Ana obrazları ilə sevilən aktrisa - Əntiqə Kərimzadə yazır…
Doğru deyiblər xarakter insanın cizgilərinə yansıyır. Mülayim xasiyyətli adamın cizgiləri mütləq ki, daha kövrək, daha zərif olur. Necə deyərlər, məlul baxışları göz oxşayır. Bu insanlar sırasında tanınmış teatr və kino aktrisası Elmira Şabanova da yer alır.
O, 1940-cı il noyabrın 1-də Bakıda ziyalı ailəsində anadan olub. Onun ziyalı ailəsində doğulmağı, əlbəttə, həyatın bütün anlarında aktrisanın taleyində özünü biruzə verib.
E.Şabanova orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olub. Aldığı biliklə kifayətlənməyən aktrisa 1969-cu ildə isə həmin institutun rejissorluq fakültəsini bitirib. Sözsüz ki, aldığı təhsil olun kino və teatr fəaliyyətində özünü göstərir
Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub. E.Şabanova 2 filmə çəkildikdən sonra həyat yoldaşı aktrisaya filmlərdə çəkilməyi qadağan edib. Bu qadağalara rəğmən, aktrisa yenidən kinoya qayıdır və xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradır.
Müsahibələrinin birində atası və həyat yoldaşının qadağalarına etiraz edə bilmədiyinə görə çox ağladığını deyirdi.

Bir zaman gəlir ki, Elmira Şabanova təhsil aldığı ali məktəbdə müəllim kimi fəaliyyət göstərir. O, 1962–1997-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim və dosent kimi çalışır.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan aktrisa 1977-ci ildən etibarən yenidən kino sənətinə qayıdıb. Aktrisa səhnənin onun üçün önəmli məkan və müqəddəs yer olduğunu dəfələrlə müsahibələrində qeyd edib.
O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 30-a yaxın bədii filmdə çəkilib. Aktrisa “Qəm pəncərəsi” filmində Həmidə xanım, “Təhminə”də Aliyə, “Fəryad”da İsmayılın anası, “Ötən ilin son gecəsi”ndə Həmidə və digər yaddaqalan obrazları canlandırıb.
Elmira Şabanova Azərbaycan kino sənətində əsasən ana obrazları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun yaratdığı obrazlar səmimiliyi və təbiiliyi ilə seçilir. Daha çox həlim xasiyyətli ana rollarını canlandıran aktrisa, eyni zamanda ağıllı davranışları ilə həmişə tamaşaçıların diqqətini çəkib.
Ömrünü bu sənətə həsr edən aktrisa tamaşaçıların diqqəti ilə yanaşı, dövlətin də qayğısını görüb. Belə ki, o, 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
2003-cü ildə Prezident mükafatına layiq görülüb.
Aktrisa teatrdakı fəaliyyətindən çox, kinoda yaratdığı obrazları ilə yadda qalıb. Məhz buna görə demək olar ki, Elmira Şabanova daha çox kino aktrisasıdır. Ancaq teatrdakı fəaliyyəti də danılmazdır.
Xalq artisti Elmira Şabanova Azərbaycan teatr və kino sənətinin inkişafına verdiyi töhfələrlə tamaşaçıların yaddaşında qalıb.
Digər Xəbərlər
03 Noyabr 2026 22:21
Leyla Əliyeva sərgidə - VİDEO
03 Noyabr 2026 18:00
Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu – “Azərbaycan Zəfər Şarkısı”na videoçarx hazırlandı
03 Noyabr 2026 11:51
Leyla Əliyeva Rusiyanın Xalq artisti ilə görüşdü
31 Oktyabr 2026 13:04


Bakı -°C

