06 Dekabr 2023 10:59
1520
MƏDƏNİYYƏT

“Aparıcı uğurlarımızı qoyub, mənə öz səviyyəsinə uyğun suallar verir...”

“Mən efiröncəsi aparıcını başa saldım və dedim ki, Zaur, çalış məni kiminləsə dəyişik salma, sualı ünvanlı şəkildə kimə uyğundu ona ver. Hələ verilişöncəsi mənə deyir ki, “Rəhman müəllim, sizə şou-biznesdən sual verəcəm, siz də istədiyiniz kimi danışarsınız”. Dedim ki, Zaur, mən sənə nə təklif edirəm, sən isə mənə nə deyirsən. Mən şou-biznes deyiləm, şou göstərmirəm, məmləkətimdə sənətimlə özümü göstərirəm, sənətimlə gündəmdəyəm, şoumen deyiləm. Ona görə şou-biznes siyahısında yoxam, bunu yoxlatdırmışam”

Bunu Adalet.az-a açıqlamasında məşhur gitara ifaçısı Rəhman Məmmədli deyib. R.Məmmədli ATV-də yayımlanan “Rəmgarəng səhər” verilişdə aparıcı Zaur Nəbioğlunun sualından sonra efiri tərk etməsinin səbəblərindən danışıb:

“O mövzunun çox üstünə getmək istəmədim. Rəmişi Allah rəhmət eləsin, o, sağ olanda hara gedirdimsə, başlayırdılar mənə Rəmişdən sual verməyə. Sonra Rəmiş xəstələndi və yenə başladılar məndən soruşmağa. Rəmiş dünyasını dəyişdi, yenə Allah rəhmət eləsin, ölənə rəhmət deyərlər, indi bir də başlayırlar Rəmişdən sual verməyə. Bəsdirin qardaş, siz niyə məni görəndə ancaq Rəmiş yadınıza düşür? Bu ancaq Rəhman üçündür? Mən həyatda Rəmişin vəkili, qardaşı olmuşam? Rəmiş sənətkar olub, ilk dəfə Azərbaycanda hələ heç kim yoxkən bu sənətin banisi olub və bir fenomen də yaradıb. Bu Rəmiş mövzusun mənim həyatımdan silin, yığışdırın, yerət artıq. Başqa insan yoxdur ki, Rəmiş haqda danışsın? Niyə mənə Həsənağa Sadıqov haqqında sual vermirsiniz? Yüz ildən bir dünyaya gələsi sənətkar olub, niyə ondan danışmırsınız? Ancaq tutmusunuz ki, Rəmiş-Rəmiş. Allah o insana rəhmət eləsin. 

Qaldı ki, Zaurun hərəkətlərinə mən bir tamaşaçı olaraq evdə olanda da ondan yığmışdım. Mən onun musiqiçilərə, çağırdığı qonaqlara mədəniyyətsiz davranışına görə ondan yığmışdım. Bəlkə də o verilişə getməyimin 20-30 faizi bir az da ona görəydi ki, onu başa salıb. Ancaq onu başa salmağım məni bir az əsəbilşdirdi. Mən o verilişi tərk edəndə danışıqlarımın üç dəqiqəsini kəsiblər. Bəs niyə belə ediblər? Şükür Allaha tərbiyəm, efir mədəniyyətim yerində, ağzımdan bir nalayiq söz çıxarmamışam, təhqir etməmişəm. Bəs niyə danışığımı kəsiblər? Bu iki aparıcı bir-birilərinin ağzına söz ata-ata veriliş aparır və mən də əsəbiləşib efirdən getdim”. 

R.Məmmədli bir neçə gün öncə Avropada möhtəşəm konsert verdiklərini bildirib və bu haqda verilişdə danışmaq istədiyini deyib:

“Bizim on beş gün öncə çox möhtəşəm bir uğurlarımız oldu. Avropanın üç şəhərində konsert verdik və bir şəhərində də dünya şöhrətli menecer-prodüser məni dünya festivalına dəvət etdi. Mən bu uğurlarımdan danışıram və sən aparıcı isə səviyyənə uyğun suallar ünvanlayırsan. Sonra soruşur ki, “nə qədər qonarar aldınız?” Bax bu sənin ay Zaur, səviyyənə uyğun verdiyin sualdır. Mən uğurlarımızdan danışıram, amma  sən məndən başqa şey soruşursan. Çünki sizə sənət nümayişi lazım deyil. Mənim üçün maraqlıdır ki, ATV-nin rəhbərliyi öz otağında oturub bu verilişləri izləmir? Görmür ki, aparıcıları özlərini efirdə necə aparır, gələn qonaqlarla necə davranır? Bəs niyə bu məsələlərə bir əncam çəkmirlər? Bəlkə elə bunu bilərkdən edirlər, bu isə yolverilməzdir. Bu cür təbliğat aparmaq olmaz, televiziya aynadır, milyonların güzgüsüdür, hər kəs ordan nəyisə öyrənmək istəyir”. 

R.Məmmədli televiziyada əksər aparıcıların özlərini apara bilmədiyini deyib:

“Son zamanlar aparıcılar özlərini yaxşı aparmırlar və bütün millət onlara nifrət dolu şərhlər yazırlar. Belə aparıcılıq olmaz, sən get özünə sənət tap. Bu çatışmazlıqlar ona görə yaranır ki, çünki bu gün heç kim yerində deyil. Arzum budur ki, aparıcılar professionallardan ibarət bir komanda olsun. Yoxsa, belə yox, iki-üç kəlmə sözü deyə bilən adam o demək deyil ki, gəlib aparıcılıq eləsin. Aparıcılıq elə belə sənət deyil. Sənə milyonlar baxır. Milyonların rəğbətini də qazana bilərsən, sənin kimi milyonların nifrətini də qazana bilərsən”-deyə Rəhman Məmmədli bildirib. 

Vasif Əlihüseyn