adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Fevral 2023 10:45
223
SİYASƏT

Aparılan dövlət siyasəti gəncliyin vətənpərvər ruhda formalaşmasına səbəb olub  

Artıq 26 ildir ki, Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla Azərbaycan Gəncləri Günü təsis edildi. Xatırladım ki,  Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub. Bu gün gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çoxsaylı proqramlar həyata keçirilir. Gənclər Fondunun yaradılması və həyata keçirilən digər işlərin qayəsində məhz Azərbaycan gəncliyinin inkişafına töhfə vermək durub.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bununla da Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunmasına zəmin yaradıb. Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər mədəniyyət, incəsənət, elm və idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Məhz cənab prezidentin apardığı düzgün siyasət və uğurlu gələcəyə hesablanmış addımlar sayəsində Azərbaycan gəncliyi hər bir sahədə öz sözünü deyib. Xüsusilə də, 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında cənab prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gəncliyin xüsusi rolu oldu.

Məhz gənclər 30 illik işğala son qoyaraq bizi illərdir həsrətində olduğumuz Qarabağa qovuşdurdu. Qanları və canları ilə tarix yazan Azərbaycan gəncliyi öz gücü hesabına düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi.
 
Bu gün əminliklə deyə bilərik ki, gələcəyimiz əmin əllərdədir. Bundan Azərbaycan gəncləri onlara olan inam və etibarı layiqincə doğruldacaqlar

Mətanət Səfərli,

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı