardan birincisi — müharibənin ilk günlərindən də yazdığım kimi — müttəfiqlərin alternativ planlarının olmamasıdır. ABŞ və İsrail faktiki olaraq istədikləri nəticəni ala bilmədikləri üçün daha da aqressivləşirlər. İsrailin kəşfiyyat üstünlüyü (Mossad) və "cərrahi zərbələri" İranın siyasi-hərbi elitasına ağır zərbə vura bilsə də, bu, döyüş meydanındakı ümumi mənzərəni iflic etmir. Çünki İranın hərbi sistemi fərdlər üzərində deyil, avtonom mərkəzlər üzərində qurulub. Bir generalın və ya liderin itirilməsi bütöv bir cəbhənin çökməsi demək deyil. Müttəfiqlər dərmandan, sudan tutmuş, elektrik və atom obyektlərinə qədər hər istiqamətdəki müəssisələrə zərbələr endirirlər. Ancaq bu aqressivlik heç bir nəticə vermir. İran faktiki olaraq ABŞ/İsrail cütlüyünə qarşı necə döyüşəcəyini çox gözəl mənimsəyib. Ona görə də təcavüzə məruz qalsa belə, İran bu cütlükdən daha sakit, daha səbrli və stabil görünür. Haşiyədən kənara çıxım: ABŞ və İsrailin bütün rəsmi şəxslərinin mətbuat konfransları və verdiyi müsahibələr bir Abbas Ərəqçi etmir. Burada qətiyyən rəğbətdən söhbət gedə bilməz; sadəcə olaraq, Abbas Ərəqçi peşəkar diplomatın necə olduğunu bütün dünyaya nümayiş etdirir.

Bu müharibə göstərdi ki, böyük aviadaşıyıcılar yalnız qondarma dövlətlərə və ya hansısa terror təşkilatlarına qarşı yararlı ola bilər. ABŞ-nin Yaxın Şərqdəki hər iki aviadaşıyıcısı işə yaramadı. Böyük ehtimalla üçüncünü də göndərəcəklər və o da digərlərinin taleyini yaşayacaq.

Bundan əlavə, ABŞ və İsrail nə qədər müasir texnologiyaları ilə öyünsələr də, praktikada İran dron sahəsində və radioelektron mübarizədə daha effektivdir. Şübhəsiz ki, bunda İrana Rusiya-Ukrayna müharibəsi də ciddi yardımçı oldu. Faktiki olaraq İran Rusiya-Ukrayna müharibəsini dərindən incələyib; xüsusilə radarlardan yayınmaq, dron hücumları və buna paralel ballistik raketlərlə endirilən zərbələr, eyni zamanda müasir hava hücumundan müdafiə sistemlərindən yayınma yolları sahəsində özünü çox inkişaf etdirib. Rusiya-Ukrayna müharibəsinin birinci ilindən sonra ukraynalı mütəxəssislər də qeyd edirdilər ki, ruslar raketlərdə yeniliklər ediblər və onlar artıq əvvəlki trayektoriya ilə uçmurlar. Hər halda, "Patriot"u aldatmaq ruslar və iranlılar üçün o qədər də çətin deyil. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu prosesdə Rusiyanın "gözəgörünməz" dəstəyi də ciddi rol oynayır. Rusiyanın kəşfiyyat peyklərindən gələn koordinatların İranın raket dəqiqliyini artırması və bölgədəki rus REM sistemlərinin ABŞ-nin "ağıllı" sursatlarını kor etməsi müharibənin taleyini dəyişən gizli faktordur. ABŞ müdafiə sənayesi bundan sonrakı mərhələdə ya yeni HHM sistemləri üzərində işləməli, ya da mövcud sistemlərini təkmilləşdirmək xəttini seçməli olacaq.

Real döyüş vəziyyətinə baxdıqda, ABŞ/İsrail əvvəlki sürət və tempdə zərbələr endirə bilmir. Burada söhbət təkcə resursun tükənməsindən yox, həm də məsafənin uzaqlığından gedir. Müharibələrdə logistika son dərəcə önəmli faktordur. İranın da tempi aşağı saldığı görünür, ancaq burada bir neçə mühüm amil var. Birincisi, İran rahatlıqla İsraili vura bilir. Yəni müharibənin ilk günlərində İraq, Suriya və İordaniya üzərində İran raketləri və dronları vurulurdusa, artıq bu hala rast gəlinmir. İran faktiki olaraq birinci eşalonu darmadağın edib. Hətta İordaniya ilə İsrail arasında siyasi gərginliyin yaşandığı da Qərb mediasında yazılır. Əlavə olaraq qeyd edim ki, İran faktiki olaraq İraqı müstəqilləşdirir. İraq ərazisində, demək olar ki, yalnız ABŞ-yə məxsus hərbi bazalar qalıb ki, onlar da daim zərbələr altındadır. Onların orada uzun müddət qala biləcəyi inandırıcı deyil.

Gələk Körfəz ölkələrinə. İran Körfəz ölkələrinə zərbələr endirməsəydi, düşünürəm ki, müharibənin ikinci həftəsində ya təslim olar, ya da ağır şərtlərlə sülhə razılaşardı. İran Körfəz ölkələrini vurmaqla təkcə coğrafiyanı genişləndirmədi, həm də düşmən qüvvələrini parçaladı. Misal üçün, İrana qarşı quru əməliyyatları keçirilərsə, Küveytə qarşı İraqdakı İrana bağlı qüvvələr hücuma keçə bilər. Bundan əlavə, Bəhreyn də eyni təhlükə ilə üz-üzə qala bilər. Husilər məsələsi isə başlı-başına bir bəladır. Niyə? Çünki Hörmüz boğazını açmaq üçün heç bir addım ata bilməyən ABŞ, Bab əl-Məndəb boğazının bağlanması problemi ilə üzləşə bilər. Husilərin əlində gəmi əleyhinə raketlərin və dronların olması barədə məlumatlar var. Faktiki olaraq İran müharibəni elə bir həddə çatdırıb və şaxələndirib ki, artıq bu müharibədə vacib olmayan istiqamət qalmayıb. Görünən odur ki, planlama zamanı diqqətə alınmayan çoxlu sayda faktor olub.

Bəzən mətbuatda bizə təqdim olunur ki, İran ordusunda mərkəzi idarəetmə itib. Əslində bu, ABŞ və NATO-nun illərdir nəzəriyyədə qalan bir yanaşması idi. Ancaq İran ordusu bunu praktikaya keçirərək, faktiki olaraq 7 istiqamətdə müstəqil komandanlıq kimi döyüş aparır. Bu modeldə hər bir ordu və ya korpus öz daxili resursları, avtonom logistikası və yeraltı anbarları ilə aylarla müstəqil döyüşmək qabiliyyətinə malikdir. Mərkəzi komandanlıq sıradan çıxsa belə, bu "Mozaik Müdafiə" sistemi sayəsində hər bir bölmə sərbəst qərarlar qəbul edərək müqaviməti davam etdirir. Bu, düşmən üçün "min kəsiklə ölüm" strategiyasıdır; mərkəzi vurub müharibəni bitirmək mümkün olmur. Hesab edirəm ki, Azərbaycanın da dərs çıxarmalı olduğu ən önəmli hərbi amillərdən biri məhz budur.

İrana qarşı quru əməliyyatlarının keçirilməsinə gəldikdə isə, bu, o qədər də asan və bəsit deyil. Söhbət təkcə İran ordusunun buna hazır olmasından getmir. ABŞ-nin Yaxın Şərqdə 50-55 min civarında qoşunu var, lakin bu qüvvələr fərqli bazalardadır və hamısı döyüşə hazır vəziyyətdə deyil. Yəni quru əməliyyatı üçün ABŞ regiona on minlərlə əlavə qoşun cəmləşdirməlidir. Bu isə qısa zamanda baş tuta bilməz. Adi bir nümunə götürək: Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatında qoşunların cəmləşməsi və ordunun tam hazır vəziyyətə gətirilməsi təxminən bir ay vaxt apardı. Ola bilsin deyənlər olacaq ki, "o Azərbaycan ordusudur, bu isə ABŞ". Fərqi yoxdur; quru qoşunlarının cəmləşməsi üçün ciddi vaxt lazımdır. Hazırda regiona gələ biləcək ən çevik qüvvə kimi ABŞ ordusunun 82-ci hava-desant diviziyası göstərilir. Bu diviziyanın şəxsi heyəti təxminən 18 min nəfərdir və yalnız bir briqadasının (2000-3000 nəfər) daim döyüşə hazır olduğu deyilir. ABŞ-yə ciddi vaxt lazımdır. İran atəşkəsə getməyəcək, çünki fərqindədir ki, atəşkəs prosesin bitməsi yox, növbəti mərhələnin başlanğıcı olacaq. Ona görə də İran atəşkəs yox, konkret şərtlərlə çıxış edir. Quru qoşunları hazır olana qədər müharibənin davam etdirilməsi üçün ABŞ və İsrailin resursunun çatıb-çatmayacağını proqnozlaşdırmaq isə asan deyil.

Rusiya-Ukrayna müharibəsi ilə avropalılar hər şeyi tam anlamamışdı, ancaq hazırkı müharibə onlara göstərdi ki, bu qarşıdurmalar onlara zərərdən başqa heç nə vermir. Ona görə də bir çox ölkə ABŞ ilə münasibətləri kəskinləşdirməkdən çəkinmir. Böyük ehtimalla bu müharibədən sonra Avropa öz təhlükəsizliyini təmin etmək üçün daha sürətli addımlar atacaq.

Bu şərtlərlə bitəcək müharibə nəinki Körfəzdə və Yaxın Şərqdə, elə bizim regionda da çox şeyi kökündən dəyişəcək...